«Hökumət tam tərkibdə istefaya getməlidir»
Tarix: 12-12-2016 13:33 | Bölmə: Müsahibə

Teyyub Əliyev: «Əgər ciddi sosial müdafiə tədbirləri, ciddi iqtisadi islahatlar həyata keçirilməsə, işığın və qazın qiymətlərinin hədsiz dərəcədə artırılmasının ciddi fəsadları ola bilər»

İqtisadi böhranın dərinləşməsi ölkədə vəziyyəti daha da ağırlaşdırıb. Milli valyutamızın dəyərdən düşməsi, qiymətlərin bahalaşması, üstəlik, kommunal xidmət haqlarının qaldırılması cəmiyyətdəki narazılığın səviyyəsini yüksəldib. Amma görünən odur ki, vəziyyət daha da kritikləşmək üzrədir.

Azərbaycan Təkamül Partiyasının sədri, tanınmış iqtisadçı Teyyub Əliyev "Reytinq”ə müsahibəsində ilk olaraq ölkədəki sosial-iqtisadi və siyasi vəziyyətdən danışıb:

- Qısa desək, ölkədəki sosial-iqtisadi və siyasi vəziyyət son həddə qədər şişirdilmiş şara bənzəyir. Onun hələ partlamamasına səbəb xalqın gözləmə mövqeyi tutmasıdır. Hələ də ölkə prezidentinin mövcud problemlərin heç olmasa, yumşaldılması istiqamətində hansısa tədbirlər görəcəyinə ümid bəslənilir.

- Tarif Şurasının məlum qərarı hələ də müzakirə olunmaqdadır. Siz bu barədə nə düşünürsünüz?

- Tarif Şurasının qərarının ölkədəki mövcud sosial-iqtisadi-siyasi vəziyyətə adekvat olmadığı qənaətindəyəm. Bu qərar vətəndaşların sosial-iqtisadi vəziyyətinin ciddi şəkildə pisləşməsinə səbəb olacaqdır və bu, artıq hiss edilməkdədir.

Bu qərarın güya "aztəminatlı əhaliyə təsiri olmayacaq",- deyənlərin fikirləri ilə qətiyyən razı deyiləm. Əhalinin təminatlı hissəsinə nisbətən az işıq və qaz pulu ödəmək hələ qərarın bu kateqoriyadan olan insanlara təsir etməyəcəyini söyləməyə əsas vermir. Bəs işıq və qaz pulunun digər əmtəə və xidmətlərin qiymətinə təsiri aztəminatlı insanlara toxunmayacaq?

- Son dövrlər qəbul olunan dəyişikliklər sanki vətəndaşların hesabına büdcə doldurmağa hesablanıb. Necə düşünürsünüz, bunu normal iqtisadi siyasət saymaq olarmı?

- Büdcəni doldurmağın bir çox yolları var. Onları təsnifləşdirsək iki qrupa bölmək olar:

birinci ən uğurlu, iqtisadi cəhətdən əlverişli və düzgün yol ölkədə ciddi iqtisadi islahatların aparılmasından, iqtisadiyyatın inkişaf etdirlməsindən və alınan-artan mənfəətdən vergilərin toplanmasından keçir. Bu, ölkəmizdə yoxdur.

Uzun illərdir ki, iqtisadiyyatın qeyri-neft sektorunun uğurlu inkişafından danışılır. Haradadır bu inkişaf?

Çox təəsüf ki, qeyri-neft sektorunun inkişafından danışanda ticarətin, rabitə, nəqliyyat, mehmanxana və bu kimi qeyri-neft sektorunun inkişafını göstərirdilər.

Təbii, bunlar da lazımdır. Ancaq ən əsası qeyri-neft sektoruna daxil olan emal sənayesi sahələrinin, xüsusilə də ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən ərzaq məhsulları istehsalı sahələrinin inkişafına diqqət yetirilməli idi. Bu olmadı, inhisarçılıq buna imkan vermədi. Ona görədəqalır ikinci yol, yəni qiymətlərin artırılması - büdcə yükünün əhalinin çiyninə qoyulması yolu.

Hökumətin qeyd edilən istiqamətdə sərgilədiyi siyasət iqtisadi cəhətdən səhv, sosial cəhətdən qüsurludur. Ancaq özünün səhv, yarıtmaz siyasətini ört-basdır etmək üçün hökümətin başqa yolu da yoxdur axı! Hökumət ya səhv siyasətini başa düşüb tam tərkibdə istefaya getməlidir, ya da səhv sosial-iqtisadi siyasətini davam etdirib "harda qırılar-qırılar",-yolunu seçməlidir. Hələlik hökumət ikinci yolu seçib.

