Tarix: 22-05-2017 13:34 | Bölmə: Müsahibə / Slayd
Üzeyir Cəfərov: "Müxtəlif vasitələr və maraqlar müqabilində, həm hərbçi, həm də mülki şəxslərlə birgə bu xəyanət yoluna cəlb olunublar"
Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanlarının ölkəmizə qarşı genişmiqyaslı təxribat planının üstü açılıb. Bir qrup hərbi qulluqçumuzun və mülki şəxslərin Azərbaycan əleyhinə düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilmələri məlum olub və həbslər aparılıb. İstintaqın getməsi səbəbindən hələlik ictimaiyyətə ətraflı məlumat verilmir.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Reyting.az-a müsahibəsində deyib ki, bu barədə güc strukturları tərəfindən ilkin məlumat-bəyanat veriləndə, öz mövqeyini açıq şəkildə ifadə edib:
- Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan bəzi şəxslərlə bağlı Hərbi Əks-Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatları bir neçə ay bundan əvvəl çatdırmışdım. Məsələnin nə yerdə olması ilə bağlı bir neçə dəfə maraqlansam da, mənə bildirilmişdi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır və yəqin ki, tez bir zamanda lazım olan addımlar atılacaq. İndi isə məlum olur ki, iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürüblər.
- Sizcə, "xəyanətkarları tamamilə təmizlədik”,- demək olarmı? Yaxud da bundan sonra hansı tədbirlər görülməlidir?
- Bu suala birmənalı cavab vermək olmaz. Bunu istintaqı aparan orqan və bəyanatı yayan güc strukturlarının müvafiq vəzifəli şəxsləri deyə bilərlər. Çünki hamı məhz onlardan açıqlama və dəqiq məlumat gözləyir. Amma, şəxsi fikirmə görə, bu, xəyanət yolu tutan və bu haqda düşünənlər üçün - istər hərbçi olsun, istərsə də mülki şəxs - çox ciddi və sarsıdıcı zərbə oldu.
Bu günlərdə dövlət başçısı çox lakonik və yığcam bir sənəd imzaladı. Cəbhəyanı bölgələrdə təhlükəsizlik məsələlərinin gücləndirilməsi barədə əlavə tədbirlər haqqında idi, yəqin diqqətli oxucular xatırlayarlar. Bax, o mühüm sənəddə əlavə bəzi işlərin təxirəsalınmaz formada həyata keçirilməsi nəzərdə tutulub. İnşallah, inanmaq istərdim ki, bir daha Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında bu yanlış və bağışlanmaz yolu tutan olmayacaq.
İndi saxlanılanların da hamısına "xain” demək olmaz. Sadəcə, istintaq fakt üzrə çoxsaylı versiya və məlumatları ən xırda detallarına kimi incələyib, ən sonda bu xain hərəkətin əsl təşkilatçılarını və icraçılarını məhkəmə qarşısına çıxaracaqdır.
Bir vacib məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, məhkəmə qərarı olmadan kimisə "xain, xəyanətkar” adlandırmaq olmaz. Sadəcə, bir balaca səbr və dözüm nümayiş etdirmək lazımdır ki, bu işlə bağlı bütün detallar açıqlansın və günahkarlar layiq olduqları ən ağır cəzanı alsınlar.
- Başqa ölkələrdə belə hadisələr baş verəndə yüksək rütbəli şəxslərin istefaları ilə müşaiyət olunur. Bu günlərdə millət vəkili Aydın Mirzəzadə də mətbuata açıqlamasında araşdırma nəticəsində kimin məsuliyyətsizliyi aşkarlanarsa, cəzalanacağını deyib. Bu barədə Siz nə düşünürsüz?
- Mən də hörmətli Aydın müəllimin, o cümlədən bu mövzu ilə bağlı Milli Məclisin ötən iclaslarında çıxış edən bir çox yoldaşların narahatlığını həm bölüşür, həm də dəstəkləyirəm. Tələskənlik, natamamlıq bəzən işə çox zərər verir, nəinki cinayətin açılmasına kömək edir. Ona görə də, hesab edirəm ki, araşdırmanın yekununa əsasən, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətini həm dərk etməli, həm də cavabdehlik daşımalıdır.
Bu xoşagəlməz hadisə bir günün, bir ayın işi deyil. Ən azından bildiyimiz ondan ibarətdir ki, bu çirkin yola razı olanlar xeyli müddət müxtəlif vasitələr və maraqlar müqabilində, həm hərbçi, həm də mülki şəxslərlə birgə bu xəyanət yoluna cəlb olunublar. İndi mən bəzi məsələlərə toxuna bilmərəm ona görə ki, istintaq işinə maneçilik kimi başa düşülə bilər. Fakt xoşagəlməzdir və hamımız çox üzgünük ki, bizim qanı və canı bir olan həmvətənlərimiz, erməni kimi murdar bir varlığın hansısa maddi maraqlarını dövlətimizdən və xalqımızdan üstün tutmağa çalışıblar. Artıq bu iş tam kökünə kimi araşdırılacaq və xainlər içərisində bu yaramazlığı təşkil edən 3-5 nəfər yəqin ki, Azərbaycan xalqının əbədi lənətini qazanacaqdır.
- Ordunun ümumi vəziyyətini necə dəyərləndirirsiniz? Generalitetdə hansısa dəyişikliklərə ehtiyac görürsünüzmü?
- Həm çox maraqlı sualdır, həm də mənim üçün bu barədə hansısa fikir söyləmək çox çətindir. Ordunun vəziyyəti bildiyim qədər normal və tələb olunan səviyyədədir. Başqa cür ola da bilməz. Həm də yaddan çıxarmayaq ki, saxlanılanların sayı ilə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sayı arasında yerlə göy qədər fərq var. Az qala 100 minlik civarında olan bir ordu içərisində 5-10 nəfər xainin, iradəsi zəif olan şəxsin olması mümkündür. Bu, dünyanın əksər dövlətlərində və xüsusən də müharibə vəziyyətində olan ölkələrdə rast gəlinən hallardan biridir. Əgər siz orduların tarixinə nəzər salsanız, hegemon dünya güclərindən olan ABŞ, ÇİN, Rusiya, İngiltərə, Türkiyə və s. ölkələr barədə internetdə axtarış verib o faktlarla tanış ola bilərsiniz. Yəni belə xəyanətlər həmişə olub və olacaq. Elə bizim bədnam qonşularımızın ordusunda da onlarla fakt saymaq olar ki, ermənilər maddi maraqlar çərçivəsində başqa dövlətin xeyrinə bəzi addımlar atıblar.
- Üzeyir bəy, son dövrlər Ermənistan tərəfi təxribat əməllərini davam etdirir. Cəbhə xəttində yaranan gərginliklər, eyni zmanada, siyasilərin Qarabağla bağlı verdikləri bəyanatlar vəziyyətin kritikləşdiyini göstərir. Qarabağ cəbhəsində nə baş verir?
- Qarabağ cəbhəsində 1994-cü ilin məlum atəşkəs sazişinə kimi və ondan sonra baş verənlər indi də davam edir. Bəzən bir qədər geniş, bəzən də lokal xarakterli. Şəxsən mənim üçün - Qarabağda atəşkəsə kimi həm müharibəni öz həyatında yaşayan birisi kimi, həm də sonrakı prosesləri dərindən izləyən və dəyərləndirən bir şəxs kimi - qeyri-adi heç nə baş vermir. Bəzi istisnalar olmaq şərti ilə. Necə ki, ermənilər heç bir beynəlxalq hüquq və normalara əhəmiyyət vermədən öz havadarlarının aktiv dəstəyi sayəsində həyasızlıqlarını davam etdirirdilər, elə indi də bu əməllərini davam edirlər. ATƏT-in bivec Minsk Qrupu isə öz maraqlarını həyata keçirməklə vaxt öldürür. Onlar yüksək məvacibi olan çox gözəl iş və komfortlu həyatlarını yaşamaqda davam edirlər. Belə vəziyyət əlbəttə ki, birinci növbədə Ermənistanın işğalçılıq siyasətinə, daha sonra isə beynəlxalq qurumlara sərf edir. Onlar özlərini guya çoxbilmiş kimi göstərməyə çalışırlar. Əgər əvvəllər onlarda bu iş necəsə alınırdısa, indi demək olar ki, həm cəmiyyət, həm də rəsmilərimiz artıq onların bivec fəaliyyətini sərt şəkildə tənqid edir və narazılıqlarını ifadə edirlər. Onlar üçün cəbhədə vəziyyət nə qədər gərgin və narahatedicidirsə, bir o qədər yaxşıdır.
2016-cı ilin məlum aprel hadisələri zamanı Ermənistana havadarlığını fəxrlə dilə gətirən rəsmi Moskvanın və Fransanın keçmiş prezidentinin ermənipərəst mövqe sərgilədiklərinin canlı şahidi olduq. Düşünmək olardı ki, adı göstərilən dövlətlər nəhayət ki, bu sarsaq erməni rəhbərlərini, onların marionet separatçı əlaltılarını başa salacaqlar ki, rədd olub öz xarabalarına getsinlər. Bəs biz reallıqda nə gördük? Onlar işğalçını şirnikləndirici bəyanatlar verməklə kifayətlənməyərək ona silah-sursat, ağır texnika və avadanlıq verməklə xain qonşularımızı daha da qızışdırdılar. Elə son günlər cəbhədə müşahidə etdiyimiz gərginliyin ən böyük səbəblərindən biri də, məhz bu amildir.
- Sizcə, artıq diplomatik mübarizə üçün şanslar azalmayıbmı? Keçmiş döyüşçü-zabit kimi nə deyirsiniz, müharibənin zamanı deyilmi?
