23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Şiyasi şərhçi: “Azərbaycanın hərbi ilhaqı üçün zəmin hazırlanır” - Müsahibə
Tarix: 14-03-2018 13:34 | Bölmə: Müsahibə / Slayd
Şiyasi şərhçi: “Azərbaycanın hərbi ilhaqı üçün zəmin hazırlanır”

Zəlimxan Məmmədli: “Rusiyanın caynağından qurtulmalıyıq. O bizi əzmək, istiqlalımızı çökdürmək istəyini biruzə verir. Təəssüf ki, 5-ci kalonun casusları da artıq “banlamağa” başlayıblar”

Artıq prezident seçkilərinə bir aydan da az vaxt qalıb. Seçkilərin gözlənilmədən ertələnməsi ictimai-siyasi düşərgədə ciddi narahatlıq yaratsa da, seçki qanunvericiliyinə görə bütün proseslər həyata keçirilir.

Lakin budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha sönük keçir. Belə ki, aparıcı müxalifət qüvvələrindən Milli Şura, Müsavat Partiyası, Liberal Partiya və digər siyasi təçkilatlar seçkidə iştirakdan imtina ediblər.

Amma prosesə qatılanlar da var. Onların arasında hakimiyyətə yaxınlığı ilə seçilən şəxslər olsa da, ortaq mövqe nümayiş etdirən müxalifət qüvvələri də mövcuddur. Buna baxmayaraq, cəmiyyətdə seçki əhval-ruhiyyəsi aşağıdır. Hakimiyyət nümayəndələri isə bunun əksini iddia edirlər.

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli “Reytinq”də müsahibəyə bu mövzudan başlayıb:

- Demokratiyanı, demokratik idarəetməni və təbii ki, inkişafın təməlini xalqın bütün təbəqələrinin dövlətin idarə olunmasında, cəmiyyətin inkişafında iştirak aktivliyi müəyyən edir. Bu fəallığın əsas göstəricisi bütün səviyyəli hakimiyyətlərin formalaşmasında səsvermə hüququ olan seçicilərin ictimai-siyasi fəallığıdır. Bu reallaşarsa, siyasi institutlar sağlam, ideoloji əsaslara uyğun formalaşır, partiyalar inkişaf edir, siyasi rəqabət mühiti yeni, alternativ proqramların ortaya çıxmasına, ən güclüsünün qalib gəlməsinə və nəticədə milli maraqların və dövlət dayanıqlığının inkişafına səbəb olur, milli məsələlər həllini tapır, sosial siyasət aparıcı müstəviyə qədəm qoyur. Hakimiyyət bölgüsü, ictimai proseslər və qanunlar müstəvisində qarşılıqlı nəzarət mexanizmi formalaşır ki, bu da dinamika, inkişaf, şəffaflıq, tərəqqi deməkdir.

Sağlam siyasi mühit həm də ən güclü namizədlərin iştirakı ilə reallaşan seçkidir. İndiki prezidentə - namizədə alternativ bir nəfər də olsa ciddi, azad, güclü namizəd yoxdur. Ona görə də hesab edirəm ki, bu seçkinin necə keçirilməsindən asılı olmayaraq, legitimliyi şübhə altında qalacaq.

- Əslində, belə situasiya yeni deyil. Bundan əvvəlki dönəmlərdə də analoji vəziyyət olub və seçkilərə bu şərtlərlə gedilib...


- Təəssüflə qeyd etməliyəm ki, 1988-dən bəri çox ciddi proseslər, təlatümlər, qalxınmalar, enişlər, qan-qada görmüşük. Həm də seçkilər keçirmişik. Amma saxtakarlıqlar artan xətt üzrə vüsət alıb. Hamı - həm xalqımız, həm də dünya bilir ki, Azərbaycanda seçki əsasən eybəcər formada reallaşır. Bu eybəcərliyin davamlılığında yaxın qonşularımız - hakimiyyətin öydüyü, müttəfiq saydığı dövlətlər - Moskva və Tehran daha maraqlı görünür. Azərbaycanın ayaq açıb yeriməsi yox, onun sürünməsi onları çox məmnun edir.

Bilirik ki, dövlətimizin və xalqımızın taleyi, əksər problemlərimizin açarı məhz seçki prosesindən asılıdır. Demokratik seçki xalqın iradəsi deməkdir, onun özünün hakim olması anlamına gəlir. İlkin əlamətlərinə görə, növbəti dəfə də normal seçki keçirmək istəmirlər.

- Sizcə, belə situasiyanın yaranmasına səbəb nədir? Siyasi arenada belə bir vəziyyətin formalaşması üçün hansı mərhələlərdən keçildi?

- Azərbaycan iqtidarı – YAP və onun törəmələri bütün anlamlarda mütərəqqi idarəetməni nəinki qurmaqla məşğul oldu, əksinə, bütün subyektləri sıradan çıxartmağı, siyasi institusional quruluşu tar-mar etməyi ən müqəddəs dəyər kimi həyat normalarına çevirdilər. Bütün arsenalları ilə siyasi partiyaları çökdürdülər, siyasi rəqabət əmsalını sıfıra endirdilər, xalqı seçki prosesindən usandırdılar, ümidsizləşdirdilər, siyasi qütbləşməni daha da dərinləşdirdilər, Rəsulzadə ideyalarına qənim kəsildilər, Qarabağ problemini düşmənin nəfinə konservləşdirdilər.

Seçki sistemi ölü vəziyyətə salınıb. Bu durumda normal seçki gözləmək olmaz. Nəticə etibarı ilə Azərbaycan insanının istiqlaliyyətə inamını tamamilə sarsıtmağa cəhd edəcəklər. Bununla dünyanın əhəmiyyətli hissəsini Azərbaycana qarşı qoyub, Rusiyanın hərbi-siyasi maşınının təkrar Azərbaycana girişinə münbit şərait yaratmış olacaqlar.

Müşahidələrim deməyə əsas yaradır ki, Azərbaycanın hərbi ilhaqı üçün zəmin hazırlanır. Məncə, Azərbaycan insanı buna sakit qalmayacaq. Allah eləməmiş, bu baş verməzsə, dövlətçiliyimizin süqutunu müşahidə edə bilərik. İnanıram ki, millətimiz öz sözünü deyəcək.

- Hansı formada deyəcək? Həmişə belə deyirsiz, amma nəticə olmur. Bu dəfə fərqli nə var ki?

- Azərbaycan unikal bir coğrafiyada olmaqla, türk-müsəlman dövlətidir. Türk dünyasının göbəyi Azərbaycan - Bakıdır. Bu faktor az əhəmiyyətli deyil. Eyni zamanda, bu səbəbdən Sovet “KQB”-sinin Azərbaycanla bağlı xüsusi strateji planı, “pambıqla baş kəsmələr” tarixi də əhəmiyyətsiz deyil.

Mübarizə hər an olacaq. Azərbaycanı cəhənnəmə apara bilməyəcəklər. Nə qədər gözdən salmağa çalışsalar da, demokratiya tək çıxış yoludur. Türk dünyasında və dünyada gedən proseslər də optimist olmağa əsas verir.

Güney Azərbaycan məsələsi də var. Bu mübarizə uzun da çəkə bilər. Amma bu cür rejimlərin ömrü elə bu qədər olur, tarixdə də zaman-zaman belə olub.

Azərbaycan xalqı sıxılmış durumdadı, bumeranqın olmaması mümkünsüzdür.

- Bu situasiyada Azərbaycan muxalifəti nə etməlidir? Üzərinə düşəni edə bilirmi?

- Azərbaycan müxalifəti bu durumda mümkün olduğunu edir. Əzilmiş, küncə sıxılmış, strukturlaşması bəlli səbəblərdən istismar edilmiş bir durumda hələ ki, bacardığını edir. Bu prosesə xalqın qoşulması da ən çox ehtimal olunandır.

- Xalq hələ ki kənar durur. Sanki müxalifətə etimadı azlıb. Niyə? Bəlkə səhvləri çox olub?

- “Etimadı azalıb”,- fikri nisbidir. İqtidar sanki bir qapıda yağı düşməni əzir. Bu zorluqlar içərisində dik durmaq qəhrəmanlıqdır. Böyük “əldəqayırma” qələm adamları kəlamı da, qələmi də urvatsız ediblər. Yüzlərlə KİV cəmiyyətə riyakarlıq aşılayır, müxalifətin sıradan çıxması üçün hər şeyə gedirlər. Quranda müqəddəs hesab olunan qələm də, kəlam da sındırılıb.

Təbii ki, müxalifətin də səhvləri az olmayıb. İç savaş, partiyalararası savaş saxta medianın provakasiyaları ilə alovlandırılıb, siyasi alverlərə gedənlər də olub, “mandat əməliyyatları” da reallığa çevrilib. Əbülfəz Elçibəy - Heydər Əliyev siyasi üz-üzə gəlmələrini əngəlləyənləri ən böyük xəyanət zümrəsinə aid edirəm. Əgər 1998-də bu qarşıdurma - Prezident seçkilərinə alternativ olsaydılar, bu gün başqa, daha cazibəli Azərbaycanımız olardı. Bu səhvlər olub. Siyasi mübarizədi, siyasi maraqlar, başqa əl məsələsi də, şübhəsiz, uğursuzluq da rol oynayıb. Amma bütün hallarda məsuliyyət müxalifəti ermənidən daha qəddar düşmən kimi təqdim edən iqtidarın üzərindədir.

Artıq yeni mərhələni, bəlkə də Azərbaycanın gələcək taleyində həlledici mərhələni yaşayırıq. Daha ağıllı formada neqativlərə qarşı dirənişi təşkil etmək ən böyük vəzifələrdəndir.

- Seçki sonrası dönəm də önəmlidir. Adətən nəticələrə etiraz böyük olanda kütləvi etirazlar başlayır. 11 apreldən sonrakı dönəm üçün nə gözləyirsiniz?

- Bu, bir sıra faktorlardan asılıdır. Təbii ki, seçki bu başdan əhəmiyyətsiz məsələyə oxşayır və elə də olacaq. Türkiyənin son proseslərdən necə çıxması, Rusiyadakı siyasi proseslər, Türkiyə-İran münasibətləri Azərbaycana təsirsiz ötüşməyəcək. Hakimiyyət qəsb olunsa da, ənənəvi legitimləşdirmək hakimiyyətdəkilərin ən mühüm vəzifəsinə çevriləcək. İctimai müqavimətin də artan xətt üzrə gedəcəyini düşünürəm. Amma bütün hallarda proseslərin dövlətçiliyimiz üçün zərərli məcraya yönəlməsinin qarşısını almaq ümdə vəzifələrimizdəndir. Gözləmədiyimiz proseslər də baş verə bilər.

- Adətən belə situasiyalarda Rusiya önə cıxıb proseslərə “yön” verir. Bu dəfə Rusiyadan hansı formada müdaxilə ehtimalı var?

- Məncə, baş verən proseslərdə Rusiya faktoru mütləq rol oynamaqdadır. Prezident seçkilərinin vaxtının dəyişdirilməsinin hələ də ciddi əsaslandırılmamasının bir səbəbi Rusiyanın diqtəsi olduğu qənaətini formalaşdırır. Hətta rəqiblərin şantaj edilməsi, qohum-əqrabalarının çarmıxa çəkilməsinin də müəllifi “KQB” və onun rəsmi səlahiyyətli 5-ci kalondur. Rusiyanın caynağından qurtulmalıyıq. O bizi əzmək, istiqlalımızı çökdürmək istəyini biruzə verir. Təəssüf ki, 5-ci kalonun casusları da artıq “banlamağa” başlayıblar.

- Bizi gözləyən təhlükə nə ola bilər?

- Azərbaycanı çökdürmək üçün tarixən sınanmış düşmənlərin iş birliyi ciddi fəsadlara, gözlənilməz şərəfsizliyə yol aça bilər. Bunu unutmamalıyıq.

Prosesdə Rusiyanın iştirakını, Putin administrasiyasının dərin qatda diqtəsini istisna etmirəm. Kremlin hədəfi əvvəl də qeyd etdiyim kimi, iqtidarı, dövləti və cəmiyyəti dayanıqsız etmək niyyəti daşıya bilər. Həm də, həmişə güvəndiyi ölkəiçi siyasi qütbləşməni daha dərinləşdirmək istəyi də görünür. Daha qaranlıq qatda isə, hədəf Orta Şərqdə müəyyən anlamlarda Rusiyanı üstələmək gücündə görünən Türkiyəni Azərbaycanın rəsmi və gələcəkdə daha üzvü əməkdaşlığından məhrum etmək və Türkiyəni nisbətən zəif duruma salmaq ola bilər. Ən əsası, Türkiyədən səslənən Qarabağın azadlığı şüarlarının verildiyi bir zamanda, Azərbaycanın siyasi rəhbərliyi və hərbi sənayesini daha çox özündən asılı vəziyyətə salmağa çalışması Rusiyanın planlarından biri olma ehtimalını da söyləmək mümkündür.

Çox qaranlıq məqamları ehtimal etmək olar. Nicat nədədir? Məncə tək, özü də ən böyük, Azərbaycanı bu durumdan xilas edəcək bir silahımız var. O, Millətimizdir, Xalqımızdır! Başqa çıxış yolu görmürəm.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}