Tarix: 23-01-2017 15:03 | Bölmə: Müsahibə / Slayd
Əli Ömərov: "Əliyevə güllə atanlar, onun çıxışını kəsənlər Milli Məclisdə də təmsil olunur, milyardlar qazanır, villalara, obyektlərə sahib olublar. Elələri var ki, türmədə yatıb çıxıb, bu gün nazir kürsüsündə oturub"
Artıq 20 Yanvar faciəsinin 27-ci ildönümü arxada qaldı. Hər il bu tarix ərəfəsində rus qoşunlarının kimlər tərəfindən Azərbaycana çağırılması müzakirə mövzusu olur.
Müzakirələr zamanı o da qeyd olunur ki, 20 Yanvar hadisələri zamanı indiki Baş nazir Artur Rasi-zadənin imzası ilə Moskvaya teleqram vurulub və "qayda-qanun yaradılması" üçün qoşun yeridilməsinə ehtiyac olduğu bildirilib.
Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov "Reytinq"ə müsahibəsində bu məsələyə də toxunub.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Mən, hər zaman həqiqət tərəfdarı olmuşam. O zaman da, elə indi də həqiqəti söyləyirəm.
O vaxt yanvar faciəsi Ali Sovetdə müzakirə olunanda rus qoşunlarının Bakıya kimlər tərəfindən çağırıldığı üzə çıxdı. Şəxsən mən, Ali Sovetdə sənəd göstərdim və istintaqa təqdim etdim. O sənəddə göstərilirdi ki, Nazirlər Soveti sədrinin birinci müavini Artur Rasi-zadə Moskvaya teleqram vuraraq, rus qoşunlarını Bakıya çağırıb.
Sənədin məzmunu belə idi. Artur Rasi-zadə Bakatinə yazmışdı ki, burda erməniləri öldürürlər, xahiş edirəm, kömək göndərin.
Amma mən iki gün əvvəl Ayaz Mütəllibovun müsahibəsini oxudum. Deyir ki, o vaxt rus qoşunlarının Azərbaycana gəlməsinin əleyhinə olub. Onun sözlərinə görə, SSRİ Nazirlər Sovetinin sədri Lujkova telefonla zəng edərək deyib ki, qoşun göndərməyin. Hətta bu telefon söhbətini Lujkov öz kitabında da qeyd edib.
- Sizcə, Mütəllibov bu fikirlərində səmimidirmi?
- Bilirsiniz, burada maraqlı və ziddiyyətli məqam ortaya çıxır. Necə olur ki, birinci müavini belə bir teleqram vurur, amma Nazirlər Sovetinin sədri Mütəllibovun bundan xəbəri olmur? Yəni, inandırıcı görünmür. Ya o vəzifəsini lazımi səviyyədə icra etməyib, ya da onun xəbəri olub. Əgər xəbəri olubsa, niyə xalqdan gizlədir?
İnanıram ki, Artur Rasi-zadə Mütəllibovun xəbəri olmadan belə bir mühüm məsələdə özbaşına hərəkət edə bilməz. Özü də Artur Rasi-zadənin imzaladığı o məktubu mən istintaqa təqdim eləmişəm.
Azərbaycan xalqı o vaxt mənim baş prokuror kimi çıxışıma baxıb. O məktub 20 Yanvar faciəsi ilə əlaqədar açılan cinayət işinin materialları arasında olmalıdır.
- Bəs, o istintaqın sonrakı mərhələsi necə oldu?
- Sonrakı aqibətdən xəbərsizəm. Bilirsiniz ki, mən sonradan istefa verdim. İstintaq nə qərara gəlib, Artur Rasi-zadəni dindiriblərmi, soruşublarmı ki, həmin məktubu kimin tapşırığı ilə, hansı məqsədlə yazıb, bundan xəbərsizəm.
Əgər mən baş prokuror vəzifəsində qalsaydım, Artur Rasi-zadəni çağırıb dindirəcəkdim ki, kimin icazəsi və tapşırığı ilə rus qoşunlarının Bakıya çağırılmasını əks etdirən məktub yazıb.
O vaxt Heydər Əliyev yanvar faciəsindən sonra Azərbaycanın Rusiyadakı səyirliyinə getdi və Qorbaçovu lənətlədi, partiya biletini də cırdı. Təəssüflər olsun ki, öz xalqına qarşı cinayət edənlərin, Heydər Əliyevin əleyhinə gedənlərin əksəriyyəti indi yüksək vəzifədə oturublar. İndi həmin adamlar Heydər Əliyevin adından istifadə edərək milyardlar qazanırlar. Amma zamanı gələndə iç üzləri açılacaq və bilinəcək ki, onların hamısı Heydər Əliyevə düşməndir.
- Kimləri nəzərdə tutursunuz?
