“Donald Trampın hakimiyyətə gəlişi ilə Ziya Məmmədov klanı kifayət qədər güc əldə etdi”
Tarix: 10-11-2016 16:39 | Bölmə: Müsahibə


Sərdar Cəlaloğlu deyir ki, ABŞ-ın yeni prezidentinin Azərbaycanın nəqliyyat naziri ilə əlaqələri Əliyev iqtidarına müəyyən problemlər yarada bilər

Dünən Respublikaçı namizəd Donald Trampın Amerikanın 45-ci prezidenti seçilməsi bütün dünyada günün ən aktual mövzusu oldu. Sözsüz ki, bu hadisə Azərbaycanda da böyük maraqla qarşılandı.

Hurriyyet.org saytı Donald Trampın prezident seçilməsinin Azərbaycan və dünya üçün əhəmiyyətini öyrənmək məqsədilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlundan müsahibə götürüb.

Reyting.az saytı həmin müsahibəni təqdim edir:

- Sərdar bəy, sizcə, Donald Trampın qələbəsi dünyanın siyasi mənzərəsini dəyişəcəkmi?

- Əvvala onu deyim ki, Amerika seçki ənənəsinə görə, Trampın qələbəsi gözlənilən idi. Ruzvelti çıxmaq şərtilə Respublikaçılar ilə Demokratlar bir qayda olaraq iki seçkidən bir dəyişilir. Bu, Amerikada bir ənənə halını alıb.

Amerikada prezidentlərin seçkiqabağı verdiyi bəyanatlarla onların hakmiyyətə gəldikdən sonra həyata keçirdikləri siyasət arasında bərbərlik işarəsi qoymaq olmaz. Bir çox prezidentlər var ki, namizəd vaxtı olduqca radikal vədlər vermişlər. Amma onlar hakimiyyətə gəldikdən sonra 180 dərəcə əks addımlar atmağa məcbur olublar. Yəni Amerika dünya super-gücü olduğuna görə, Amerikanı prezidentlər yox, prezidentləri dünyanın şərtləri idarə edir. Yəni prezident istədiyi bir addımı ata bilməz. Əksinə, prezidentləri addım atmağa məcbur edən movcud zəmin və şəraitdir. Bu baxımdan, düşünmürəm ki, Amerikanın xarici siyasətində fundamental dəyişikliklər baş versin. Çünki bu dəyişikliklərin baş verməsi Amerikanın özünə milyardlarla dollara başa gəlir.

Tutaq ki, Tramp İraq və Suriyaya girməyi yanlış hesab edirdi. Əgər Tramp İraqda və Suriyada müharibəni dayandıracaqsa, bu, Amerikanı daha böyük miqdarda ziyanla üzləşdirəcək.

Tramp Rusiyanın blokadasının düzgün olmadığını dedi. O, Rusiyanın blokadasını aradan qaldıracaqsa, Amerkanın maraqlarına olduqca ziyan dəyəcək.

Trampın mühacirlərlə, müsəlmanlarla bağlı fkirlərini də prezidentliyi dövründə həyata keçirəcəyinə inanmıram. Tramp uşaq deyil ki, 1,5 milyard insanı qarşısına alsın və düşmənçilik etsin. Müsəlmanlar dünya siyasətində söz sahibi olan ən ciddi qüvvələrdən birdir. Bu baxımdan, düşünmürəm ki, Trampın hakimiyyətə gəlməsindən sonra Amerikanın xarici siyasətində fundamental dəyişiklik olsun. Amerika siyasi tarixi göstərir ki, prezidentlər Amerikanın strateji məsələlərində söz sahibi deyillər. Amerikada strateji siyasət 50-100 illik müəyyən olunur. Bir prezident isə 5 il müddətinə seçilir. Onun 50 illik siyasətə təsir etmək imkanı yoxdur.

NATO-nun elə layihələri var ki, dövlət tərəfindən 25-30 illik maliyyələşdirilir. Amerikanın hər hansı prezidenti gəlib NATO-nun tədqiqatlarını dayandıra bilməz. Təbii ki, cari siyasətdə dəyişikliklər edilə bilər. Bu, Trampın özünün nə dərəcədə dünyada gedən hadisələri başa düşməsi, nə dərəcədə düzgün ideyaları müdafiə etməsi ilə bağlıdır.

Biz onun seçkiqabağı platformasını izlədik. Tramp dünyaya hansı pozitiv vədi verib?! Bu gün dünyda bir neçə problem var: yoxsulluq, kasıbçılıq, terrorizm, korrupsiya. Tramp korrupsioner rejimlərlə bağlı heç bir mövqe ortaya qoymadı ki, hakmiyyətə gələcəyi təqdirdə korrusiyaya qarşı necə mübarizə aparacaq. Əksinə, korrupsiyanın tuğyan etdiyi ölkələrlə bağlı daha xoş bəyanat verdi. Hazırda dünyanın başı üzərində dayanan ən ciddi problemi terrorizmdir. Trampın konkret bir mövqeyi yoxdur ki, onun prezidentliyi dövründə terrorizmlə mübarizə necə olacaq.

Üçüncü, mədəniyyətlərarası münasibətlər məsələsidir ki, islam-xristian dünyası arasında münasibətlər necə həll olunacaq. Yəni faktiki olaraq Trampın prezidentliyi mənim üçün qeyri-müəyyən bir Amerika deməkdir. Yəni Amerikanın xarici siyasətində hansı dəyişikliklər olacağını proqnozlaşdırmaq mümkün deyil.

- Donald Tramp müsahibələrinin birində deyib ki, heç bir ölkədə hakimiyyət çevrilişi etməyəcək. Buna inanmaq olarmı? Amerikanın geosiyasi tədbirlər planı da dəyişməz olaraq qalacaqmı?

- Birincisi, Amerikanı tək Tramp idarə etmir ki, Amerikanın institutları, Konqresi, xüsusi təhlükəsizlik orqanları var. İkincisi də, Amerika durduğu yerdə hansısa dövlətlərdə çevriliş etmir. Bəzi dövlətlərdə hakmiyyətin apardığı siyasət dünyanı və Amerikanı təhdid etdiyinə görə, Amerika həmin ölkələrdə çevriliş etməyə məcbur olur. Tutaq ki, Səddam Hüseynin, Bəşər Əsədin apardığı siyasət elə bir nöqtəyə gəlib çatır ki, Amerika oraya müdaxilə etmək məcburiyyətində qalır. Bu baxımdan, Şimali Amerikada və yaxud Amerikanın marağı olan ölkələrdə elə ciddi hadisə ola bilər ki, həmin ölkələrdə hakimiyyətin qalması Amerika və dünyada sülh üçün təhlükə ola bilər. Onda Tramp hansı addımı atacaq? Məcburdur ki, hakimiyyət dəyişikliyi etsin. Bu vədlər seçkiqabağı Trampın qələbə qazanmasına hazırlıq məqsədi güdürdü. Hamı bilir ki, Amerika korrupsioner, antidemokratik rejimlərlə barışmaz bir siyasət aparır. Tramp bu bəyanatı verməklə onları seçkilərdə bitərəf saxlamağa nail oldu. Həmin rejimlər onun hakmiyyətə gəlməsinin əleyhinə iş aparmadılar, əksinə, dəstək verdilər. Rusiya ilə bağlı verdiyi bəyanat Trampın Hillari Klintona qalib gəlməsinin əsas səbəblərindən biri oldu. Çünki Rusiyanın Amerikada gedən seçkilərə çox ciddi təsiri var. Rusiya kiçik bir ölkə deyil. Amerikanın maraqları təhdid altında olduğu halda, Tramp həmin ölkədə hakimiyyət çevrilişi etməyə məcbur olacaq.

- Qeyd etdiyiniz kimi, Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdıracağı haqda bəyanat səsləndirdi. Bu, Amerikanın Avropaya arxa çevirməsi deməkdimi? Rusiya bundan istifadə edib, regionda mövqelərini möhkəmləndirə bilərmi?

- Mən elə bilirəm ki, Trampın Rusiya ilə bağlı siyasəti bundan əvvəlki siyasətlə kəskin fərqlənməyəcək. Çünki Rusiyaya qarşı aparılan siyasətin əsası respublikaçı prezident Reyqan tərəfindən qoyulub. Ondan da əvvəlki respublikaçı prezidentlərin Rusiya ilə bağlı siyasətinə baxsaq görərik ki, bütün respublikaçıların Rusiya ilə bağlı siyasəti sərt olub. İnid də Tramp respublikaçıların təmsilçisi kimi hakimiyyətə gəlib. O, necə ola bilər ki, respublikaçıların ənənəvi siyasətinə dəyişiklik etsin? Ola bilər ki, bəzi məsələlərdə Rusiya ilə bağlı yumşaqlıq olsun. Məsələn, Ukrayna məsələsində indiyə qədər Amerikanın tutduğu mövqedən fərqli bir mövqe nümayiş etdirsin. Suriyada Rusiya ilə uzlaşdırılmış bir siyasət aparsın. Amma bütünlükdə Rusiyanın Amerikya alternativ bir güc kimi formalaşmasına və dünya siyasətinə çıxmasına Tramp da razı ola bilməz və olmayacaq da.

- Donald Trampın qələbəsi Yaxın Şərqdə gedən proseslərə necə təsir edəcək? Pozitiv bir dəyişiklik gözləmək olarmı?

- Obama demişdi ki, Yaxın Şərqdəki hadisələr 30 il vaxt aparacaq. Tramp, prezidentliyi dövründə seçkiqabağı verdiyi vədləri yerinə yetirsə, Yaxın Şərq hadisələri yayılmaz. Biz bu gün görürük ki, Yəmən də böyük sürətlə bu münaqişəyə cəlb olunur. Misirin özünün də çox böyük riski var ki, Suriya və İraq destablizasiya zonasına sorulsun. Bu hadisələr "siyasi qara deşik” kimi ölkələri bir-bir ora sorur. Bu hadisələr Türkiyənin özünə də sıçraya bilər. Əgər Tramp İraqa, Suriyaya girməyin yanlış olduğunu deyibsə, Yaxın Şərqdə Amerikanın indiyə qədər apardığ bu siyasətdən imtina edəcəksə, onda ən azı Yaxın Şərq hadisələri başqa ölkələrə yayılmayacaq, münaqişənin həlli də Rusiyanın, İranın nəzarətinə keçəcək. Məncə, Tramp demokratların apardığı siyasəti davam etdirməyə məcburdur. Əks halda Amerikanın Yaxın Şərqdə maraqları tamamilə sıxışdırılacaq.

- Trampın qələbəsindən sonra Cənubi Qafqaz, o cümlədən Azərbaycanla, xüsusən də Qarabağ probleminin həlli ilə bağlı hansı proqnozları vermək olar?

- Qarabağla bağlı ciddi bir proqnoz vermək istəməzdim. Amma Trampın Azərbaycan iqtidarından olan Ziya Məmədovla əlaqaləri, müştərək bir otelleri var idi. Bu, hakimiyyət üçün müəyyən problem yarada bilər. Hakimiyyət o klana vurduğu ziyanı kompensasiya etmək üçün müəyyən güzəştlərə gedə bilər. Bu da hakimiyyətdə yeni dispozisiya yaradacaq, qüvvələrin yerdəyişməsinə səbəb olacaq.

Dünənə qədər Ziya Məmmədovun əlindən bütün səlahiyyətləri alınmışdı. Sadəcə, bu prezident seçkilərinin nəticələri gözlənilirdi ki, əgər Tramp seçilməsə, bəlkə bunlar silinəcəkdi, repressiya olunacadı. Artıq Tramp hakimiyyətə gəldiyi halda, Ziya Məmmədovun klanı kifayət qədər güc əldə etmiş oldu. Çox güman ki, hakimiyyət həmin klanla yenidən barışacaq. Bəlkə də Amerika ilə daha sıx əlaqələr qurmaq üçün həmin klan Azərbaycanda daha da üstün bir gücə malik olacaq. Bu da Azərbaycana yaxşı heç nə vəd etmir. Onsuz da Azərbaycanda total korrupsiya var. Nəzərə alsaq ki, Azərbaycanda korrupsiyanın ağırlıq mərkəzi yol-tikinti sektoru idi, buna da Ziya Məmmədov nəzarət edirdi. Yenidən onların güclənməsi korrupsiyanın ağırlıq mərkəzinin dəyişməsinə səbəb olacaq.

- Tramın qələbəsi Amerik-Türkiyə münasibətlərini yeni bir müstəviyə çıxara bilər?

- Trampın verdiyi bəyanatlar Türkiyənin indiki siyasətinə uyğundur. Ona görə, Ərdoğan da demişdi ki, mən Trampın seçilməsini istərdim. Düşünürəm ki, Türkiyə ilə Trampın vaxtında Obama dönəmində olduğundan fərqli siyasət olacaq. Çünki Klintonla Tramp doğrudan da tərəf müqabildirsə, Obamanın siyasətinə əks bir siyasət ortalığa çıxacaq. Obama son vaxtlar Türkiyəni maraqlarını sıxışdırırdı, PKK-ya dəstək verirdi. İndi Türkiyə Rusiya ilə yaxındır. Amerika da Rusiya ilə yaxınlaşmaq istəyirsə, deməli, Türkiyə təzədən Rusiya ilə dostlaşacaq. Trampın prezidentliyi Türkiyə üçün daha müsbət perspektivlər vəd edir. Obamanın prezidentliyi dövründə çox ciddi yanlışlıqlar oldu. Xüsusən, dünyada demokratiyanın müdafiə olunmasında çox ciddi yanlışqlar oldu. Dünyada münaqişlərin həll olunmasında Amerika həddindən artıq ləng tərpəndi. Həticədə, deyərdim ki, terrorizm çiçəkləndi. Məsələn, DAİŞ (İŞİD – red.) demokratların vaxtında yarandı. DAİŞ hazırda Əl-Qaidə-dən güclü bir terror təşkilatıdır.

PKK son vaxtlar daha intensiv fəaliyyətə başladı. Obamanın hakimiyyəti dövründə qeyri-demokratik islam ölkələri üzdə oldular. Məsələn, Səudiyyə Krallığı üzdə oldu. Bu baxımdan, Trampın qələbəsi hadisələrin Türkiyənin xeyrinə inkişaf etməsinə gətirib çıxaracaq.

- Sərdar bəy, Donald Trampın qələbəsi ADP-nin siyasi xəttində hər hansı dəyişiklikliyə səbəb olacaqmı?

- Obamanı prezidentliyi dövründə Amerikanın Azərbaycandakı müxalifətə demokratiya dəstəyi söz səviyyəsində olub. Ciddi heç bir dəstək verməyiblər. Biz respublikaçıların buradakı fəaliyyətini izləmişik. Respublikaçılar Milli Demokrat İnstitutuna nisbətən burada daha radikal işlər görür, daha ciddi proqramlar həyata keçirirdi. Ümid edirik ki, Tramp Obamadan fərqli siyasət aparacaqsa, Azərbaycanda və dünyada demokratiyanın inkişafına dəstək verəcək.

Amma Trampın kimliyi çox maraqlıdr. O, biznes sahəsindən gəlib. Biznes sahəsinə mənsub insanların da biznesmen tərzi, düşüncəsi var. Açığını deyim ki, Trampın mənəvi dəyərlərə istinad edən siyasət aparmasına inanmıram. Trampın seçkiqabağı verdiyi bəyanatlar prezidentliyi dövründə aparacağı siyasətə çevriləcksə, bu dünyaya yaxşı heç nə vəd etmir.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}