Asan yol
Tarix: 09-02-2016 14:25 | Bölmə: Mətanət ƏLİYEVA

 
 

Bizim ən böyük düşmənimiz neft imiş. Neft azalandan, qiyməti düşəndən sonra məmurlar ölkə iqtisadiyyatını qaldırmaq, sahibkarlara kömək etmək, iş yerləri açmaq və sair haqqında ağıllı fikirlər söyləməyə başlayıblar.

Həm də sual verməyə başlayıblar ki, niyə 60-a yaxın rayondan yalnız 5-i özünü dolandırır, qalan rayonlar Bakıdan pul gözləyir?

Bu sualın cavabı qara camaatı da düşündürür. Qara camaat yerli icra hakimiyyətlərinin işini belə qiymətləndirir: "Ayın sonunda icra başçıları rayondakı bütün idarələrdən topladığı pulu götürüb təcili Bakıya çatdırır və bunu özünün əsas işi sayır”.

Rayonların daxilində son 20 ildə görülən əsas iş ondan ibarət olub ki, bütün rayonlarda Heydər Əliyev parkı, Heydər Əliyev muzeyi tikilib, Heydər Əliyev adına küçə ildə iki dəfə sökülüb, yenidən tikilib. Digər küçələrə icra başçılarının ayağı da dəyməyib.

İş yerlərinin açılmasına gəlincə, rayon rəhbərliyi səviyyəsində sahibkarlara yalnız maneələr törədilib.

Bunları yada salıb qanımızı qaraltmağa dəyməz. Onsuz da keçmişi geri qaytarmaq mümkün deyil. Təki bundan sonra düzgün siyasət aparılsın, Prezidentin dedikləri həyata keçsin.

Bəzən deyirik  ki, bizim xalq tənbəldir, işləməyi sevmir. Digər tərəfdən də adam özünə sual verir ki, sovet vaxtı gündə 120-130 kiloqram pambıq yığan bizim qadınlar deyildimi? İldə 4 metrlik bir xalça toxuyan bizim qadınlar deyildimi? 10 uşaq böyüdən, qaynana-qaynata qulluğunda duran,  mal-heyvana baxan, bağ-bostanda işləyən bizim qadınlar deyildimi? Son 20 ildə zəhmətkeş qadınlara qiymət verilmirdi, televiziyalar oğru məmurların saxladıqları tüfeyli qadınların villalarını, maşınlarını reklam edirdilər. Son günlər siyasət dəyişib, televiziyalar zəhmətkeşləri təbliğ etməyə başlayıblar. Belə şeyləri görəndə insanın əhvalı yüksəlir.

Mən əli qabarlı qadın görəndə elə bil sənət əsərinə baxıram, gözlərim dolur. Zəhmətkeş insan eqoist, ziyankar ola bilməz, heç kimdən asılı olmadığı üçün şəxsiyyət kimi formalaşar. Zəhmətkeş insanları sevdiyim qədər başqasının hesabına qudurğanlıq edənlərə dərin nifrətim var.

Hesab edək ki, 2016-cı il ölkəmizdə dönüş ili olacaq. İnsanlara zəhmətlərinə görə qiymət veriləcək, firavan yaşamağın yeganə yolu zəhmət olacaq, Prezidentin yerli istehsalı qaldırmaq, iş yerləri açmaq haqqında dedikləri söz olaraq qalmayacaq. Hələ ki, bunlar söz olaraq qalır, rayonlarda əməlli işə keçmək üçün bir addım da atılmayıb. Yaqin ilk addım o olacaq ki, ayın axırında icra başçıları diplomatı pulla doldurub Bakıya qaçmayacaqlar və başqa işlər barədə düşünəcəklər. Bunun üçün bəzi adamlar şəxsi maraqlarından keçməli olacaqlar. 

Taleyimiz öz əlimizdə olsa da, dünyada gedən proseslərin də həyatımıza təsiri var. Qərblə Rusiya arasında gedən "soyuq müharibə”də düzgün mövqe tutmamağımız indiyə qədər torpaqlarımızın işğal altında qalmasına səbəb olub. Aktiv siyasətçilərimiz Qərbi dəstəkləməkdə davam edirlər. Qərbin işğal etdiyi müsəlman ölkələrindən olan qaçqınların çoxalması isə Rusiyanın xeyrinə işləyir. Müsəlman qaçqınlar avropalıları öz ölkələrində sıxışdırmağa başlayıblar, bundan narazı qalan avropalılar seçkilərdə fərqli siyasət aparan liderləri dəstəkləməyə üstünlük verməyə məcburdurlar.

Rusiyanın əsas gücü nə onun təbii resurslarının çox olmasında, nə də güclü silahlarının, güclü beyinlərinin olmasında deyil. Rusiyanın əsas gücü rus xalqının vətənpərvərliyindədir.

Bakı milyonçusu Şəmsi Əsədullayevin Fransada mühacir həyatı yaşayan nəvəsi Banin " Paris günləri” əsərində yazır ki, faşistlər Rusiyanı işğal etmək ərəfəsində olanda Fransadakı rus aristokratlarında vətənpərvərlik hissi baş qaldırdı, onlar Rusiyanı işğaldan qorumaq üçün Fransa Müqavimət Hərəkatına qoşuldular.

Güclü siyasətçi odur ki, gələcəyi görür, düzgün proqnoz verir və düzgün mövqe tutur. Bu baxımdan, bizim siyasətcilər yanlış mövqe tutdular. Bu ya onların cahilliyindən irəli gəlirdi, ya da onlar, sadəcə olaraq qısa bir vaxtda varlanmaq üçün xalqın faciəsinə yönələn siyasi xətti seçdilər. Siyasilərimiz uduzdular və bu bizə baha başa gəldi, torpağımızın 4-/1 işğal olundu, bir milyon əhali qaçqın-köçkün həyatı yaşadı, iqtisadiyyatımız dağıldı. Əvəzində 5-10 adam milyarder oldu. Onların sonrakı taleyinin necə olacağı da məlum məsələdir.

Qərbi dəstəkləyən siyaslərimiz yaxşı ki, uduzdular. Qərb Suriyada ilişib qalmasaydı, indi Azərbaycan İraqın, Suriyanın günündə idi. 

Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Bizim ölkədə hələ də yetimlərin, şikəstlərin malını oğurlayır, dövlətin verdiyi imtiyazları onlara rüşvət müqabilində satırlar. Məsələn, şikəstlərə müavinət almaq üçün tibbi arayış verəndə onlardan rüşvət istəyirlər. Hacıqabuldan mənə zəng edib dedilər ki, 30 nəfərə qədər əlil müavinət almaq üçün yenidən tibbi müayinədən keçməlidir. Üç aydır onları yubadırlar ki, komissiya işləyir. Əlillər üç aydır müavinət ala bilmir. Onlara bildiriblər ki, ötən üç ayın pulu verilməyəcək. Mən bilmədim bu adamlara necə kömək edim. Dedim ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Qaynar xətt”inə zəng edin. Qəribədir ki, bütün ölkə bu qurumdakı rüşvətxorluqdan xəbərdardır, görəsən, adıçəkilən idarənin rəisi Kamran Əliyevin bundan xəbəri yoxdur? 

Bir nəfər məndən xahiş etdi yazım  ki, əlillərə müavinət almaq üçün sənədi "ASAN xidmət” versin. Bu isə o deməkdir ki, insanlar "ASAN xidmət”-ə inanır. 



Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

{sape_links}{sape_article}