Sorosun ittihamı
Tarix: 09-10-2016 17:57 | Bölmə: Xəqani CƏFƏRLİ


Dünyanın ən nüfuzlu simalarından biri, məşhur maliyyəçi və sərmayəçi Çorc Soros dünya ictimaiyyətinə və rus xalqına müraciət edib. Amerikalı milyader Rusiyanın Hələbi bombalamasını hərbi cinayət adlandırıb və bəşəriyyəti bu cinayət qarşısında səssiz qalmamağa səsləyib.

Soros hesab edir ki, dünya ictimaiyyətinin, xüsusilə də rus xalqının Hələbin borbadıman edilməsinə etiraz səsini ucaltması Putinin insanlıq əleyhinə cinayətinə son qoya bilər.

Bir zamanlar Yaxın Şərqin ən inkişaf etmiş şəhərlərindən biri və Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələb indi xarabalığa çevrilib. Müharibədən əvvəl 2.5 milyon insanın yaşadığı qədim Hələb şəhərində indi 300 minə yaxın insan qalıb. Mühasirədə olan Hələb indi Rusiya və Suriyanın hərbi hava qüvvələri tərəfindən bombalanır. Hələbdə su, ərzaq və dərman qurtarıb. Suriyanın insan haqları fəalları Rusiya vəSuriya hərbi təyyarələrinin mülkü obyektləri, o cümlədən də xəstəxanaları hədəfə almaları haqqında həyəcan təbili çalırlar. Hətta BMT-nin Hələbə göndərdiyi humanitar karvan da məhv edilib. Qərb dövlətləri bu cinayətin məsuliyyətinin Rusiyanın üzərində olduğunu bildirirlər.

Rusiya Xarici İşlər Nazirliyi isə Sovet İttifaqının Mister Net ləqəbli xarici işlər naziri Andrey Qromıko kimi hər şeyi inkar edir. Nazirlik hər kəsin bildiyi həqiqətləri danır. Bu isə dünya ictimaiyyətində daha çox hiddət doğurur. Hətta iş o yerə çatıb ki, son günlərə kimi Putinlə bir-birinə tərif deyən kəmağıl Tramp da Rusiyanı tənqid etməyə başlayıb.

Rusiya diktaroru isə nəyin bahasına olursa-olsun Hələbi Əsəd qüvvələrinin nəzarətinə verməyə çalışır. Bunun üçün artıq Hələbə yeraltı sığınacaqları dağıtmaq gücündə olan ağır bombalar atılır. Bu isədaha çox dinc əhalinin məhv olması deməkdir. Ancaq bütün bunlar əlində hərbi gücdən başqa təsir vasitəsi qalmayan Rusiya rəhbərliyini inadından döndərmir: "Hələb mütləq ələ keçirilməlidir!"

Suriyada insanlıq əleyhinə törədilən hərbi cinayətlərlə bağlı əsas ittiham Rusiya və onun müttəfiqi Bəşər Əsədəyönəlsə də, Qərbin də bu məsələdə məsuliyyəti inkaredilməzdir. Siyasi şərhçilər və ekspertlər hesab edirlər ki, Qərb Suriya müxalifətini müvafiq silahlarla təmin etsəydi, indi Rusiya hərbi təyyarələri Suriya səmasında özünü bu qədər təhlükəsiz hiss etməzdi. Bir çox şərhçilər bunun məsuliyyətinin ABŞ dövlət katibi Con Kerrinin üzərində olduğunu dilə gətirirlər. Məhz Kerri Rusiya ilə birgə hansısa işlər görməyə inanırdı və Vaşinqtonda Rusiya əleyhinə sərt qərarların qəbuluna imkan vermirdi. Yalnız indi, Rusiya bir çox hərbi cinayətlərdə ittiham edildikdən sonra Vaşinqton Moskva ilə Suriya məsələsində əməkdaşlığı dayandırdı. Vaşinqtonun Moskva ilə əməkdaşlığı dayandırması isə Rusiyanı Suriyada çətin günlər gözləməsindən xəbər verir.

Qeyd edim ki, Rusiya Suriyaya müdaxilə ilə minanın üzərinə çıxmışdı və Kerri sadəlöhvcəsinə həmin "mina"nı zərsizləşdirməyə çalışırdı. Halbuki, Rusiya bunu dəyərləndirə biləcək əhvalda deyil. Ən yaxşısı Rusiyanın iki ayağıilə çıxdığı "mina"nın partlayışına hazır olmaqdır. Əks halda həmin minanın "qəlpə"ləri Rusiyanın yanında dayananlara da dəyəcək.


Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}