23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Şəxsi və milli mənafe
Tarix: 27-07-2017 14:21 | Bölmə: Nadir QOCABƏYLİ

Şəxsi mənafe həyətyanı sahəmiz, evimiz, milli mənafe küçələr, parklardır. Biz əlbəttə, evimizi təmiz saxlayırıq, tumu çırtlayıb döşəməyə tökmür, qarpız qabıqlarını, fanta butulkalarını, çiko kağızlarını həyətimizin ortasına atmırıq. Amma parka, küçəyə, meşəyə atırıq. Heç düşünmürük də ki, ətraf mühitin çirkliliyi tədricən evlərimiziə həyətimizə də keçəcək. Külək bir gün onları qaldırıb, həyətimizə atacaq, bacamızdan pəncərəmizdən içəri salacaq.

Şəxsi mənafe həyətdəki su çənimiz, hovuzumuz, milli mənafe isə dənizimiz, çaylarımız, göllərimizdir. Biz su çənimizi, hovuzumuzu təmiz saxlamağa çalışır, ancaq çaya, gölə, dənizə nə gəldi atırıq. Heç düşünmürük ki, su çənimizə, hovuzumuza da su o çaylardan və göllərdən gəlir. Dənizin çirklənməsi müxtəlif xəstəliklər yaradır, o xəstəliklərə uşaqlarımız, özümüz yoluxa bilərik. O xəstəliklər balıqlara, balıqlardan insanlara keçə bilər.

Şəxsi mənafe ailəmiz, milli mənafe cəmiyyətimizdir. Çoxumuz ailəmizi yaxşı və sağlam saxlamağa, təmin və tərbiyə etməyə, düzgün yönləndirməyə, qorumağa çalışırıq. Ancaq başqalarına biganəyik. Başqalarının işsizliyi, pis yaşaması bizi narahat etmir. Düşünmürük ki, bunlar cinayətkarlığı artırır, bizə potensial təhlükə yaradır. Əxlaqsızlığa, əxlaqsızlıq yuvalarına, narkomanlara göz yumuruq, ancaq heç düşünmürük də ki, sabah bu işlərə öz övladımız da qarışa bilər.

Evi zibilləyən uşağımıza acıqlanır, parkı zibilləyən gəncə heç nə demirik. Oğlumuza başqalarına sataşmamasını, dava etməməsini tapşırır, küçədə gördüyümüz tərbiyəsizliklərə göz yumuruq. Amma düşünmürük ki, pis şeylər daha tez yayılır və gözümüzü açınca onları öz ocağımızın başında da görəcəyik...

Unutmayaq, ictimai rəy, ictimai mövqe çox önəmlidir. Onunla hesablaşmayan heç bir şəxs, qrup, dövlət qurumu, dövlət yoxdur. Ancaq təkbaşına, pərakəndə mübarizə güclü effekt vermir. Mütləq təşkilatlanmaq lazımdır. Küçələri zibilləyənlərə qarşı belə, təşkilatlanaraq, planlı, elmi şəkildə mübarizə aparmaq lazımdır.


 


Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}