Əgər ciddi sosial müdafiə tədbirləri, ciddi iqtisadi islahatlar həyata keçirilməsə, işığın və qazın qiymətlərinin hədsiz dərəcədə artırılmasının ciddi fəsadları ola bilər. Bu, özünü ilk növbədə kiçik və orta sahibkarlığı iflasında, iqtisadiyyata investisiya qoyuluşlarının (xüsusilə də xarici) ciddi şəkildə azalmasında, ölkəmizdən valyuta axınının sürətlənməsində, ərzaq qıtlığında, qiymətlərin hədsiz dərəcədə yüksəlməsində, manatın sürətlə ucuzlaşmasında və sosial narazılığın güclənməsində büruzə verəcəkdir.

- Yanacağın qiymətinin artacağı ilə bağlı da fikirlər səslənir. Sizcə, indiki şəraitdə benzinin dəqiymətini qaldıra bilərlərmi?

- İctimai fikirə yanacağın, benzinin qiymətinin arta biləcəyi ilə bağlı fikirlər ötürülür, sanki əhalinin nəbzi yoxlanılır. Ancaq nə vaxt vətəndaşın mövqeyi nəzərə alınıb ki?

Əgər elektrik enerjisinin və qazın qiymətinin artırılması büdcənin mədaxil hissəsinin doldurulmasına imkan verməyəcəksə, yəqin ki, benzinin də qiyməti artırılacaqdır.

- Ərzaq, yüngül sənaye məhsulları və digər malların qiyməti günü-gündən artır. Bu proses hansı səviyyəyə qədər davam edə bilər?

- Proteksionizm siyasəti milli iqtisadiyyatın mənfelərinin qorunmasının məqbul yollarından biridir. Ancaq bu siyasət o zaman bəhrə verir ki, milli iqtisadiyyat idxalı əvəz etmək gücündə olsun. Bizdə bu yoxdur. Ona görə də bir az əvvəl idxal mallarına - özü də ən çox istifadə edilən və nisbətən ucuz - yüksək gömrük rüsumlarının tətbiq edilməsi də, yuxarıda qeyd edilənlərlə yanaşı, ərzaq mallarının qiymətinin artmasına təsir edib və bu təsir getdikcə güclənəcəkdir. Onun hansı həddə qədər davam edəcəyi hökumətin fəaliyyətindən asılıdır.

- Hazırda hamını maraqlandıran məsələlərdən biri də dolların məzənnəsində artımın nə vaxta qədər davam etməsidir. Dolların məzənnəsinin hansı səviyyəyə qədər qalxacağını proqnozlaşdırmaq olar?

- Manatın ciddi devalvasiyaya uğramasından iki iləyaxın vaxt keçir. Bu müddətərzində manatın möhkəmlənməsi, iqtisadiyyatın dirçəldilməsi istiqamətində hökumət hansı tədbirləri həyata keçirib ki? Ölkə başçısının qeyd edilən sahələrə dair iki il ərzində qəbul etdiyi qərarların, verdiyi fərmanların hansı tam şəkildə yerinə yetirilib ki?

Manatın arxasında güclü iqtisadiyyat durmayınca onun məzənnəsi sabitləşməyəcək. Mərkəzi Bankın həyata keçirdiyi yanlış tənzimlənən "üzən məzənnə" siyasəti manatın çökməsinin qarşısını almaq iqtidarında deyil. Manat-dollar nisbətinin hansı həddə qədər dəyişəcəyini proqnozlaşdırmaq indiki şərtlər daxilində asan olmayacaq. Amma yaxın zamanlarda 1 dollar=2-2.1 manat olacağını düşünürəm.

- Həm dollar, həm qiymətlər... Ümumiyyətlə, böhrandan çıxış yolu kimi nə təklif edirsiniz?

- Ölkə iqtisadiyyatının güclənməsi ciddi iqtisadi islahatların aparılmasını tələb edir. Ölkəmizin iqtisadi siyasətini müəyyən edən və onu həyat keçirən indiki komanda ilə bu işin öhdəsindən gəlmək qətiyyən mümkün olmayacaq. İqtisadi qurumlara rəhbərlik edən şəxslərdən ibarət müxtəlif yeni qrumların, komissiyaların - Maliyyə Sabitliyi Şurası kimi - yaradılması heç bir nəticə verməyəcəkdir. Öz vəzifəsini layiqincə yerinə yetirməyən məmur başqa komissiya tərkibində nə edəcəkdir? Ona görə də, Azərbaycan prezidenti tezliklə ciddi kadr islahatı aparmalı, iqtisadi strukturlara rəhbərlik edənləri vəzifələrindən kənarlaşdırmalıdır.

- Hökumət lazımi tədbirlər görməsə, böhran dərinləşsə, ictimai-siyasi vəziyət necə ola bilər? Bu, sosial partlayışa gətirib çıxarmaz ki?

- Pessimist olmaq istəməzdim. Zatən mən çox optimistəm. Vəziyyətin sosial-siyasi böhran həddinə çatmaması üçün ölkəmizdə hələ də kifayət qədər potensial olduğu qənaətindəyəm. Ancaq bir şərtlə - iqtisadi strukturların rəhbərliyinə yeni, müasir düşüncəli, şəraitə uyğun çevik qərarlar qəbul edə bilən şəxslər gətirilərsə. Əks təqdirdə böhran dərinləşəcək.

- Milli Məclisdə büdcə müzakirələrini necə qiymətləndirdiniz? Sanki hökumət üzvləri də gələn ilin ağır olacağını etiraf edirlər...

- Öncə onu deyim ki, manatın sürətlə ucuzlaşması, elektrik enerjisinin, təbii qazın qiymətlərinin qaldırılması, bütün növ əmtəə və xidmətlərin, xüsusilə də ərzaq məhsullarının qiymətinin durmadan artması, işsizliyin səviyyəsinin günbə-gün yüksəlməsi səbəblərindən əvvəlki illərə nisbətən bu il Milli Məclisdə növbəti ilin büdcəsinin müzakirəsi əhalinin diqqətini daha çox cəlb etməkdədir. Hər kəs ümid dolu gözlərini Milli Məclisə dikərək hökumət təmsilçilərinin bu məsələlərə necə münasibət bəsləyəcəklərini, hansı çıxış yolları göstərəcəklərini səbirsizliklə gözləyirdi. Amma büdcənin müzakirəsi göstərdi ki, yenə də yanılırlar. Nazirlərin, Milli Bank sədrinin çıxışları göstərdi ki, onlar ya doğrudan da ölkədə baş verən prosesləri görmürlər, mövcud problemlərin dərinliyini və özlərinin bu problemlərin yaranmasının səbəbkarları olduqlarını başa düşmürlər, ya da xalqı avam hesab edir, onların dözümlü olacaqlarına əmindirlər.

Fikir verin, iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdəki büdcə müzakirələrində Tarif Şurasının elektrik enerjisi vəqazın tarifləri ilə bağlı son qərarına bəraət qazandıraraq bildirdi ki, yeni tariflər əhalinin böyük əksəriyyətinin xərclərinə təsir etməyəcək.

Cənab nazir guya bilmir ki, elektrik enerjisi və qazın tariflərinin qaldırılması bütün əmtəə və xidmətlərin qiymətinin qaldırılmasına səbəb olacaq? Artıq bu, hər gün baş verir. O, kimi aldadır, özünü, yoxsa xalqı?

Nazir mavi yanacağın qiymət artımının əhalinin 60 faizinə təsir göstərməyəcəyini deməklə əhalinin böyük əksəriyyətinin yoxsulluq həddində yaşadığını birbaşa etiraf edir. Bununla ölkə başçısının yoxsulluq həddinin 5 faizə düşdüyü haqqında fikrini təkzib edir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov daha da irəli gedərək deyir ki, ötən 9 il ərzində - 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik. Görünür, o, özü ilə xalqı çaş-baş salıb.

Elman Rüstəmov deyir ki, Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyəti olub, cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bəs cari ildə manat 2015-ci ilin əvvəli ilə müqayisədə neçə faiz ucuzlaşıb?

Hökumət nümayəndələrinin bu cür absurd fikirlərini çox misal çəkmək olar, amma bununla heç nəyə nail ola bilməyəcəyik. Ona görə də, mövcud çətinliklərin üstündən keçmək, problemləri görməməzlikdən gəlmək əvəzinə, xalqa düzgün məlumat vermək, problemlərin səbəblərini düzgün izah etmək, çıxış yollarını göstərmək, problemlərin həlli üçün bütün mövcud potensialı hərəkətə gətirmək, ləngimədən real iqtisadi islahatlar həyata keçirmək lazımdır.

Reyting.az




495 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər