Politoloq: “İşğaldakı 5 rayonun qaytarılması mümkünsüz görünür” - Müsahibə
Tarix: 20-01-2018 12:48 | Bölmə: Müsahibə
Politoloq: “İşğaldakı 5 rayonun qaytarılması mümkünsüz görünür”

Mütəllim Rəhimli: “Nə Qərb, nə ABŞ, nə də rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil”


Son günlər Ermənistanda vəziyyət gərginləşib. Daxili siyasi gərginliklə bağlı müxtəlif fikirlər səslənir.

Hazırki prezident Serj Sarkisyanın iqtidardan gedəcəyi, hakimiyyətin dəyişəcəyi ilə bağlı da iddialar səslənir. Amma hələlik bu istiqamətdə mühüm gedişlər hiss olunmur.

Təbii ki, düşmən ölkədə mühüm siyasi dəyişikliyin Azərbaycana hansı formada təsiri də müzakirə mövzusu ola bilər.

Bu və ya digər məslələrlə bağlı Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli “Reytinq” qəzetinə müsahibə verib.

Reyting.az saytı həmin müsahibəni təqdim edir:

- Düşmənə qalib gəlmək istəyirsənsə, onun haqqında doğru-dürüst informasiyan olmalı və ən başlıcası, həmin informasiyaları təhlil etməyi bacarmalısan.

Siyasi baxımdan azadlıqların mövcud olduğu ölkələrdə müxalifət düşərgəsi daimi hakimiyyətdən narazı olanların fikirlərini bu və ya digər formada ifadə etməyə çalışır. Bunların kütləvi aksiyalar keçirməsi xüsusi yerlərdən birini tutur. Aksiyaların keçirilməsi daxili siyasi gərginlikdən xəbər versə də, bu, barışmazlıq demək deyil. Əksinə, bir çox hallarda inkişafın sinonimi kimi çıxış edir.

Həm də nəzərə almaq lazımdır ki, müxalifətin güclü olması hakimiyyəti daha məsuliyyətli olmağa, qeyri-qanuni hərəkətlərdən çəkinməyə, korrupsiya və rüşvətxorluqdan imtinaya məcbur edir.

- Daxili siyasi gərginliyi arxa plana keçirmək üçün Qarabağ cəbhəsində təxribat törədib vəziyyəti gərginləşdirə bilərlərmi?

- Ermənistanda kifayət qədər demokratik təsisatlar mövcud olmadığından, iqtidar hakimiyyətini saxlamaq üçün ən müxtəlif qeyri-etik, qeyri-əxlaqi və siyasi olmayan addımlar ata bilər. Demokratik ölkələrdə isə hakimiyyət xalqın tələbini qarşılamağa çalışır, bunu edə bilmədikdə istefaya gedir. Ermənistanda isə Sarkisyan iqtidarının könüllü şəkildə istefaya gedəcəyi inandırıcı deyil.

Ermənistandakı daxili gərginlik iki sonluqla nəticələnə bilər:

Birincisi, cəmiyyətdə olan gərginlik zaman-zaman kütləvi aksiyaların təşkili ilə yumşaldılır. Bu, Ermənistandakı indiki siyasi kursun saxlanılmasına xidmət edə bilər.

İkincisi, gərginliklərin idarə edilməsi ilə müxalif düşərgə ictimai etimadsızlığa uğradıla bilər ki, bu da Sarkisyan hakimiyyətinin xeyirinədir.

Düşünürəm ki, Ermənistanın indiki hakimiyyətinin seçdiyi kurs regionda maraqlı olan siyasi nəhənglərin maraqlarını ifadə edir. Ona görə də Sarkisyan ölkə qanunvericiliynə uyğun olaraq dəyişsə də, mövcud idarəetmə forması saxlanılacaq.

- Ümumiyyətlə, Ermənistanda müxalifətin güclənərək Sarkisyan hakimiyyətini əvəzləməsi mümkün görünürmü? Yaxud Ermənistanda hakimiyyət dəyişikliyinin Azərbaycana hansı formada müsbət təsiri ola bilər?


- Ermənistanda demokratik bir rejimin qurulacağı və beləliklə, onun Azərbaycanın işğal edilmiş torpaqlarını boşaldacağı ilə bağlı fikirlər illuziyadan başqa bir şey deyil. Düşünürəm ki, bu, işğal altında olan ərazilərimizin üzərində Ermənistanın təsirinin daha da artmasına xidmət edə bilər. Ona görə də, korrupsiyalaşmış, müəyyən qədər xalqdan uzaq düşən, rüşvətxor və ictimai etibarı yetərli qədər olmayan bir hakimiyyətin öhdəsindən gəlmək daha asan olar. Belə hakimiyyətin müəyyən mərhələdən sonra həm daxili, həm də beynəlxalq dəstəyi kəsilər. Bunu nəzərə alaraq Azərbaycan iqtidarı məhz indiki dönəmdə işğal altındakı torpaqlarını azad etməyə çalışmalıdır.

Bizim üçün Sarkisyan iqtidarı Ermənistanda ən əlverişli hakimiyyətdir. Sadəcə, bunu dəyərləndirməliyik.

- Lavrovun son Qarabağ açıqlaması barədə nə deyə bilərsiz? Sizcə, o, “münaqişənin həlli tərəflərdən asılıdır”,- deməklə hansı mesajı verib?

- Nə Qərb, nə ABŞ, nə də rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Onların qarşısında problem həll edildikdən sonra regionun gələcək inkişafı ilə bağlı çoxsaylı cavabsız suallar durur. Ona görə də, qeyri-müəyyən bir situasiyanın formalaşması onların maraqlarında ola bilməz.

Həm də nəzərə almaq lazımdır ki, bu münaqişədən əziyyət çəkən tərəf Azərbaycandır. Ölkəmiz suverenlik problemi yaşayır. Kənd təsərrüfatı üçün olduqca yararlı, təbii sərvətlərlə zəngin, əsrarəngiz təbiəti ilə turizmin inkişafına xidmət edə biləcək 20 faiz ərazimiz işğal altında olduğundan ondan bəhrələnə bilmirik. Bunun isə hər keçən gün iqtisadiyyatımıza nə qədər zərər vurduğu bəllidir.

Üstəlik, ən pisi odur ki, əhali psixoloji olaraq sarsıntı və gərginlik içərisində yaşayır. Bir çox insanlar doğma torpaqlarının həsrətinə tab gətirə bilmir və dünyasını vaxtsız dəyişir.

Rusiyanın xarici işlər nazirinin açıqlamasına gəlincə, bu, mövcud situasiyadan qaynaqlanır. Hansı ki, bu situasiya Azərbaycanın xeyirinə deyil və biz, faktiki olaraq məğlub durumdayıq.

Təbii ki, Rusiya Qarabağ münaqişəsində bizim xeyirimizə olan durum yaratmayacaq və buna borclu da deyil, öhdəlik də götürməyib. İndiki vəziyyətdə isə Azərbaycan və Ermənistan bu ölkənin silah bazarında əsas alıcılardan sayılır ki, Rusiya bundan kifayət qədər valyuta qazanır.

- Bu arada yenə də Moskvanın yeni təklifi var: "5 rayon qaytarılır" - kimi məsələ yenidən gündəmə gəlib. Sizcə, bu variantların gündəmə gətirilməsində məqsəd nədir?

- Dağlıq Qarabağ ətrafında yerləşən və Ermənistanın işğalı altında olan 5 rayonun Azərbaycana qaytarılması fikirləri inandırıcı deyil. Ermənistanın bu rayonlardan çəkilməsini şərtləndirən hər hansı bir nüansı müşahidə etmək mümkünsüzdür. Eyni zamanda, 5 rayonun qaytarılması məsələsinin problemin ümumi həllindən ayrı təqdim edilməsi də düzgün deyil və onun qeyri-ciddiliyindən xəbər verir.

Bu rayonların qaytarılması problemin həllində ilk addımdır. Bəs sonrakı addımlar nədən ibarət olacaq? Bax, əsas məsələ budur.

Ermənistan bu rayonların geri qaytarılmasına o zaman razılaşa bilər ki, əvəzində nəsə əldə etsin. Bunun əvəzində Dağlıq Qarabağ qalır. Biz isə, bununla heç vaxt razılaşa bilmərik. Ümumiyyətlə, ərazi məsələsində güzəşt danışıqlar prosesinin predmeti ola bilməz.

Göründüyü kimi, məsələ heç də, o qədər sadə deyil və 5 rayonun qaytarılması da kifayət qədər mümkünsüz görünür.

- Başqa bir məqama toxunaq. Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər. Bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır",- adlı məqaləsində qeyd edib. Sizcə, təhlükə bu həddədirmi?

- Təəssüf ki, biz, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ürəyimizin səsinə, ağlımızın gücünə və ordumuzun qüdrətinə deyil, xarici ekspertlərin, daha doğrusu, sosial idarəçilərin açıqlamalarına inanırıq. Dağlıq Qarabağ probleminin mövcud vəziyyəti faktiki olaraq Azərbaycan üçün olduqca böyük fəlakətdir və bizim üçün bundan daha da pisini düşünmək mümkün deyil. Əgər bu problem ətrafında yeni müharibə regiona əlavə gərginlik yaradacaqsa və yeni fəlakətlər gətircəksə, qoy gətirsin. Bunun bizim ölkəyə indikindən artıq heç bir mənfi təsiri ola bilməz. Bu, yalnız regionu münaqişələr vasitəsilə idarə etməyə çalışan qüvvələrin maraqlarına zərbə vura bilər. Üstəlik, onların maraqlarının regional təmsilçiləri zərər görər. Ona görə də, Azərbaycan münaqişənin yenidən alovlanmasından narahat ola bilməz.

Biz, 20 faiz torpaqlarımızı itirmişik və ərazi bütövlüyümüzü təmin etməliyik. Əgər kimlərsə münaqişənin yenidən başlamasından narahatdırsa, Ermənistana təsir göstərsin ki, işğal etdiyin əraziləri boşalt. Eyni zamanda işğalçı dövləti BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur eləsinlər.

Düşünürəm ki, bu cür açıqlamalar və çağırışlar düşmən ölkənin maraqlarına xidmət edir və Ermənistanı müdafiə təəssübkeşliyindən qaynaqlanır. Yəni, bəzi beynəlxalq qüvvələrin əsas hədəflərdən biri də Azərbaycan hakimiyyətinə və cəmiyyətinə qorxu aşılamaq, torpaqlarımızın azad edilməsi istiqamətində indikindən fərqli addımlar atılmasının qarşısını almağa hesablanıb.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər