07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şübhəli qələbə
Tarix: 27-09-2016 17:48 | Bölmə: Xəqani CƏFƏRLİ


Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı və hakim Vahid Rusiya Partiyası deputat yerlərinin dördə üçünə sahibləndi. Amma nə bu qələbə, nə də bu münasibətlə bəzi dövlət rəhbərlərindən alınan təbriklər hakim partiyanın sədri, Rusiyanın Baş naziri Dmitri Medvedevin rahatlığına əsas verməyib. Seçkidən dərhal sonra Baş nazirin "İqtisadiyyatın problemləri" adlı geniş məqalə yazması da bunu göstərir.

Eyni sözləri Rusiyanın dövlət başçısı, hakim partiyanın lideri Vladimir Putin haqqında da demək olar. Putin seçkinin nəticələrini xalqın hakim partiyaya verdiyi avans kimi dəyərləndirib və görüləcək çoxsaylı işlərin olduğuna diqqət çəkib.

Prezidentin və Baş nazirin qələbə əhval-ruhiyyəsindən uzaq olmaları göstərir ki, seçkidə qazanılan qələbənin legitimlik problemi var. Gələcəkdə tarixçilərin bu seçkini seçicilərin passiv boykot etdiyi bir siyasi kampaniya kimi dəyərləndirəcəklər.

Əgər federasiyanın Çeçenistan və Başqırdıstan kimi bir neçə subyektindəki seçkilərin nəticələrini nəzərə almasaq, o zaman seçkidə təxminən 35 faiz seçicinin iştirak etdiyini, 65 faizin isə onu passiv boykot etdiyini görə bilərik. Bu isə Putinin 85 faizlik dəstəyə malik olması haqqında rəy sorğularının da saxta olduğunu göstərir.

Putinin "ümummili lider"liyini şübhə altına alanlar haqlı olaraq qeyd edirlər ki, dövlət başçısını dəstəkləyən 85 faizin yarısı belə, seçkilərdə iştirak edib, hakim partiyaya səs verməklə prezidenti dəstəkləməyib. Deməli, Putinin ölkə əhalisinin 85 faizi tərəfindən dəstəklənməsi saxta rəy sorğusundan başqa bir şey deyildir.

Əgər seçkidə iştirak edənlərin bir qisminin əsgər, məhbus və dövlət quluqçuları olduğunu da buraya əlavə etsək, deməli, seçkidə ən yaxşı halda cəmi 25 faiz seçici iştirak edib. Onların bir qismi də digər partiyalara səs veriblər.

Riyazi hesablamalar ölkə əhalisinin ən yaxşı halda 10 faizinin hakim partiyanın fəal dəstəkçisi olduğunu üzə çıxarır. Bu isə legitimliklə bağlı həqiqətən də ciddi problemlər yaradır. Putin ilə Medvedevi narahat edən də məhz budur.

İqtisadi böhranın dərinləşdiyi, sosial gərginliyin artdığı bir ölkədə 10 faizlik dəstəklə stabilliyi uzun müddət qorumağın mümkün olmayacağını Kremldə çox yaxşı bilirlər. Putin və Medvedevin seçkidən sonra qələbə sevinci duymamalarını bununla əsaslandırmaq olar. Həm də onlar anlayırlar ki, seçki son deyil, başlanğıcdır. Bundan sonra xalqın tələbləri artmağa, ucadan səslənməyə və küçələrə yayılmağa başlayacaq.

Dövlət Dumasında deputat yerlərinin əksəriyyətini ələ keçirmələrinə baxmayaraq, Putin və Medvedev iqtisadi böhrandan çıxış yolu tapa bilmir. Ona görə də cəmiyyətin mühüm hissəsi tərəfindən legitimliyi şübhə altına alınan seçkinin nəticələri əsl qələbə əhval-ruhiyyəsi yarada bilmir.

Putin və Medvedev anlayır ki, Kommunist Partiyasının SSRİ Ali Sovetinə keçirdiyi sonuncu seçkidəki tam qələbəsi Sovet İttifaqını xilas edə bilmədiyi kimi, Vahid Rusiya Partiyasının qələbəsi də nə onların, nə də Rusiyanın gələcəyini təmin etmək gücündə deyil. Onların sevinməsinə imkan verməyən də məhz budur.

Reyting.az

 


Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}