- Mənə elə gəlir ki, bu sualınıza bir qədər yuxarıda qismən cavab verdim. Təkrar da olsa deməliyəm ki, mən danışıqlar prosesini yekunlaşdırmağın qəti tərəfdarlarından biriyəm. Daha nə qədər mənasız və heç bir nəticəyə gətirib çıxarmayan müzakirələr, görüşlər və məsləhətləşmələr aparmaq olar? Bu qədər vəsait xərclənib və xərclənir, amma bir dılğır erməni yığını və onların havadarlarını başa salan tapılmır ki, tapılmır. Əslində biz, Azərbaycan olaraq həm maddi, həm mənəvi, həm də hüquqi baxımdan Qarabağımızı geri almaq üçün danışıqlardan çıxmaq haqqına malik ölkəyik. Bu haqqı bizə BMT TŞ-nın 4 məlum qətnaməsi və digər beynəlxalq qurumların çoxsaylı sənədləri verir. Ona görə də, biz danışıqları danışıq naminə deyil, konkret nəticəyə - Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunması istiqamətində aparmalı və tələblərimizdə bir az da qəti olmalıyıq. Silahlı Qüvvələrimiz tam hazır vəziyyətdə veriləcək əmri gözləyir. Bu, müharibədir. Müharibədən qorxmaq lazım deyil. Savaşda itki də olur, qan da, qada da. Amma, biz sonsuzluğa kimi oturub gözləyə bilmərik. Bunu bizə atalarımızın, babalarımızın və ən əsası Şəhid qardaş və bacılarımızın narahat ruhları bağışlamaz.
- Üzeyir bəy, başqa bir məsələyə toxunmağınızı istərdim. Bu günlərdə şəhid ailəsinə qarşı soyuq münasibət barədə bir məsələni ictimailəşdirdiniz. Bu barədə də fikirlərinizi öyrənmək istərdik…
- Bu istiqamətdə konkret məsələlər var. Söhbət məmurların özbaşınalığından, vətəndaşların müraciət və şikayətlərinə biganə yanaşmasından gedir. Konkret misal çəkim. 1996-cı ildə oğlunu döyüş bölgəsində hərbi xidmət dövründə itirmiş valideynə kömək məqsədi ilə onun pozulmuş hüquqları ilə bağlı aidiyyatı qurumlara, sonra isə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət ünvanladıq. Məhkəmə mayın 17-nə iclas təyin etmişdi. Mən də ayın əvvəlində ərizə ilə DSMF-nun direktoru Z.Babayevə müraciət etdim. Ərizə ilə bağlı gün ərzində bəlkə də 5-10 dəfə müraciət etməyimə baxmayaraq 12 gün ərzində - mayın 4-dən 16-dək əvvəl ƏƏSMN-nin 142 xidmətindən, sonra isə 434-60-51 saylı telefondan, DSMF-nin Ümumi şöbəsindən - düz-əməlli cavab ala bilmədim. Mayın 16-da isə şəxsən DSMF-də bir saatdan artıq müddətdə bu məsələni araşdırmağa çalışsam da, mənə hansısa Eyvaz müəllimin yerində olmadığını, saat 16-da olacağını deyib, guya mənimlə əlaqə saxlayacaqlarını bildirdilər. Amma, həmişə olduğu kimi, yalan və səhlənkarlıq nəticəsində 434-12-34, 432-51-75, 434-10-02, 433-01-90 saylı telefonlara etdiyim saysız-hesabsız zənglərə bir nəfər cavab vermədi. Ümumiyyətlə, bu qurumda sanki dövlət idarəsi deyil, öz şəxsi şirkətləri və ya obyektləri kimi xidməti telefonlara cavab vermək mədəniyyəti hələ də formalaşmayıb. Həm də, yerlərdəki nümayəndələri bəzən özlərini heç də lazımi səviyyədə aparmır, kobudluq və naxallıq edirlər. Bu da vətəndaşların, xüsusən şəhid ailələri, müharibə iştrakçıları və onlara bərabər şəxsləri razı salmır. Onlar da məcburiyyət qarşısında qalaraq çoxsaylı dövlət və hökumət strukturlarına müraciət edirlər.
- Hərbi qulluqçuların icbari sığortası hələ də problem olaraq qalır. Şəhid ailələrinin, qazilərin kompensasiyası hələ də verilmir. Niyə belə sayğısız, etinadsız münasibət var?
- Mən də hesab edirəm ki, yerlərdə bəzi məmurların biganəliyi və vəzifə borclarına səhlənkarlığının nəticəsidir ki, bu gün həm hərbi qulluqçular arasında, həm də digər güzəştli kateqoriyadan olan vətəndaşlarımızın bir çoxu müxtəlif pul təminatlarını ala bilmirlər. Nəzərə alsaq ki, onların bu maliyyə vəsaitlərinə indi daha çox ehtiyacları var, gərək dövlət və hökumət strukturları dövlət rəhbərliyinin qoyduğu vəzifə və tapşırıqlara son dərəcə məsuliyyətli və vicdanlı yanaşsınlar. Bir çox hallarda biz bunun tam əksini müşahidə edirik. Və cəmiyyətin sayılıb-seçilən kateqoriyalarından olan Şəhid ailələri, qazilərimiz, onlara bərabər tutulan vətəndaşlarımız haqlı olaraq bəzi məmurlardan narazılıq edirlər.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər