10:12 / 15-10-2024
Britaniya Gürcüstanla dialoqu dondurub
09:56 / 15-10-2024
Mark Rutte: Rusiya NATO-nu qorxuda bilməyəcək
09:52 / 15-10-2024
İki vəkillə bağlı məhkəməyə müraciət olunub
09:34 / 15-10-2024
Avropa çempionatı: millimiz bu gün İngiltərə ilə üz-üzə gələcək
09:15 / 15-10-2024
Leyla Əliyeva ICESCO-nun baş direktoru ilə birgə layihələri müzakirə edib
09:09 / 15-10-2024
Kolleclərə yeni təyinatlar olub - Foto
09:03 / 15-10-2024
Rusiyanın üç bölgəsi gecə hücumlarına məruz qalıb
08:28 / 15-10-2024
Zelenski qələbə planını təqdim edəcək
08:08 / 15-10-2024
Foto müsabiqəsinin qalibləri bəlli olub - Foto
07:46 / 15-10-2024
Bu gün Gürcüstanda iki zəlzələ baş verib
07:41 / 15-10-2024
Prezident milyonçu senatoru və iki deputatı ölümlə hədələyir
23:25 / 14-10-2024
Agentlik sədri daha bir idarədə etiraz yaradıb - 130 nəfər ixtisara salınıb - (Video)
23:19 / 14-10-2024
Fernandu Santuş: "Məğlubiyyəti biabırçı adlandırmazdım"
21:13 / 14-10-2024
Viktor Orban Bakıya gələcək
18:02 / 14-10-2024
Ərəblər Oğuzda avtomobil qəzasına düşüb
17:49 / 14-10-2024
Bütöv Ay yol qəzalarının sayını artırır
17:43 / 14-10-2024
Baydenin Almaniyaya səfəri bu həftə reallaşacaq
17:18 / 14-10-2024
Məmməd Araza həsr olunan tədbir keçirilib
16:46 / 14-10-2024
MN-dəki 143 milyonluq mənimsəmə... - Xidmət rəisi elə faktları açdı ki...
16:43 / 14-10-2024
NATO-nun nüvə təlimlərinə 8 aviabazada start verilir
15:59 / 14-10-2024
Məsud Pezeşkian Şahin Mustafayevi qəbul edib
15:52 / 14-10-2024
Vaqif Cavadov “Sumqayıt”ın müvəqqəti baş məşqçisi təyin olunub
15:32 / 14-10-2024
Dövlət Su Ehtiyatları Agentliyinə əlavə səlahiyyət verilib - Fərman
15:26 / 14-10-2024
Rusiyanın hərbi aerodromu vurulub
15:20 / 14-10-2024
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib - Siyahı
15:11 / 14-10-2024
Natiq Cəfərli PA-nın şöbə müdiri ilə görüşüb
15:10 / 14-10-2024
"Neftçi"nin yeni baş məşqçisi bəlli olub - (Yenilənib)
15:00 / 14-10-2024
“Monte Karlo”da müğənni bıçaqlanıb
14:53 / 14-10-2024
Qarabağ zonasında daha 1198.7 hektar ərazi minalardan təmizlənib
15:20 / 14-10-2024
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib - Siyahı
11:21 / 11-10-2024
Yeganə vasitəçi: Putin Əliyev və Paşinyanla nədən danışıb?
10:29 / 10-10-2024
Böyük təhlükə: iqlim böhranı kritik həddə çatıb
11:23 / 14-10-2024
Bu ay sülh sazişinin imzalanması təklif olunur
12:13 / 11-10-2024
Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib
12:21 / 11-10-2024
Qlobal vəhşi təbiət populyasiyalarının 73 faizi məhv olub - Hesabat
19:42 / 10-10-2024
Ramzan Kadırov çeçenləri hədələyir
09:44 / 11-10-2024
Ukraynalı jurnalist Viktoriya Roşçina rus əsirliyində ölüb
11:03 / 11-10-2024
18 tələbə dönərdən zəhərlənib - (Yenilənib)
17:12 / 11-10-2024
Dünya nüvə fəlakəti ilə üz-üzədir
11:01 / 12-10-2024
Rəsmi Bakı Niderlandın daha iki əsassız qətnaməsinə etiraz edir
16:46 / 14-10-2024
MN-dəki 143 milyonluq mənimsəmə... - Xidmət rəisi elə faktları açdı ki...
İlham Əliyev: “Həm siyasi, həm də iqtisadi islahatları davam etdirəcəyik” - Müsahibə
Tarix: 05-04-2018 21:37 | Bölmə: Müsahibə / Slayd
Azərbaycan prezidenti deyir ki, ölkənin demokratikləşməsi istiqamətində mühüm addımlar atılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.
Reyting.az saytı Azərtac-a istinadla həmin müsahibəni təqdim edir:
- Cənab Prezident, İlham Heydər oğlu, Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz Sizinlə Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalmış görüşürük. Bu beş ilə yaxın müddət çox tez keçdi. Düşünürəm ki, Sizin üçün bu illər bəlkə də bir an kimi keçdi. Amma hər halda, bu son beş ilin Sizin üçün, ölkəniz üçün nə ilə əlamətdar olduğunu bir neçə kəlmə ilə deyərdiniz, hərçənd, bunu bir neçə kəlmə ilə ifadə etmək yəqin ki, çətindir.
- Mənim fikrimcə, əsas məsələ ondan ibarətdir ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir.
- Siz iqtisadiyyat barədə danışdınız və bu, çox vacibdir. Amma hər halda tarix baxımından Azərbaycan gənc ölkədir. Əslində, inkişaf etmiş siyasi sistemə malik olan bir dövlət kimi Azərbaycanın hələ 30 yaşı da yoxdur. Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır?
- Şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb.
Bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim. Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.
- İlham Heydər oğlu, Siz Azərbaycanın iqtisadiyyatda qazandığı uğurların ekspertlər tərəfindən yüksək qiymətləndirilməsindən danışanda, əlbəttə, bu, ilk növbədə, Azərbaycanın iqtisadi müstəqilliyinin nəticəsidir. Bu iqtisadi müstəqilliyin təməli Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulub. Lakin belə demək ədalətli olardı ki, tam iqtisadi müstəqillik, sözün həqiqi mənasında, son beş ildən bir qədər artıq müddətdə qazanılıb. Bununla əlaqədar Siz sosial-iqtisadi inkişafın hansı istiqamətlərini daha prioritet hesab edirsiniz? Sizin fikrinizcə, Azərbaycan hansı sahələrdə daha böyük uğurlar qazanıb, hansı istiqamətləri isə hələ inkişaf etdirmək lazımdır?
- Bəli, siz tamamilə haqlısınız. Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub.
- Bunlar xarici sərmayələrdir?
- Bunun yarısı xarici, yarısı daxili sərmayələrdir. Bu da həm Azərbaycan dövlətinin, həm də Azərbaycanın özəl sektorunun fəal investisiya siyasətinə dəlalət edir. Buna görə də bütün bunlar bu gün tamamilə təmin olunmuş iqtisadi müstəqilliyin əsasını təşkil edir.
Son illərin sanballı uğurları arasında bizim enerji sektorunda nailiyyətlərimizi də qeyd etmək istərdim. Biz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişik. Yaxın keçmişdə qazı da idxal edirdik, indi qazın ixracatçısına çevrilmişik. Bizim həyata keçirdiyimiz iri neft-qaz layihələri böyük maliyyə resurslarını akkumulyasiya etməyə imkan verir. Biz həm ölkə daxilində, həm də regional miqyasda nəqliyyat infrastrukturuna çox fəal şəkildə sərmayə qoymuşuq, bununla da gələcəkdə davamlı inkişaf üçün təməl yaratmışıq.
Hələ görülməli işlərə gəldikdə isə, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsini, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılmasını və qeyri-neft sektorunda ixracın artırılmasını qeyd etmək istərdim. Məhz bu istiqamətlərdə fəal iş aparırıq. Son 2-3 ilin nəticələri çox sanballıdır. Biz qeyri-neft sektorunda ixracı 20-30 faiz artırmışıq və gələcəkdə əlbəttə ki, bu məsələ ən prioritet mövzulardan biri olacaq.
Qeyd etməliyəm ki, bəzi ölkələrdən fərqli olaraq biz daim yeni iş yerləri yaradılması üzərində çalışırıq. Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılıb. Lakin bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Zənnimcə, bu da iqtisadi artımın indikatorudur. Buna görə iqtisadiyyatımız bizim demoqrafiyanı daim qabaqlamalıdır. Mən hökumətin qarşısında bu vəzifəni qoymuşam və biz bu istiqamətdə işləyirik.
Buna görə yeni istehsalatların, əhalinin daha artıq sayı üçün nəzərdə tutulan sosial infrastrukturun yaradılması qarşıdakı illərdə əsas prioritet olacaq.
- Xəritəyə baxanda görünür ki, Azərbaycan, belə deyək, dünyanın heç də ən sakit regionunda yerləşmir, onun yaxınlığında və ya ondan azacıq uzaqda müxtəlif münaqişələr baş verir və düşünürəm ki, bu, müəyyən qədər narahatlıq doğurur, eyni zamanda, ölkənin müdafiə qabiliyyətini möhkəmlətməyi zəruri edir. Bilirəm ki, ordunun möhkəmləndirilməsi üçün çox iş görülməsi barədə Siz özünüz də dəfələrlə danışmısınız. Bu gün Azərbaycanın müasir silahlarla təchiz olunmuş müasir ordusu var. Ölkənin həqiqətən, Siz demişkən, etibarlı şəkildə müdafiə olunması, bu istiqamətdə möhkəmlənmək üçün daha hansı işlərin görülməsini vacib hesab edirsiniz?
- Bəli, siz haqlısınız. Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq və ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir.
- Bəzi qonşularınızdan fərqli olaraq Azərbaycan tarixən multimilli ölkə olub və bu gün də belədir. Azərbaycanda təkcə iri milli diasporların sayı 10-dan çoxdur, azsaylı xalqları da nəzərə alsaq belə diasporlar onlarcadır. Sizin fikrinizcə, bu millətlərarası həmrəyliyi, sülhü dəstəkləmək, bu diasporların bir-biri ilə xoş qarşılıqlı münasibətlərdə yaşamaları üçün nə iş görülür və Siz bu fəaliyyəti nə dərəcədə gərəkli hesab edirsiniz?
- Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik.
Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşamırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çoxsaylı beynəlxalq tədbirlər keçirilib - Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Bu il biz "Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir. Biz bunu bu istiqamətdə uğurlarımızı nümayiş etdirmək üçün deyil, bu müsbət meyillərin möhkəmlənməsi üçün edirik. Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq.
- Siz konfessiyalararası sülh barədə danışdınız. Bu, doğrudan da belədir. Mən canlı şahid olmuşam ki, Novruz bayramı günlərində məscidlər dolu olur, pravoslavların Pasxa bayramında pravoslavlar rus kilsəsinə gəlir, sinaqoqda həmişə yəhudi dininə etiqad edən insanlar olur. Azərbaycan dünyəvi dövlətdir, lakin, eyni zamanda, müsəlman ölkəsidir. Sizin üçün sirr deyil ki, bəzi radikal islamçı qruplaşmaların inkişaf etməsi qorxusu var. Azərbaycan üçün bu təhlükə, radikal qruplaşmaların buraya soxulması təhlükəsi nə dərəcədə ciddidir? Siz buna qarşı mübarizə aparmağı nə dərəcədə zəruri hesab edirsiniz və bunu necə etmək olar?
- Bilirsinizmi, potensial baxımdan bütün müsəlman ölkələrində bu cür təhlükə var. Əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir. Buna görə biz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq. Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir.
Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır. Dediyim kimi, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir.
Deməliyəm ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur. Biz, sadəcə, özümüzü kənardan mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi və ideoloji xarakterli tədbirlərlə qorumalıyıq.
- Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür. Hamı görür ki, Azərbaycanın xarici siyasi mövqeləri ilbəil möhkəmlənir. Bir neçə il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna sübutdur. Siz necə hesab edirsiniz, xarici siyasətin bu istiqamətlərini nə dərəcədə inkişaf etdirmək lazımdır? Sizin fikrinizcə hansı sahələrdə bəzi ləngimələr, çatışmazlıqlar var və bu gün xalqların siyasi ailəsində Azərbaycan özünü necə hiss edir?
- Çox rahat və inamlı hiss edir. Düşünürəm ki, xarici siyasət sahəsində biz mümkün olan maksimuma çatmışıq. Sizin qeyd etdiyiniz kimi, bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Bu onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik. Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır və o daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Düşünürəm ki, biz bunu edə bilmişik. Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur.
Deməliyəm ki, biz beynəlxalq arenada böyük etimad qazanmışıq və bizimlə razılaşmaya bilərlər. Lakin düşünürəm ki, bizə hörmət edir və etimad bəsləyirlər. Bir daha deyirəm, bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun, lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq.
- Siz Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə münasibətlərinin strateji xarakter daşıması barədə dəfələrlə danışmısınız. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin də bu barədə danışıb, özü də dəfələrlə. Rusiyada seçkilər keçirildi. Bu vəzifəyə seçilməsi münasibətilə Rusiya Prezidentini ilk təbrik edənlərdən biri Siz oldunuz. Ekspertlərin çoxu Rusiya Prezidenti ilə Sizin münasibətlərinizin xüsusi etimada əsaslandığını deyirlər. Siz dəfələrlə görüşmüsünüz. Bununla əlaqədar, Siz Rusiya-Azərbaycan, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Daha nə etmək lazımdır, bu sahədə nə kimi çətinliklər var? Digər tərəfdən, bu münasibətlərin inkişafı üçün iki liderin bu cür şəxsi əlaqələrini Siz nə dərəcədə vacib hesab edirsiniz?
- Şübhəsiz, hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır. Əlbəttə, Prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Sizin qeyd etdiyiniz kimi, bizim aramızda çox etimadlı münasibətlər var, bizdə qapalı mövzular yoxdur və bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik və ya görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bizim ikitərəfli münasibətlərin bu çox vacib amili dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayıb və yenə oynayır. Düşünürəm ki, çox cəhətdən bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacib olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da.
Biz bir sıra məsələlər üzrə çox sıx qarşılıqlı əlaqə saxlayırıq. İqtisadi sahədə əmtəə dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq çox geniş sahədir. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb var. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımızın mühüm amilidir. Demək istəyirəm ki, münasibətlərimiz tamdəyərlidir və düşünürəm ki, qonşular və dostlar arasında münasibətlər belə olmalıdır.
- Bizdə beynəlxalq gündəliyə aid daha bir məsələ var. Bu, Xəzər məsələsidir. Azərbaycan Xəzəryanı ölkədir. Burada digər Xəzəryanı ölkələrin – Rusiya, Türkmənistan, Qazaxıstan və İranın da maraqları var. Bilirəm ki, Xəzərin statusu, Xəzərin təkindən istifadə edilməsinin bəzi şərtləri barədə danışıqlar aparılır. Bu danışıqlar hansı mərhələdədir və Siz bu inkişafın perspektivini necə təsəvvür edirsiniz?
- Məncə, Xəzər dənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik. Qiymətləndirmə və təhlil tələb edilən bütün məsələlərdə meyilləri nəzərə almaq lazımdır. Yəni, bu məsələyə dair qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur və deməliyəm ki, görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib. Düşünürəm ki, bütün Xəzəryanı dövlətlər tərəfindən bundan sonra da nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni tənzimləməyə və Xəzər dənizinin statusu məsələsinə bir növ nöqtə qoymağa imkan verəcək. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir. Hər halda, Azərbaycana aid problem yoxdur.
Bizim bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərimiz var. Ona görə düşünürəm ki, bütün Xəzəryanı ölkələrin şərik çıxdığı bu yanaşma – Xəzərin statusu məsələsini qonşularla münasibətlərin gündəliyində bir nömrəli məsələ hesab etmək əvəzinə, qüvvələrimizi bu gün həll edilməsi mümkün və lazım olan məsələlər üzərində cəmləşdirməliyik. Bununla da biz həmin məsələnin tənzimlənməsi üçün zəmin yaratmış olarıq. Hesab edirəm ki, beynəlxalq problemlərlə bağlı bütün başqa məsələlərdə olduğu kimi, burada da beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin xeyirxah iradəsi ilə bağlı məsələlər əsas götürülməlidir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə irəliləmək üçün planlarımız var. Düşünürəm ki, lap yaxın vaxtlarda biz yaxşı nəticələr görəcəyik.
