Tarix: 06-05-2016 13:22 | Bölmə: Müsahibə
Zəlimxan Məmmədli: "Əgər bölgədə müstəqil dövlət olduğumuzu sübuta yetirmək, ərazi bütövlüyümüzü təmin etmək istəyiriksə, müharibədən qorxmamalıyıq"
Ermənistanın təxribatı nəticəsində aprel ayının əvvəllərində Qarabağda və digər cəbhəyanı kəndlərdə yaranan böyük gərginliyi lokal atışmalar əvəzləyib. Atəşkəs anlaşmasına baxmayaraq, qarşı tərəf yenə iriçaplı silahlardan və artileriya qurğularından istifadə etməklə dinc sakinlərə də ziyan vurmaqdan çəkinmir.
Cəbhədəki gərginlik fonunda münaqişənin həlli ilə bağlı danışıqlar prosesi intensivləşib. Müxtəlif təkliflər, versiyalar irəli sürülür…
"Reytinq"ə müsahibə verən politoloq Zəlimxan Məmmədli isə Azərbaycanın Qarabağ cəbhəsində irəliyə doğru daha sərt addımlar atmasının tərəfdarıdır:
- Cəbhədə baş verənləri müxtəlif politoloji terminlərlə qiymətləndirmək olar. Hazırki situasiyanı regionda marağı olan dövlətlərin toqquşması, kimlərinsə qurduğu hiylələr, yaxud da kimlərinsə planı üzrə baş verən proseslər kimi qiymətləndirmək istəyənlər də kifayət qədərdir.
Amma mən baş verənlərə pozitiv gözlə baxıram. Azərbaycanın ərazisi işğal olunub və torpaqları işğaldan azad etmək mütləqdir. Bu, milli maraqlarımızın diqtəsidir.
Azərbaycan insanının yatdığını, biganə qaldığını, döyüş ruhunda olmadığını deyirdilər, təbliğat maşınları da zaman-zaman bunu özümüzə sırayırdı, hətta beynəlxalq aləmə də nümayiş etdirirdilər. Amma sübut olundu ki, Azərbaycan xalqı torpaqlarını azad etmək qüdrətindədir, insanlarımızın döyüş ruhu ölməyib, siyasi sistemimiz bir araya gələ, cəmiyyətimiz bütövləşə və vahidə çevrilə bilər.
- Maraqlısı odur ki, nəyə görə 22 il gözləyirdik, bizə kənardan işarəmi lazım idi?
- Bunun kifayət qədər obyektiv səbəbləri var. 22 il bundan əvvəl nələrin baş verdiyi hər kəsə bəllidir.
Ordudakı vəziyyətimiz, Moskvada qurulan "ssenarilər", "5-ci kalon"un müxtəlif pillələrə yerləşdirilməsi və bu kimi amillər nəzərə alınmalıdır.
Hesab edirdilər ki, məsələ bitib. Bəlkə də bu, bir sınaq idi ki, görək, bunlar nə edir. Ancaq gördülər ki, millət öz torpağına sahib çıxır.
Geriyə dönəndə siyasi sistemimizin naqislikləri, demokratiyaya münasibətimiz, idarəetmədəki xətalar göz önündədir. Bütün hallarda nə korrupsiya, nə rüşvət, nə dərəbəylik, nə də qanunsuzluq millətin ruhunu öldürə bilmədi. Mənim yekun qənaətim budur.
- Zəlimxan bəy, aprelin əvvəlindəki proses başqa bir məqamı da ortaya çıxardı. Döyüşlər baş verdi, vəziyyət gərginləşdi, böyük dövlətlər döyüşləri dayandırmağı tələb etdilər və atəşkəs qərarı verildi. Necə düşünürsünüz, hərbi əməliyyatlara yenidən başlayarıqsa, sona qədər kənar tələblərə əhəmiyyət vermədən davam edə biləcəyik?
- Bir şeyin altını cızaraq deməliyik: Dünya türk dünyasına qarşı döyüşür. Yaxın qonşularımız bu və ya digər formada Azərbaycana sahiblənmək uğrunda mübarizə aparırlar. Azərbaycan isə türk dünyası birliyinin açarıdır, mərkəzidir. Bu baxımdan, Azərbaycanın güclü olması, ərazi bütövlüyünün təmin olunması vacibdir.
Rusiya konfliktin qalmasında, gərginlik şəraitinin davamlı olmasında maraqlıdır. Əlavə enerji sərf eləmədən, siyasi- ideoloji diversiyalarla Azərbaycan insanını məyusluğa yuvarlandırıb problemi həll etməmək və münaqişəni öz istəyinə uyğun dondurmağa çalışır. Amma mən hesab etmirəm ki, Rusiya 20 əvvəlki ölkədir. Artıq Rusiya xeyli zəifləyib və hazırda dünyanın blokadasındadır.
Ukrayna böhranı baş verdi - Rusiya uduzdu. Gürcüstan böhranı baş verdi - kimsədeyə bilər ki, Abxaziya və Cənubi Osetiyanı apardı - yenə də uduzdu. Deməli, onun hərbi gücü, siyasi-ideloji maşını artıq yaxın qonşularında da hərəkət edə bilmir.
İndi də əsas hədəf Azərbaycandır. Hesab edirəm ki, son proseslərdə Rusiya sarsıldı. İmperiyanın yıxılmasında Azərbaycan nə qədər rol oynamışdısa, onun dişi həm Türkiyə, həm də Azərbaycan timsalında sındırıldı.
İqtisadiyyatı, siyasəti, hərbisi, NATO-nun üzvü olaraq gücü, İslam dünyasındakı avtoriteti deməyə əsas verir ki, Azərbaycanın yanında böyük bir Türkiyə dövləti var.
- Axı, Türkiyənin özü böyük problemlərlə üzü-üzədir. Belə bir kritik şəraitdə Türkiyənin Azərbaycana həyan durmasını gözləmək nə qədər doğrudur?
- Ötən əsrin əvvəllərini yadımıza salaq. Osmanlının dağılma dövrü idi, Türkiyəninərazisində bir neçə dövlətin qoşunları var idi. O zaman kürdlər arxa planda, ermənilər öndə idi, ölkəni içəridən "yeyirdilər". Demək olar ki, Türkiyənin bölünməsi ortada idi.
Çöküş Osmanlısı ilə indiki Türkiyəni də müqayisə etmək olmaz. Türkiyə o vəziyyətə düşməyib ki, Azərbaycandan əlini çəksin. Ərdoğanın, Davudoğlunun, eləcə də MHP liderinin sonuncu cəsarətli bəyanatları da bunu deməyə əsas verir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.
- Bəs, Azərbaycanın özü...
- Təbii ki, Azərbaycan da ötən əsrin əvvəlindəki Azərbaycan deyil, Bakı işğal olunmayıb.
Yadınızdadır ki, Bakını erməni işğalından Nuru Paşanın qoşunu azad elədi? Məhəmməd Əmin Rəsulzadə Tiflisdən Gəncəyə, oradan da Bakıya gəldi. Milli hökumət çox ağır durumda qurulub fəaliyyət göstərdi.
İndi isə Azərbaycan başqadır. Bütün hallarda iç siyasətində sabitlik var, cəmiyyət bütövləşə bilir. Bu baxımdan iki güclü türk dövləti var və onları himayə edən 300 milyonluq dövlətlər mövcuddur. Yəni, hazırda şərtlər bizim xeyrimizədir.
- Bizim bəzi politoloqlar deyirlər ki, Qarabağ münaqişəsinin həllinin hərb variantı gündəmə gələrsə, yəni hərbi əməliyyatlar başlayarsa, Rusiya müxtəlif istiqamətlərdə Azərbaycana hücum edə bilər. Bu iddiaları real sayırsınız?
- O politoloqlara sual verirəm ki, bəs, indiki şəraitin davam eləməsi Azərbaycana nə verir?
Münaqişənin həlli və danışıqların aparılması ATƏT kimi anti-türk dövlətlərdən ibarət quruma tapşırılıb. Əsas məqsəd də odur ki, zaman keçsin, problem unudulsun, bəlkə, 30 il sonrakı nəsil savaş istəməyəcək, Qarabağdan əlini üzəcək. Amma müharibə olmasa, Azərbaycan torpağını da, namusunu da itirəcək. Əgər bölgədə müstəqil dövlət olduğumuzu sübuta yetirmək, ərazi bütövlüyümüzü təmin etmək istəyiriksə, müharibədən qorxmamalıyıq.
Dünyada münasibətlər elə qurulub ki, yeri gələndə, silah diplomatik dili əvəz edir.
Rusiya bütün beynəlxalq qanunları tapdalayıb, Azərbaycana hücum edə bilər. Amma Türkiyə də bir gecənin içində İrəvanı tutar. Sonra nə olar? Yəni, bunlar dünya müharibəsinə gediş kimi bir şeydir.
Hər halda, beynəlxalq güclər, təşkilatlar var. Azərbaycanın əraziləri işğal olunub. İşğalın nəticələrini aradan qaldırmaq bizim hüququmuzdur. Bu hüququ gündəmə gətirib istifadə etmək lazımdır.
Fikir verdinizsə, 2-5 aprel aralığında Azərbaycanı ittiham edən heç bir dövlətin ciddi bəyanatı olmadı...
- Beləbir məqamda, Azərbaycan diplomatiyasını necə dəyərləndirirsiniz?
- Diplomatiyamızda ağsaqlıqlar, vaxt itirmək, diqtə ilə davranış kifayət qədərdir. Mənə elə gəlir ki, bizim hərbi, mənəvi-psixoloji gücümüz diplomatiyamıza dayaq durmalı, buna adekvat olaraq, diplomatiyamız da kifayət qədər çevik olmalıdır.
Yaranmış vəziyyət diplomatik olaraq bizim xeyrimizəişləyir. Sadəcə olaraq, diplomatiyamıza rəhbərlik edənlər mürgülməməlidir. Əgər cənab Məmmədyarov yenə Lavrovun ağzına baxsa, ATƏT-dən nəsə gözləsə, bizim itirmək imkanlarımız daha da artacaq.
- Təklifiniz nədir? Bundan sonra fəaliyyət hansı istiqamətdə qurulmalıdır?
- Ölkəbaşçısı ciddi siyasi islahatların əsasını qoymalı, konkret addımlar atılmalıdır. Cəmiyyətin gücünün dövlətin idarə olunmasına və müdafiəsinə yönəlməsi üçün zəruri islahatlar aparılmalıdır. Hökumət mütləq anlamda xalq qarşısında hesabatlı olmalıdır. Daha indiki kimi yox, heç parlamenti də saymırlar.
Bax, bu istiqamətdə hüquqi, siyasi islahatların ardıcıl olaraq getməsi üçün dövlət başçısı cəsarətli addımlar atmalıdır. Bu, ən qısa və ağrısız yolumuzdur.
Son hadisələr göstərdi ki, imkanlarımız var. Bununla yanaşı, Rusiyanın aqressiyasının səngiməsini gözləmək eşqində olanlar da mövcuddur. Amma hamı bilir ki, Rusiya ikiyüz ildə Azərbaycanın xeyrinəbir qərar qəbul etməyib. Qəbul etdiyi qərarlar bu dövlətin tənəzzülünə hesablanmış olub. Bunu hakimiyyətdə olanlarımız da, xalqımız da, hakimiyyətə iddialı olanlar da bilsin. Belə olan təqdirdə cəsarətli addımlar atmaq lazımdır.
Müəyyən itkilərimiz ola bilər, amma cəsarətli addımlar Azərbaycanın əzəli və əbədi müstəqilliyini təmin edər. İtkilər olacaq, amma hansı formada olacağını deyəbimərəm. Pay verəcəyik, yoxsa başqa məsələlər olacaq, bilinmir. Çünki Rusiyanın caynağı burdadırsa, itki qaçılmazdır. Şəxsən mən əbədi müstəqilliyimiz üçün o itkiyə hazıram.
- Hansı payı verə bilərik? İtki deyəndə nəyi nəzərdə tutursunuz?
- Hər şey ola bilər. Hansısa formada içəridə müəyyən problem yarada, Gürcüstanda, Moldovada tətbiq elədikləri kimi, hansısa ərazini öz nəzarətlərinə keçirə bilərlər. Bu, müvəqqəti ola bilər. Ona görə də bunu gözardı edərək, önə getmək lazımdır. Yəni, biz Qarabağı azad edə bilərik, buna imkanlarımız var. Düzdür, bizə başqa problem yarada bilərlər, amma onu zaman içərisində həll etmək mümkündür.
- Rusiya adətən bu cür situsiyalarda etnik zəmində qarışıqlıq yaratmaqla istəyini reallaşdırmağa çalışır. Belə çıxır ki, Qarabağı ala bilərik, amma ölkədə başqa qarışıqlıq yaradarlar...
- Bəli. Müxtəlif proseslər baş verəbilər. Bunu 92-93-cü illərdə yaşadıq. Rusiyanın əlində etnik münaqişə ocaqlarının açarları var. Daha doğrusu, o təbliğat effektini yaratmaq gücü var. Mən çox cəsarətlə deyə bilərəm ki, Azərbaycanın daxilində - istər talış xalqı, istər ləzgilər olsun - Azərbaycan dövlətçiliyinə inanırlar.
Bu gün Qarabağ uğrunda döyüşən, şəhid olan insanlarımızın arasında talışlar da, ləzgilər də var. Deməli, bizim ayrıca bir düşüncəmiz yoxdur. Hər bir azərbaycanlı kimi, mən bu dövlətdən nə qədər bəhrələnirəmsə, yaxud əziyyət çəkirəmsə, onlar da eyni dərəcədə bəhrələnib, əziyyət çəkirlər.
Müəyyən təxribatlar ola bilər, "5-ci kalon"un vasitəsiylə elə planlar işə düşər ki, Rusiyanın ölkəmizə müdaxiləsi üçün əlavə şanslar yaranar.
Yadınızdadırsa, Dövlət Dumasında rusların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə maddə əlavə olundu ki, lazım gələrsə, ora müdaxilə edə bilsinlər.
Təbii, mən də düşünürəm ki, biz gedib Xankəndinə bayrağımızı sancanda, Rusiya oturub sakitcə baxmayacaq. Ağır bir savaşımız olacaq. Birdəfəlik qurtulmaq istəyiriksə, buna getməliyik. Ərazimizi müxtəlif adlarla ermənilərə vermək istəyiriksə, onda vay halımıza!
- Bəlkə də, hakimiyyət Rusiyadan gələ biləcək təhlükəni görüb sərt addımlar atmır. Necə düşünürsünüz, cəmiyyət Qarabağı alıb başqa itki vermək, yoxsa hazırki status-kvonu saxlamağın tərəfdarıdır?
- Mən konkret demirəm ki, haranısa itirəcəyik. Hər halda, bir itkimiz olacaq, amma ərazi bütövlüyünün, müstəqilliyin açar nöqtəsi yad qoşunun ölkə ərazisində olması ilə müəyyən edilmir. O ərazi də Dağlıq Qarabağ və ətraf rayonlardır. İşğal faktını aradan qaldırmaq isəbizim namus məsələmizdir.
İkinci, hansı problem yaranacaqsa, ona adekvat olaraq reaksiyalar verərik. Hələlik işğalı aradan qaldırıb, ərazi bütövlüyünü təmin etməliyik. Rusiya müəyyən təxribatlar qura bilər, amma bizim ağlımız yerində olarsa, bu problemi önləyə bilərik.
Dağlıq Qarabağdan başqa Rusiyanın Azərbaycana hər hansı bir müdaxiləsi açıq-aşkar təcavüz olacaq.
Bir də, mən inanmıram ki, talış və ləzgi faktoru Azərbaycan dövlətçiliyinə təhlükə yaratmaq həddində gərginləşsin. Çünki bu xalqlar qaynayıb-qarışıb. Onları Rusiyanın əlində alətə çevirmək olmaz. Artıq 90-cı illər deyil. Hamı Rusiyanın mahiyyətini yaxşı bilir. Bu baxımdan Rusiyaya olan ümidlər də puça çıxıb. Ona görə də Rusiyanın burada böyük bir problem yaratmaq imkanları yoxdur. Ortaya iradə qoyub torpaqlarımızı azad etməyin vaxtı çatıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər