17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Süpürgə pulu
Tarix: 06-02-2018 13:51 | Bölmə: Mətanət ƏLİYEVA
Süpürgə pulu

Mən elə bilirdim ki, artıq məktəblərdə süpürgə pulu yığmaq söhbəti qurtarıb. Sən demə, bu söhbət hələ də davam edirmiş.

Yeni müstəqil olduğumuz illərdə orta məktəblərdə süpürgə pulu adı ilə valideynlərdən hər ay pul yığırdılar. Guya bu pula sinifləri süpürmək üçün süpürgə alırdılar, xadiməyə pul verirdilər, elektrik lampası alırdılar və s. Valideynlər hər ay deyinə-deyinə, müəllimlərə qarğış edə-edə bu pulu verirdilər. Çox güman ki, o vaxt da dövlət süpürgə üçün məktəblərə pul ayırırdı, kimlərsə bu pulu mənimsədiyindən sinif rəhbərləri valideynlərdən pul yığmalı olurdular.

Tutaq ki, o vaxt dövlətimiz kasıb idi. Rəsmi təbliğata inansaq, artıq dövlətimiz o qədər varlanıb inkişaf edib ki, hətta regionda lider dövlətə çevrilib. Belə olan halda siniflərdən fond pulu adı altında hər ay pul yığılması başa düşülən deyil.

Elə ailələr var ki, aşağı maaş hesabına yaşayır, maaşı bu aydan o aya güclə çatdırırlar. Onlar üçün ayda 5 manat fond pulu vermək asan deyil.

Təhsil nazirliyinin bəzi məmurları hal-hazırda milyonçu kimi yaşayırlar, ən bahalı maşınları sürürlər, ailə üzvlərinə xidmət edən qulluqçu, sürücü, dayə və s. üçün ayda bir neçə min manat xərcləyirlər.

Rayonlarda aclıq çəkən əhali məmur ailələrinə nökərlik etmək üçün Bakıya axışır. Valideynlər lazımsız dərslərin, lazımsız kitabların, lazımsız iş dəftərlərinin çoxluğundan, dərsliklərin səviyyəsizliyindən qeybət edirlər, lazımsız dərs yükləmələrindən şagirdlərin əsəbləri pozulur, ağır çanta daşımaqdan onurğa sütunları əyilir. Amma valideynlər sözü bir yerə qoyub bu hallarla mübarizə apara bilmirlər.

Bu yerdə dahi Nizaminin “Bayquşların söhbəti” əsəri yada düşür. Xarabalıqda söhbət edən bayquşlar deyirlər ki, nə qədər bu zalım şah var, xarabalıqların sayı ildən-ilə artacaq. Azərbaycanda da nə qədər ki, indiki hakimiyyət qalacaq, təhsil mafiyası korrupsiyadan imtina etməyəcək.

Məktəblərin birində bəzi valideynlər də, görünür, fond pulundan qəpik-quruş əldə etmək üçün intriqalara başlamışdılar. Valideyn komitəsinin sədri hər ay yığılan fond pulunun hesabatını vermədiyi üçün qeybət etməyə başladılar ki, pulu komitə sədri ilə sinif rəhbəri oğurlayır. Ara qızışdıran bu valideynlərin məqsədi əslində o deyildi ki, yığılan pula hesabat verilsin. Onların bəzilərinin məqsədi komitənin üzvü olmaq, çirkin işlərdə iştirak etmək idi. Dedi-qoduya son qoymaq üçün valideynlərdən biri sinif rəhbərinə dedi ki, yığılan pulların hesabatı verilməsə, direktora şikayət edəcək və bu məsələni ictimailəşdirəcək. Bu söhbətdən sonra şəffaflıq təmin olundu, amma məsələni qaldıran valideynə elə münasibət bəslənildi ki, guya xalq düşmənidir. Aydın məsələdir ki, haqsızlığa etiraz edənlər həmişə təklikdə qalır, onlar söyülür, təhqir olunur, böhtana tuş gəlir, böyük cinayətkara etiraz edirsə, daha böyük təhlükə ilə üzləşir. Haqsızlığa dözə bilməyən insan belə şeyləri vecinə almır.

Təhsil nazirliyindəki korrupsiya məhz məktəblərdən başlanır. Əgər bütün valideynlər korrupsiyaya qarşıdırlarsa, mövcud vəziyyətdən narazıdırlarsa, niyə birləşib mübarizə apara bilmirlər?
Bu sualın cavabını tapa bilsək, yəqin ki, problem də həll olunar.

Bir şeyi yadıma salıram ki, korrupsiyaya qarşı mübarizə idarəsi təzə yarananda insanlar buna inandılar, hamı səsini çıxarmağa, şikayət etməyə başladı. Sonra gördülər ki, bu da görüntü üçündür və hamı susdu. Yəqin insanlar çox uzaqgörəndir, bilirlər ki, məktəblərə büdcədən ayrılan pulu kimlər yeyir və bu adamlarla mübarizə aparmaq mümkün deyil. Mübarizənin son həlli hüquq-mühafizə orqanlarına həvalə olunur, son qərarı isə məhkəmə verir. Bu orqanlardakı bəzi şəxslər isə cinayətkarlara xidmət edir.

Bizdə müstəqil məhkəmə yoxdur, deputatlar “təyin” olunur, bəzi mətbuat işçilərini satın alıblar, hakimiyyət bir əldə cəmləşib. Belə bir vəziyyətdə necə mübarizə aparmaq olar? Bu sualın cavabını tapan adam ölkəmizdə böyük mütəfəkkir və güclü siyasi lider ola bilər.

Son günlər insanların əsəbləri ilə oynayan bir məsələ də ortaya atılıb. Bir qrup dilçi “alim” sözlərin yazılışında dəyişikliklər etməyə başlayıblar. Bəzi ayrı yazılan sözlər bitişik yazılmalıdır, bəzi bitişik yazılan sözlər ayrı yazılmalıdır, qoşa samitlərin biri atılmalıdır və s. kimi axmaq təkliflər irəli sürürlər. “Alimlərin” bu mənasız fəaliyyətinin səbəbini heç kim dərk edə bilmir. Biri deyir, vətəndaşları savadsızlaşdırmaq istəyirlər, biri deyir, görüntü yaratmaq istəyirlər ki, guya alimlər işlə məşğuldur, digəri bildirir ki, bu yolla elmi adlar almağa çalışırlar. Bir sözlə, kim nə istəyir onu da edir, xalq hüquqsuz və acizdir.

İndi də guya əhalinin qida təhlükəsizliyi üçün tədbirlər görürlər. Vətəndaşlar indiki vəziyyətdə ölü, xəstə, qoca heyvanların da ətini alırlar. Kasıblar ətə baxan kimi onun keyfiyyətini görür, amma bahalı ətə pulları olmadığı üçün ucuz, iylənmiş ət alırlar.

Qeyrət Partiyasının sədri rəhmətlik Əşrəf Mehdiyev deyirdi ki, insan 40 gün ət yeməsə qudurar. Aylarla ət almağa pulu olmayan insan dözə bilmir, iylənmiş eşşək əti də olsa, onu alır. Vətəndaşlara normal maaş, pensiya verilsə, işləyib pul qazanmaq imkanı yaradılsa, iylənmiş əti alan olmaz. Alıcısı olur deyə, iylənmiş əti bazara çıxaranlar da tapılır, alıcı olmasa Hindistandan keyfiyyətsiz əti də ölkəmizə gətirən olmaz.

Azərbaycanın pullarının 99 faizi Bakıda boş qalmış, heç kimin yaşamadığı binalara xərclənir. Rayonlarda isə palçığın içərisində gəzən, təzək hisinin iyini verən, iylənmiş eşşək əti yeyən, müalicəyə pul tapmadığından gözü kor olan, yalan təbliğatdan bezən qəzəbli insanlar bir-birini didib parçalamaq istəyir. Xalqdan ayrı düşmüş məmurların xalqın qəzəbindən xəbərləri yoxdur deyə, səhiyyədən oğurladıqları milyonların əllərindən çıxmaması üçün icbari tibbi sığortanı yenə yubadırlar.




Bölməyə aid digər xəbərlər