"Ölkədə ciddi islahatların vaxtı çatıb"
Tarix: 05-12-2016 13:26 | Bölmə: Müsahibə / Slayd


Fazil Mustafa: "İstənilən zaman iqtisadi proseslər tam nəzarətdən çıxa və ölkədə sosial gərginliyi artıra bilər"

Birinci devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran dərinləşməkdə davam edir. Tarif Şurasının işıq və qazın qiymətinin artırılması ilə bağlı qərarından sonra vəziyyətin daha kritik həddə çatacağı gözlənilir.

Təbii ki, iqtisadi gərginliyin siyasi arenaya da keçməsi mümkündür.

Bu və ya digər məsələlərlə bağlı "Reytinq"ə müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, ölkədə ciddi islahatlar aparılmasa, vəziyyət daha kritik ola bilər:

- Ümumi götürdükdə hazırda Azərbaycandakı sabitlik başqa ölkələrlə müqayisədə fərqli müstəvidədir. Bu da müsbət tendensiyadır və Azərbaycanda ictimai asayişin kifayət qədər normal səviyyədə qorunduğunu göstərir.

İndiki dövrdə dövlətlər üçün ən böyük təhlükə nə demokratiyanın azlığı, nə insan hüquq və azadlığının məhdudluğudur - ən əsas qarışıqlığın, xaosun olmamasıdır.

Amma digər fakt odur ki, əhali müəyyən iqtisadi problemlərlə üz-üzə qalıb, iki devalvasiya şokunu yaşayıb, üstəlik, qiymətlərin artması əhalinin gəlirlərini aşağı endirib. Belə şəraitdə daha zəruri bir neçə istiqamət var ki, orada hər hansı qiymət artımı büdcənin sabitləşməsinə xidmət etməlidir. Digər tərəfdən, əhalinin də bu yükün altından qalxmasına şərait yaradılmalıdır.

- Amma Tarif Şurasının qazın və işığın qiymətini qaldırması ilə bağlı qərarı bu istiqamətlərdən sayıla bilməz...

- Bəli. Təəssüf ki, qazın və işığın bahalaşması büdcənin müəyyən dərəcədə artmasına xidmət edən addım kimi göstərilmir, ümid də edilmir ki, bununla büdcə məsələsi həll olunacaq. Çünki büdcədəki əsas problem israfçlıq və korrupsiyadır. Bunu ortadan qaldırmadan, əhalinin hesabına, onun sıxıntısı hesabına büdcəni doldurmaq yanlışdır, əksinə, bu addım vəziyyəti daha da kritikləşdirəcək. Çünki bu addımlar əhalinin yaşam standartlarını xeyli aşağı salacaq.

Eləcə də, çörəklə bağlı məsələ aktualdır. Bu qərardan sonra çörək də bahalaşıb. Düzdür, qiyməti dəyişməyiblər, amma çəkisini azaldıblar. Əslində, belə bir vəziyyətdə bu addımlar daha ciddi müzakirə olunmalı və ondan sonra qərar verilməli idi. Məncə, Tarif Şurasının bu qərarı tam və ciddi şəkildə müzakirə olunmayıb. Bunun əhaliyə nə qədər zərbə vuracağı bir tərəfə, ən ciddisi odur ki, kənd təsərrüfatına böyük zərbə dəyəcək.

Bildiyiniz kimi, istixanalarda və digər yerlərdə istehsal olunan məhsulların bir qismi ixracat potensiallıdır. İndi istehsal kütləvi şəkildə dayanacaq və bu sahədə sahibkarlığın inkişafını təmin etmək mümkün olmayacaq. Bax, əsas problem budur. Bu səbəbdən də bəzilərinin iddia etdiyi kimi, hansısa addımların sosial gərginliyi yumşaldacağını iddia etmək doğru olmazdı. Bu baxımdan, biz də narahatlığımızı ifadə etmişik.

- Fazil bəy, deyirsiniz ki, əsas ölkədə qarışıqlığın, xaosun olmamasıdır. Necə düşünürsünüz, hazırki vəziyyət və gözlənilən iqtisadi təlatümlər ölkəni xaosa sürükləyə bilərmi?

- Xaotik vəziyyətə sürükləməz. Amma burada söhbət ondan gedir ki, qarşıda ciddi bir proses durur - bizim valyuta məsələsi. Manatın məzənnəsinin düşməsinin qarşısı alınır, amma bu tədbirləri də bir müddət davam etdirmək olar. Əgər bu proses daha da dərinləşərsə, ölkədə sahibkarlıq tamamilə aradan qalxacaq. Dollar bahalaşdığından xaricdən mal almaq mümkün olmayacaq.

Biz bu ərəfədə fürsətləri də qaçırmışıq. Qeyri-neft sektoru lazımi şəkildə inkişaf etdirilməyib. Regionlara o qədər vəsait qoyulub, amma regionların büdcədə gəlirlilik çəkisi minimuma bərabərdir. Bakıdan başqa rentbelli olan hansısa bölgəyoxdur.

İdman kompleksləri, parklar vədigər obyektlər tikilib, amma bunların heç biri istehsal xarakterli müəssisələr deyil. Bu da yerlərdə işsizlik, insanların gəlir səviyyəsinin aşağı olmasına səbəb olub. Ona görə də indiki şərtlərdə manatın kursunun sabitləşməsi, yaxud real vəziyyətinə gətirilməsi baş vermədiyi halda, istənilən zaman iqtisadi proseslər tam nəzarətdən çıxa və sosial gərginliyi artıra bilər.

- Hökumət nümayəndələri gələn ilin əvvəlində əmək haqlarının və pensiyaların 10-15 faiz artacağını bildirirlər, amma insanların xərcləri daha çox artıb. Bəs, gəlirlərlə xərclər arasında ciddi fərq yarananda necə olacaq?

- Bu, bötövlükdəcəmiyyətə mənfi təsir göstərəcək. Çünki əmək haqqının 10-15 manat artırılması vəziyyətdən çıxış yolu deyil. Qiymətlər 50-100 faiz qalxır, amma əmək haqları 10-15 faiz. Belə olan təqdirdə vətəndaş infilyasiyanın altında əzilməli olur. Ona görə də daha fərqli yollar izlənilməlidir. Daha gəlirli hökumət modelinə keçmək lazımdır. Rentabelli olmayan sahələr dərhal özəlləşdirilməlidir ki, dövlət onun yükündən xilas olsun.

Hesab edirəm ki, əsas çıxış yollarından biri bələdiyyə qurumlarının yenidən formalaşdırılmasıdır. Yenidən bələdiyyə seçkiləri keçirib müstəqil, özünüdolandıran bir sistemin formalaşmısını təmin etmək lazımdır. Çıxış yolu budur. Yəni, aşağıdan başlamaq lazımdır. Çünki yuxarıdan hansısa bir prosesi başlatmaq aşağdakı problemin həllinə təsir göstərmir. Bu istiqamətdə işlər görülsə, müəyyən şeyləri dəyişmək olar.

- Son qiymət artımına münasibətdə bir daha sübut olundu ki, çətin durumlarda Milli Məclis xalqın yanında olmadı, xalqın maraqlarını müdafiə edə bilmədi...

- Hesab etmirəm ki, Milli Məclisin səlahiyyətləri əvvəlki kimi böyükdür. Bir də ki, Milli Məclisin özünə də monoton qurum kimi baxmaq olmaz. Əhalinin problemlərini dilə gətirən müəyyən yanaşmalar var və biz də öz mövqeyimizi bildiririk.

Onu da deyim ki, xalqın yanında olmaq anlayışını işlətmək doğru deyil. Reallıqların, obyektiv vəziyyətin yanında olmaq lazımdır. Bəlkə elə tələblər var ki, xalq tərəfindən irəli sürülür, amma lazımlı tələblər olmaya da bilər. Xalq dəstəkləyəcək deyə, populizm naminə xalqın istədiyi şəkildə danışmaq da doğru deyil. Ən vacib olanı məsələyə obyektiv münasibətdir. Mənim fikrimcə, bu, hakimiyyətin də marağına uyğun deyil. Biz xalqla dövlətin maraqlarını birlikdə düşünürüksə, məsələyə yanaşmamız da bu aspektdən olmalıdır. Hesab edirəm ki, vəziyyətin düzəlməsi üçün ciddi islahat xarakterli addımlar atılmalıdır. Bunlar olarsa, vəziyyət kökündən dəyişə bilər.

- Fazil bəy, mən xatırlayıram, 10 ilə yaxındır ki, Sizinlə söhbətlərimizdə siyasi, sosail, iqtisadi islahatların aparılmasının labüdlüyünü vurğulayırsınız. Bu islahat söhbətini nə qədərə uzadacağıq?

- Biz siyasətçiyik və siyasi irədəmizi, düşüncəmizi dilə gətirərək, proseslərin müəyyən dərəcədə dəyişməsini istəyirik. Amma dəyişiklikləri gerçəkləşdirən hökumətdir. Biz hökumətdə təmsil olunmuruq, hansısa real imkanlara sahib deyiliksə, nəyi dəyişə bilərik? Ona görə də bizimki deməkdir, təkliflərdir, arzulardır, fikirlərdir. Bu məsələdə də, məncə, narahat olmağa dəyməz. Bütün dünyada belədir, müxalifət fikrini deməlidir, hökumət də onu nəzərə alsa, xeyrinədir, almasa, ziyanınadır. Amma biz istəyirik ki, bunu daha tez nəzərə alsınlar və vəziyyət kökündən dəyişsin.

- Bəlkə deməyin yaxşı yolunu tapmırıq, elə ona görə də fikir verən yoxdur?

- Yox, bundan artıq nə deyək? Mən Azərbaycan qrammatikasını, orfoqrafiyasını vədigər üslub variantlarını az-çox bilirəm. Fikirlərimi kifayət qədər açıq ifadə edirəm. Hökumət eşitmirsə, bu, mənim problemim deyil.

- Onda başqa bir sual. Hökumət deyilənləri eşitmir, yoxsa eşitmək istəmir?

- Əslində eşidir. Sadəcə, addım atmaq həmişə problem olur. Tənbəlləşirlər, arxayın olurlar ki, elə bu cür də gedəcək. Sonda fəlakətli nəticə ortaya çıxanda hamı peşman olur ki, gərək filan vaxt bunu edəydik. Bütün bunlar azərbaycanlı psixologiyasında yer alan bir davranış formasıdır. Bunu dəyişmək lazımdır.

Qarabağ da gedəndən sonra yeni yollar axtarırıq. Deyirik ki, o vaxt filan işi eləsəydik, yaxşı olardı və sair. Halbuki prosesin içində doğru fikirləri anlasaydıq Qarabağı itirməzdik.

- Bəs, dünya təcrübəsi nə göstərir? Bu cür davranan hökumətlərlə hansı dildə danışmaq lazımdır? Bəzi müxalifət qüvvələri sərt reaksiyaların verilməsini, kütləvi aksiyaların keçirilməsini təklif edirlər. Amma belə baxanda müxalifət də çox zəifləyib. Belə olan halda, çıxış yolu nədir?

- Müxalifətin zəiflədilməsi, özünün də zəifləməsi əslində, Azərbaycanın ziyanınadır. Ola bilsin ki, mövcud vəziyyət hakimiyyətin xeyrinədir, amma bu da heç kimi dinləməmək sindromu yaradır. Amma dinləmək lazımdır. Hazırda elə bir vəziyyət yaranıb ki, narazılığı təkcə müxalifət dilə gətirmir, hakimiyyətyönlü insanlar da prosesin yaxşı istiqamətə getmədiyini söyləyirlər. Odur ki, ölkədə ciddi islahatların vaxtı çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}