- İlham Heydər oğlu, əlbəttə, Sizdən soruşmaya bilmərəm ki, Dağlıq Qarabağ ətrafında vəziyyət necə inkişaf edir. Mən başa düşürəm, bu məsələ yəqin ki, daim Sizin diqqətinizdədir, Prezident kimi peşəkar fəaliyyətinizdə bu sual var. Minsk qrupu işləyir, nazirlər görüşür, hərdən bir müxtəlif formatlı ali səviyyəli görüşlər baş verir. Amma hər halda məndə belə təsəvvür yaranıb və əslində güman edirəm, bütövlükdə ekspert cəmiyyəti də bu fikirdədir ki, vəziyyət dairə boyunca hərəkət edir. Vəziyyət sanki donma mərhələsindədir. Bu vəziyyət Azərbaycan üçün nə dərəcədə məqbuldur? Bununla əlaqədar hər hansı irəliləyiş gözləmək olarmı və bu ağrılı vəziyyətin nəhayət sona çatması üçün hansı addımlar atılmalıdır?
- Şübhəsiz, indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil. Xüsusən ona görə ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr – Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o, dəyişməlidir. Biz bu mövqeyə tamamilə şərikik və bu cür bəyanatları çox düzgün hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib.
Digər beynəlxalq təşkilatlar da buna oxşar qərarlar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Ermənistan həmin qətnamələri yerinə yetirmir. Azərbaycan torpaqlarının işğalı davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz torpağında məcburi köçkün, qaçqın vəziyyətinə düşüb. Bizim şəhərlərimiz dağıdılıb, insanlarımız öz yurdlarından qovulub. Bizə qarşı etnik təmizləmə həyata keçirilib. Bütün bunlar faktlar və materiallarla sübut edilib. Bu cür materiallar kifayət qədərdir. Lakin məsələnin tənzimlənməməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ermənistan status-kvonu dəyişmək istəmir. Ermənilər sözdə danışıqlar aparmaq arzusunu bildirir, əslində isə danışıqları imitasiya etməklə məşğul olur və əllərindən gələni edirlər ki, siz demişkən, hər şey dairə boyunca təkrarlansın və bu prosesin sonu olmasın. Bu isə istər bizim üçün, istərsə də dünya birliyi üçün qəbuledilməzdir. Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən tezliklə yerinə yetirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə tezliklə başlanması, – axı, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycan SSRİ-nin Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan və olmamış 7 Azərbaycan rayonu da işğal altındadır, – münaqişənin mərhələli tənzimlənməsində birinci addım olmalıdır və münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir.
-Siz Azərbaycanın beynəlxalq fəaliyyəti, onun beynəlxalq fəallığı, Azərbaycanın iri forumlar, tədbirlər keçirilən məkana çevrilməsi barədə danışdınız. Belə hallarda Azərbaycan bu tədbirlərin təşəbbüsçüsü kimi çıxış edib, iştirakçıları dəvət edib. Yəni, beynəlxalq təşkilatlar, beynəlxalq təsisatlar öz görüşləri üçün Azərbaycanı özləri seçirlər, belə nümunələr çoxdur. Məsələn, hazırda Rusiya-Amerika münasibətlərində hamı fikir verib ki, Rusiyanın və Birləşmiş Ştatların Baş Qərargah rəisləri - ABŞ Birləşmiş Qərargahlarının rəisi general Danford və Rusiya Baş Qərargahının rəisi, ordu generalı Gerasimov iki dəfə Bakıda görüşüblər. Bu, Sizin razılığınızla onların seçimi idi. Mənə belə gəlir ki, bu da Azərbaycanın dünya arenasında nüfuzunun möhkəmlənməsinin çox mühüm göstəricisidir. Sizin fikrinizcə, Azərbaycanın, onun paytaxtı Bakının bundan sonra da ən aktual problemlər üzrə çoxtərəfli və ya ikitərəfli görüşlər üçün bir məkan olması nə dərəcədə vacibdir?
- Bəli, siz haqlısınız, Azərbaycan həm regional, həm də qlobal əməkdaşlıq məkanına çevrilir. Biz də Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin görüşlərinin keçirilməsi məkanı kimi Bakının seçilməsi təklifini bizə hörmət və etimad əlaməti kimi qiymətləndirdik. Biz bunu həm də Azərbaycanın düzgün qurulmuş xarici siyasətinin daha bir elementi kimi qiymətləndiririk. Azərbaycan dünya birliyi tərəfindən çox etibarlı tərəfdaş, dost ölkə kimi qəbul edilir. Ölkəmiz beynəlxalq, regional və qlobal əməkdaşlığı təkcə bəyan etmir, həm də bu işdə konkret mühüm addımlar atır. Biz artıq çoxlu sayda iri beynəlxalq tədbirlər, beynəlxalq forumlar, idman tədbirləri – birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları təşkil edən ölkəyik. Bu Oyunlar arasında cəmi iki il vaxt keçib. Bu da bizim imkanlarımızı, habelə dünyanın bizə münasibətini nümayiş etdirir. Ona görə ki, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası 100-dən çox ölkəni birləşdirir. Bu, dünya birliyinin yarıdan çoxu deməkdir. Bunlar əslində dünyanın aparıcı ölkələridir. Əlbəttə, düşünürəm ki, biz buna öz əməyimizlə, öz siyasətimizlə və onun sayəsində nail olmuşuq ki, Bakı dünya xəritəsində çox məşhur şəhərə çevrilib.
Onu da deməliyəm ki, son vaxtlar bizə çoxlu turistlər gəlir. Son üç ildə turizm çox inkişaf edib. Bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin nəticəsidir. Azərbaycan sabit ölkədir, Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur, ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, əlbəttə, gələcəkdə bu cür tədbirlər daha çox olacaq. Biz öz tərəfimizdən həmişə çalışırıq ki, sıx əməkdaşlıq etdiyimiz ölkələrin öz arasında da yaxşı işgüzar münasibətlər olsun. Biz bu regionda yaşayırıq. Bu regionda baş verən bütün hadisələr istər-istəməz bizə müəyyən dərəcədə təsir edir. Buna görə də biz çalışmalıyıq ki, özümüz üçün riskləri beynəlxalq əməkdaşlıq vasitəsilə minimuma endirək. Əgər biz dünyanın aparıcı ölkələri arasında gərginliyin azaldılması işinə hər hansı kiçik töhfə verə biliriksə, əlbəttə, gələcəkdə də bunu edəcəyik.
- İlham Heydər oğlu, bilirsinizmi, Azərbaycanı sevən insanlar, onun uğurlarını izləyənlər Azərbaycanın sosial-iqtisadi sahədə, siyasi inkişafda qazandığı nailiyyətlərə görə sevinməyə bilməzlər. İndi, seçkilər ərəfəsində Siz ötən beşilliyə nəzər salaraq deyə bilərdinizmi ki, bu illər ərzində ən çətin iş nə olub? Elə hallar olubmu ki, gecələr yuxunuz ərşə çəkilib, Sizə elə gəlib ki, nə isə alınmır və daha nə etmək lazımdır? Axı, hər halda seçkilər ərəfəsində Siz bundan sonrası barədə də düşünürsünüz?!
- Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm.
Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir.
Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq. Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib.
- Onda, icazənizlə, bu sualı dəqiqləşdirim. Elə həftə olmur ki, Siz respublikanın rayonlarına, müxtəlif regionlara səfər etməyəsiniz. Siz insanlarla fəal görüşlər keçirirsiniz. Özünüzün haqlı olaraq dediyiniz kimi, populizm Sizə xas olan cəhət deyil. Lakin, eyni zamanda, insanlar Sizə müəyyən xahişlərlə, müəyyən suallarla müraciət edirlər. Müxtəlif regionlar üzrə ümumiləşdirmə aparsaq, insanları ən çox narahat edən nədir? Onlar Sizə nə barədə müraciət edirlər?
- Bilirsinizmi, burada da həmin müraciətlərin dinamikası var. Fikrimcə bu, bizim sosial-iqtisadi inkişafımızın əsas göstəricisidir. Mənim Prezident seçildiyim ilk illərdə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq. Son illərdə biz hər il 100 min hektardan çox suvarılan torpağı istifadəyə veririk. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Bunlar əhalini narahat edən əsas amillər idi. Bundan əlavə, 1 milyon 400 min iş yeri açılıb. Mahiyyət etibarilə işsizlik göstəricisi azalaraq 5 faizə endirilib. Buna görə də müraciətlərin dinamikası və mövzuları dəyişir.
Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir. Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq. Çünki artıq dediyim ki, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib.
Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm. Yeri gəlmişkən deməliyəm ki, bu il biz Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının üçüncü proqramını başa çatdıracağıq. Birinci proqram 2004-cü ildə qəbul edilib. Bütün bu proqramlar, onların çox hissəsi yerlərdən verilən təkliflərə əsaslanır. Yəni, bu proqramlar ümumi xarakter daşımır, bunlar şüarlar deyil. Orada hansı şəhərdə, hansı kənddə, nə vaxt hansı işlər görüləcəyi konkret əksini tapıb. Bu, bizim beşillik fəaliyyətimiz üçün əyani sənəddir. Biz üçüncü proqramı tamamlayırıq. İndidən görünür ki, biz onu xeyli artıqlaması ilə yerinə yetirmişik. Buna görə də düşünürəm ki, gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması və sahibkarlar, iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq.
- Biz müasir Azərbaycan barədə demokratik, inkişaf etməkdə olan bir ölkə kimi danışırıq. Lakin hələ 100 il bundan əvvəl müasir demokratik respublika qurulması sahəsində təəssüf ki, qısamüddətli bir təcrübə olub. Siz bu hadisələrin təntənəli şəkildə qeyd edilməsi barədə müvafiq Sərəncam imzalamısınız. Sizin fikrinizcə, həmin təcrübənin hansı elementləri, 100 il bundan əvvəl demokratik respublika yaratmağın hansı mexanizmləri bu gün onlardan hansı şəkildəsə istifadə etmək üçün vacib və gərəklidir, bu təcrübə nə dərəcədə faydalıdır?
- Bu il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir. Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq. Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər.
- Azərbaycan tarixən həmişə təkcə Şərqin deyil, bütün dünyanın mədəni mərkəzi olub. Son onilliklərdə Qara Qarayevin, Fikrət Əmirovun musiqisini, Səttar Bəhlulzadənin, yaxud Allaha şükür indi sağ-salamat olan Tahir Salahovun rəsm əsərlərini, Anarın və ya yaxın vaxtlarda dünyasını dəyişmiş, mənim fikrimcə böyük yazıçı olan Maqsud İbrahimbəyovun ədəbi əsərlərini götürsək, bunlar hamısı dünya mədəniyyəti xəzinəsinin tərkib hissələridir və hər bir mədəni insan bu adları bilir. Sizin fikrinizcə, Azərbaycanın mədəni xəzinəsi nə dərəcədə onun məxsusi sərvətidir? Azərbaycanı bir sıra ölkələr arasında bu qədər fərqləndirən bu mədəni tərkib hissənin prioritet kimi qalması üçün nə etmək lazımdır?
- Şübhəsiz, mədəni irsimiz bizim böyük sərvətimizdir və biz görkəmli nümayəndələrimizlə fəxr edirik. Azərbaycan əsrlər boyu dünyaya görkəmli mütəfəkkirlər, şairlər, alimlər, ictimai xadimlər bəxş edib. Bu gün bu ənənələr davam etdirilir. Buna görə də əlbəttə, Azərbaycan mədəniyyətinin korifeyləri Azərbaycanı məşhurlaşdıran insanlardır, onlar xalqımızın mədəni irsidir və biz öz mədəni irsimizə çox qayğı ilə yanaşırıq, onu qoruyuruq. Bu gün əsas vəzifə ondan ibarətdir ki, azərbaycanlıların gənc nəsli də bizim görkəmli xadimlərimizin nümunəsində, vətənpərvərlik ruhunda, öz mədəniyyətinə bağlılıq ruhunda tərbiyə olunsun. Fikrimcə, bu, gənc nəslin tərbiyəsi baxımından əsas istiqamətlərdən biridir. Gənclər əlbəttə ki, dünya üçün açıq olmalıdırlar. Lakin onlar həm də öz tarixi, mədəni köklərinə çox bağlı olmalıdırlar. Bu, Azərbaycanın və cəmiyyətimizin fasiləsiz inkişafının rəhni olacaq. Ona görə ki, güclü iqtisadiyyatı və ya güclü ordusu, güclü xarici siyasi mövqeləri olan, lakin əsasları, kökləri olmayan xalq uğurlu ola bilməz. Buna görə müasir Azərbaycan dövləti çox dərin mədəni, milli, əxlaqi köklərə, bizim, əlbəttə ki, əziz tutduğumuz dəyərlərə əsaslanır. Əlbəttə, biz fəxr edirik ki, dünyaya bu qədər çoxsaylı görkəmli mədəniyyət xadimləri bəxş etmişik.
- Siz Azərbaycanda birinci Avropa Oyunlarının, İslam Oyunlarının keçirilməsindən danışdınız. Lakin düşünürəm ki, Azərbaycanın bu cür iri beynəlxalq yarışların keçirilməsi məkanı kimi seçilməsi təkcə Azərbaycanda yaxşı idman qurğularının olması ilə bağlı deyil. Bu, ilk növbədə, onun etiraf edilməsidir ki, Azərbaycan get-gedə daha artıq dərəcədə ciddi idman dövlətinə çevrilir. Mən fikir vermişəm, bu gün Azərbaycan idmançıları, məsələn, Yay Olimpiadalarından qayıdarkən özləri ilə təkcə güləş kimi ənənəvi idman növlərində deyil, həm də ümumiyyətlə Azərbaycan üçün ən gözlənilməz idman növlərində medallar gətirirlər. Bununla əlaqədar, Siz Azərbaycanın həyatının bu tərkib hissəsinin inkişafını nə dərəcədə vacib hesab edirsiniz ki, millət həqiqətən sağlam böyüsün, idman inkişaf etsin? Bunun üçün nə edirsiniz?
- Bilirsinizmi, Azərbaycan Milli Olimpiya Komitəsinə 20 ildən artıq rəhbərlik edən bir şəxs kimi deməliyəm ki, biz bu istiqamətdə çox iş görmüşük və idmanın, bizim nailiyyətlərimizin ardıcıl inkişafı əsas göstəricidir. Yəni, biz bir neçə istiqamət üzrə irəliləmişik. Bu istiqamətlərdən birincisi və ən başlıcası kütləvi idmandır. Bu, cəmiyyətin həm fiziki, həm də mənəvi sağlamlığının əsasıdır. Ona görə ki, idmançılarımız bizi təkcə qələbələrlə sevindirmir, onlar cəmiyyətdə davranış üçün yaxşı nümunələrdir, onlar çox ləyaqətli insanlardır, özlərini ləyaqətlə aparır və uşaqlar üçün yaxşı nümunədirlər. Biz bütün ölkədə Olimpiya İdman mərkəzlərinin tikintisi ilə məşğul olmağı qərara aldıq. Artıq bu gün ölkədə 43 belə mərkəz vardır və daha 4 mərkəz inşa edilməkdədir. Əlbəttə, Bakının idman infrastrukturu istənilən yarışları qəbul edə bilər, biz bunu Avropa Oyunlarında nümayiş etdirdik. Təbii ki, peşəkar idmana da böyük diqqət yetirilib və idmançılarımız bizi, əlbəttə, çox sevindirirlər və sevindirəcəklər. Bunu demək kifayətdir ki, Rio-de-Janeyroda keçirilmiş son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə olub. Təsəvvür edin, dünyanın 200-dən bir qədər az ölkəsi arasında medalların sayına görə 14-cü yerdə olmaq tarixi nailiyyətdir. İyirmi il bundan əvvəl bunu heç xəyalımıza gətirə bilməzdik. Biz bir, iki, üç medal arzu edirdik. Bu gün onlarca medalımız var. Bu, idmanın inkişaf göstəricisidir. Axı, idmançı əbədi yaşamır. Bu, o demək deyil ki, hansısa görkəmli idmançı filan qədər medal qazanıb. Bizdə hər il idmanın demək olar ki, bütün növləri üzrə yeni idmançılar yetişir.
Məqsədli proqramlar, çox güclü dövlət dəstəyi var və bizdə idmanın inkişafı ilə məşğul olan bütün strukturlar əlaqəli şəkildə fəaliyyət göstərir. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri – bunlar hamısı bir komanda kimi idman nailiyyətlərinin çox olması üçün çalışırlar. Ona görə ki, bu, təkcə milli qürur mövzusu deyil, ictimai həyatın çox mühüm amilidir. Ona görə ki, bu, əhvalı yüksəldir, vətənpərvərlik hissini, öz ölkəsinə görə qürur hissini artırır. Ən başlıcası bizim çempionlar gənc nəsil üçün yaxşı nümunədir ki, gənclər siqaret çəkməsinlər, içki içməsinlər, vaxtlarını boş keçirməsinlər, idman seksiyalarına getsinlər, yüksək nəticələr qazansınlar, onda ölkə buna görə onları layiqincə qiymətləndirəcək.
- İlham Heydər oğlu, əlbəttə, Azərbaycan iqtisadiyyatda kəskin rəqabət dövrü yaşayır. İdmançılar rəqabətdədirlər. Lakin mənə belə gəlir ki, Azərbaycan bir məsələdə – mətbəx sahəsində uzun illər boyu mütləq dünya çempionudur. Özü də mən bunu ekspert kimi deyirəm. Bəlkə də kimsə mənimlə razılaşmaya bilər. Lakin mən buna əmin olduğuma görə hesab edirəm ki, Azərbaycan mətbəxinin real rəqibləri yoxdur. Bununla əlaqədar bilirəm ki, Siz, ümumiyyətlə, yemək məsələsində vasvası deyilsiniz, lakin buna baxmayaraq, Azərbaycan mətbəxinin Sizin xoşladığınız yeməkləri, belə deyək, Azərbaycan Prezidentinin menyusu nədən ibarətdir? Bu gün Azərbaycan mətbəxinin pərəstişkarları həddən çoxdur, elə adam yoxdur ki, burada olsun və buradan gedərkən Azərbaycan mətbəxinə heyran olduğunu bildirməsin. Üstəlik, Sizin burada olmuş həmkarlarınızın çoxu ilə öz proqramım çərçivəsində ünsiyyətdə olmaq şərəfinə nail olmuş bir insan kimi deyə bilərəm ki, Azərbaycandan söhbət düşəndə, sözün düzü, onlar Sizin çox danışdığınız məsələlər barədə danışmırlar, ilk növbədə, mətbəxdən başlayırlar. Lakin bu da bir göstəricidir.
- Əlbəttə, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin çox təhlükəlidir.
- Bəs təhlükə nədən ibarətdir?
- Təhlükə məhz nəzarətsiz çəki artımındadır.
- Bilirsinizmi, üzr istəyirəm, mən hətta turizm sahəsinə rəhbərlik edən dostlarıma və həmkarlarıma da demişəm ki, belə bir gözəl ifadə var – Azərbaycan arıqlamaq istəməyənlər üçün cənnətdir. Bax, belə bir deyim yaranıb.
- Zənnimcə siz haqlısınız. Buna görə mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir.
- İndiki vaxtda bu, xüsusilə qiymətlidir, çünki Mehriban xanım həm də Birinci vitse-prezident funksiyalarını yerinə yetirir və onun başqa vəzifələri, məsuliyyəti çoxdur. Onun bu işə də vaxt tapması, mənim fikrimcə, xüsusilə dəyərlidir.
- Bəli. Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür qayğısına görə ona çox təşəkkür edirik.
- İlham Heydər oğlu, artıq uzun illərdir ki, Sizi tanımaq şərəfinə nail olmuşam. Lakin mən mətbuatda da maraqlanmışam, bir məsələ ilə heç vaxt üzləşməmişəm... Başa düşmüşəm ki, Sizin heç bir hobbiniz yoxdur. Sizin elə həmkarlarınız var ki, ... birisi marka toplayır, lakin mən Sizi, məsələn, əlinizdə qarmaq tutmuş vəziyyətdə və ya başqa bir görkəmdə təsəvvür edə bilmirəm. Mən belə başa düşdüm ki, ümumiyyətlə, Sizin konkret hobbiniz yoxdur. Halbuki hobbi stresi bir qədər götürmək, rahatlaşmaq üçündür. Siz nəyin hesabına əlavə enerji alırsınız və Prezident stresini nəyin hesabına aradan götürə bilirsiniz? Axı, bu stresin əlindən yaxa qurtarmaq mümkün deyil.
- Bəli, mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram.
- İlham Heydər oğlu, sonuncu sual. Bilirsiniz, bu sual onunla bağlıdır ki, fikir vermişəm, son vaxtlar Siz gənclərlə çox tez-tez ünsiyyətdə olursunuz, gənclərin tədbirlərinə gedirsiniz, gəncləri qəbul edirsiniz. İndi mən belə deyərdim, XXI əsrin ilk siyasi nəsli həyata qədəm qoyur və qüvvə toplayır. Bu siyasi nəsil indiki siyasi nəsli əvəz edəcək. Siz indiki siyasi nəsli istər-istəməz əvəz edəcək müasir Azərbaycan gəncliyini necə təsəvvür edirsiniz və onu necə görmək istərdiniz – bu gənclik çox maraqlı, çox fərqlidir.
- Bəli. Siz tamamilə haqlısınız. Mənim fikrimcə, bu, istənilən ölkə rəhbəri üçün ən vacib fəaliyyət istiqamətidir. Çünki gənclər gələcək rəhbərlərdir, bu insanlar ölkənin gələcəyini müəyyən edəcəklər, ona görə bu gələcək etibarlı əllərdə olmalıdır. Mən şadam ki, bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə daha fəal siyasət yürüdəcəyik. Əlbəttə, mən istərdim ki, bütün Azərbaycan gəncləri öz Vətəninə sadiq olsunlar. Çünki öz Vətənini sevmək və ona namusla xidmət etmək müstəqilliyin, müvəffəqiyyətin əsas rəhnidir. Əlbəttə, gənclərin Azərbaycan xalqı üçün səciyyəvi olan ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsi vacibdir və biz bunun üçün nə lazımdırsa edirik.
Bizim milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, milli ideologiyamız – bütün bunlar bizim dəyərləri təbliğ edir və biz həmişə öz mənəvi köklərimizə bağlı olmalıyıq. Gənclik müdafiə olunmalıdır. Lakin o özü kənar təsirlərdən müdafiə olunmalıdır. Ona görə ki, müstəqilliyin ilk illərində çoxları düşünürdü ki, kimsə gələcək, necə yaşamaq lazım olduğunu bizə göstərəcək, bizə kömək edəcək. O vaxt belə ələbaxımlıq hissi yaranmışdı. Lakin sonra anladıq ki, bizim taleyimiz öz əlimizdədir. Bu gün kimsə bizə təkidlə müəyyən kömək göstərmək istəyəndə, biz buna həmişə kifayət qədər şübhə ilə yanaşırıq. Buna görə gənclər anlamalıdırlar ki, Azərbaycanın gələcəyi azərbaycanlıların özlərinin, Azərbaycan vətəndaşlarının əlindədir. Gənclər müəyyən ideoloji təsirləri qiymətləndirərkən çox diqqətli olmalıdırlar. Başqa sözlə desək, gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə, dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə, dilimizə, dünyabaxışımıza sadiq olmalıyıq. Eyni zamanda, biz ölkəmizi modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin dünyəvi xarakterini möhkəmlətmək və bununla da fasiləsiz inkişafı təmin etmək üçün bütün ən yaxşı, mütərəqqi dəyərləri qəbul etməliyik. Biz ideal halda bu mənzərəni görmək istərdik. Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin gəncləri isə öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar.
- Çox sağ olun, İlham Heydər oğlu. Söhbətə görə sağ olun.
- Sağ olun.
Bölməyə aid digər xəbərlər

17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə
Bu gün, 09:09
Kolleclərə yeni təyinatlar olub - Foto
Bu gün, 08:28
Zelenski qələbə planını təqdim edəcək
Dünən, 13:30
Yeni virus: ölüm nisbəti 30 faiz təşkil edir - Foto
Dünən, 12:41
Qazax sakini minaya düşüb - (Yenilənib)
Dünən, 11:23
Bu ay sülh sazişinin imzalanması təklif olunur
13-10-2024, 12:24
Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
12-10-2024, 12:24
Müdafiə Nazirliyində müşavirə keçirilib
12-10-2024, 11:01
Rəsmi Bakı Niderlandın daha iki əsassız qətnaməsinə etiraz edir
11-10-2024, 21:52
Daha bir hərbi komissar həbs edilib
11-10-2024, 17:47
Qarabağda tutulmuş separatçıların həbs müddəti uzadılıb
11-10-2024, 17:12
Dünya nüvə fəlakəti ilə üz-üzədir
11-10-2024, 15:24
Prezident Milli Strategiyanı təsdiqləyib
11-10-2024, 12:21
Qlobal vəhşi təbiət populyasiyalarının 73 faizi məhv olub - Hesabat
11-10-2024, 11:21
Yeganə vasitəçi: Putin Əliyev və Paşinyanla nədən danışıb?
11-10-2024, 10:17
İrana hücumla bağlı razılıq əldə edilib
10-10-2024, 15:25
Qəzzada hər gün 10 uşaq bir və ya hər iki ayağını itirir
10-10-2024, 13:05
İcra başçısının müavini döyülüb
10-10-2024, 12:16
Əhməd Əhmədov cəzadan azad edilib - Məcburi müalicəyə cəlb olunacaq
10-10-2024, 11:24
İsrail-İran münaqişəsi: gərginlik son nöqtəyə nə vaxt çatacaq?
10-10-2024, 10:55
Bakıda Pre-COP29 tədbiri başlayıb - (Yenilənib)
10-10-2024, 10:29
Böyük təhlükə: iqlim böhranı kritik həddə çatıb
10-10-2024, 09:41
Güclü geomaqnit qasırğası olacaq
10-10-2024, 09:29
Bayden Netanyahu ilə İrana hücumu müzakirə edib - Foto
9-10-2024, 15:01
NATO müharibəni dayandırmağın yollarını axtarır
9-10-2024, 12:19
“Yeni Yaxın Şərq” heç vaxt olmayacaq!
9-10-2024, 09:36
NASA Marsın aydın görüntüsünü yayımlayıb - Video
9-10-2024, 00:06
İlham Əliyev: "Sanksiya siyasətinin mövcud olmağa haqqı yoxdur"
9-10-2024, 00:01
Hadrutun işğaldan azad olunmasından 4 il ötür
8-10-2024, 13:23
Xəzərin sahilində 200 kq-dan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb - Fotolar
8-10-2024, 12:30
İsrail husi liderlərini niyə ovlamır?
8-10-2024, 12:17
Apellyasiya məhkəmələrinə hakimlər təyin olunub - Siyahı
8-10-2024, 12:10
Ali Məhkəməyə yeni hakimlər təyin olunub
8-10-2024, 11:38
Kiyev Moskva ilə gizli danışıqlar aparır
8-10-2024, 09:23
İsrail İranın nüvə və neft obyektlərini vurmamağın əvəzində ABŞ-dan təzminat alacaq
7-10-2024, 18:47
Prezident İlham Əliyev Rusiyaya gedib - (Yenilənib)
7-10-2024, 18:38
Prezident müdafiə nazirinə müavin təyin edib - Foto
7-10-2024, 16:46
Əliyevlə Paşinyanın növbəti görüşü gözlənilir
7-10-2024, 16:31
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
7-10-2024, 15:06
Hava dəhlizləri təhlükə mənbəyinə çevrilib - Foto
7-10-2024, 12:32
Xaricdə təhsil almış daha 233 nəfərin diplomu tanınmayıb
7-10-2024, 11:21
Gürcüstan müxalifətinin yeni lideri ABŞ-dan gələcək - Foto
7-10-2024, 10:43
COVİD-19-un güclü variantı yayılır - Xəbərdarlıq