- Keçmişə nəzər yetirsəniz, həmin dövrə aid televiziya verilişlərinə baxsanız, hər şey aydın olar. Heydər Əliyev çıxış edəndə ayağını yerə döyənlərin, fit çalanların hamısını görəcəksiniz.
Millət vəkillərinin də, nazirlərin də arasında yaxşı adamlar var. Onlar vicdanlı, peşəkar və prezidentə sədaqətli adamlardır. Amma 80 faizi xəyatənkardır.
Sizə bir məsələni deyim. Azərbaycanın bütün regionlarını gəzin, harda yaxşı villa görsəniz, deyəcəklər ki, bu, filan nazirin, bu, filan komitə sədrinin, icra başçısının, yaxud da deputatındır.
O gün internetdə videoya baxdım ki, deputatın milyonluq villası var. Bu deputat əməkhaqqı ilə villanı necə alıb? Bu da onu göstərir ki, bunların əksəriyyəti xalqın qanını sorurlar. Götürək Astan Şahverdiyevi, Azərbaycanın görkəmli, zəhmətkeş adamlarını "otxod" adlandırır. Dediyim odur ki, hakimiyyətin onlara verdiyi imkanlardan istifadə edib prezidentə xəyanət edirlər. Yalandan gəlib prezidentə məlumat verirlər ki, hər şey yaxşıdır, narahat olma. Amma siz də, mən də görürəm ki, camaat hansı vəziyyətdə yaşayır. Hamı narazıdır, hamı danışır. Ən pisi isə odur ki, hamı prezidentdən umur. Məmurlar hər şeyi prezidentin boynuna yıxır, qəsdən gərginlik yaradırlar ki, insanlar prezidentdən narazı düşsün.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm, bəzi məmurlar Heydər Əliyevə sədaqətli adamların hamısını pis günə salmaq istəyirlər. Heydər Əliyevə güllə atanlar, onun çıxışını kəsənlər, Moskvaya qalaq-qalaq şikayət yazanların hamısı böyük vəzifələrdə, Milli Məclisdə təmsil olunur, milyardlar qazanır, villalara, obyektlərə sahib olublar. Elələri var ki, türmədə yatıb çıxıb, bu gün nazir kürsüsündə oturub. Belə şey olar?
Başqalarını orqana işə götürəndə onun nəsil-nəcabətini yoxlayırlar. Zakir Nəsirov kimi ömürlük cəza alan cinayətkarın övladı orqanda necə işləyir? Əgər haqq-ədalət, qanun varsa, hamıya eyni şərait yaradılmalıdır.
Zülmü-əziyyəti mən çəkmişəm, Heydər Əliyev uğrunda canımı qoymuşam, onun əleyhinə çıxanlar böyük imkanlara sahibləniblər.
- Niyə Heydər Əliyevə sədaqətli olanlar kənarda saxlanılır? Bu, kimlərin marağındadır?
- Səbəbini bilmirəm. Amma düşünürəm ki, bunun arxasında hansısa qüvvə var. Həmin qüvvələr prezidentə yalan məlumat verirlər. Prezidentə sui-qəsd hazırlayanlar, Heydər Əliyevə güllə atanlar, mənim həbs elədiyim adamlar bu gün Milli Məclisin deputatıdır. Mən onun adını çəkmirəm. Amma hər şey məlumdur.
Əbülfəz Elçibəyə yaxın olanlar, Heydər Əliyevə qarşı çıxanların 20-30 nəfəri deputatdır. Bunu hamı görür. Bu adamlar xalqı, dövləti deyil, yalnız öz maraqlarını düşünürlər. Fəaliyyətləri də rüşvət və korrupsiyadan ibarətdir.
- Əli müəllim, rüşvətdən, korrupsiyadan danışırsınız, amma ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bildirilir. Bu mübarizəni necə qiymətləndirirsiniz?
- Korrupsiyaya qarşı mübarizəni qənaətbəxş hesab eləmirəm. Korrupsiya elə prosesdir ki, orada yüksək rütbəli məmur iştirak edir. İndiyə kimi hansı nazir, komitə sədri, icra başçısı həbs olunub? Yalandan tibb bacısını, müəllimi, "Sobez" işçisini tuturlar, vəssalam. Onlar da korrupsiyanın subyekti deyillər.
Elə nazirliklər var ki, oranı ailə şirkətinə çeviriblər. Qohumlarını, yaxın adamlarını ətraflarına yığıblar. Bir dənə FHN, DİN, bir də Gömrük Komitəsində kənar adamları da işə götürürlər. Qalan nazirliklərin hamısı ailə şirkətinə çevrilib.
- Adını çəkdiyiniz nazirliklərdəki əsas vəzifələrdə də digər yüksək rütbəli məmurların qohumlarıdır?
- Bir nazirin digər nazirə xahiş edib qohumunu işə götürtməsi ayrı məsələdir. Bir də var ki, rəhbəri olduğun nazirliyə qohum-əqrəbanı yığasan. Bunun səbəbini bilirsinizmi? Öz nazirliyinə qohum-əqrəbasını yığan adamlar rüşvətin, korrupsiyanın üstünü ört-basdır edir.
Birincisi, qohum-əqrəbanı öz nazirliyinə yığmağın özü qanunsuzdur. Korrupsiyanın mənbəyi burdan başlayır. Nəqliyyat Nazirliyində ancaq qohum-əqrəbalar toplanıb. Ziya Məmmədov qardaşlarını, qardaşı uşaqlarını ətrafına toplayıb. Bir vaxtlar nəqliyyat sistemi ancaq qohum-əqrəbanın əlində idi.
Mənim heç kimlə işim yoxdur, amma gərək ədalətli sistem olsun, haqqı olana haqqı verilsin. Elə etmək lazımdır ki, hamı çörək yeyə bilsin.
- Siz baş prokuror olanda necə davranırdınız?
- Mən prokuror olanda işə götürdüyüm adamları araşdıra bilərsiniz. 29 nəfəri işə götürmüşdüm, hamısı da yetim-yesir idi. İndi də məni harda görürlərsə, baş prokuror kimi qəbul edirlər. İsmət Qayıbovun, Məhəmməd Əsədovun oğlunu işə götürmüşdüm. İndi yüksək vəzifədə çalışırlar. Yəni, mən işə götürdüyüm adamların hamısı kasıb camaatın nümayəndələridir. Amma öz qohumlarımdan heç kimi orqana götürməmişəm.
O vaxt imtahan komissiyasında təmsil olunurdum, imtahanda "5" alanların adlarını qeyd eləmişdim. Sonra dekana dedim ki, filan uşaqları mənim yanıma göndərin. Savadlı, bacarıqlı insanlara yol açmaq lazımdır. Amma indi adam tanıyıram ki, 6-7 ildir prokuror köməkçisi işləyir, intiharla cinayəti ayırd edə bilmir. Görün, vəziyyət nə yerdədir...
- Deyəsən, prokurorluğun fəaliyyəti Sizi qane eləmir?
- Onu dəyərləndirmək mənə düşməz. Hesab edirəm ki, prokurorluqda peşəkarlar var, amma çoxluq qeyri-peşəkarlardan ibarətdir.
- Maraqlısı odur ki, hansı dövlət qurumunun qarşısına nəzər salsan, yüz min manat dəyəri olan şəxsi avtomobillər görmək mümkündür. Sizcə, bu necə olur?
- Ay qardaş, guya bilmirsənmi necə olur? Əməkhaqqı ilə o maşınlara, villalara sahib olmaq mümkün deyil. Son illər mətbuatda yüzlərlə belə faktlar dərc olunur. Bunların hamısı yoxlanılmalıdır.Təsdiq olunarsa, həmin adamlar cəzalanmalıdır.Uşaq da bilir ki, balaca bir vəzifəsi olan adam miylonlarla varidata sahibdir. Şamaxı, Lənkəran, Quba və digər rayonların hamısı məmurlar tərəfindən zəbt olunub, milyonluq villalar tikdiriblər.
- Bu ölkənin baş prokuroru olmusunuz, Sizin vəziyyətiniz necədir?
- (Gülür) Mən pensiya ilə dolanan adamam, əlavə gəlirim də yoxdur. Mənim nə villam var, nə də bahalı maşınım. Həmişə təmiz işləmişəm. Heydər Əliyevin xatirinə, ona söz gəlməsin deyə, rüşvətxorluqla məşğul olmamışam. Hər zaman adımı, şərəfimi üstün tutmuşam. O vaxt maaşla, indi də pensiya ilə dolanıram.
- Sirr deyilsə, nə qədər pensiya alırsınız?
- 1900 manat.
- Normal dolana bilirsinizmi?
- Tay ağlamayacağam ki? Dolansam da, dolana bilməsəm də, olanım odur.
- Övladlarınız hansı işlə məşğuldur?
- Övladlarım evdə boş-bekar oturublar. Mən işləmirəm deyə, onları da işə götürmürlər. Amma 7 il prokuror köməkçisi işləyib, ağır cinayətlə intiharı ayırd edə bilməyəni işə götürürlər...
- Nə əcəb, övladlarınızı işə götürtmək üçün hansısa nazirdən xahiş etmirsiniz?
- Elə bilirsən, nazirlər telefona cavab verir? İndi yeni "tendensiya" var, tanımadıqları nömrələrə cavab vermirlər. Guya siz zəng edəndə telefonunuza cavab verirlər?
Oğlum Elnur Ömərov prokurorluğa işə qəbul üçün sənəd vermişdi, amma Zakir Qaralov ona hazırda uyğun iş olmadığını bildirmişdi. Halbuki Zakir Qaralov prokurorluq orqanlarından qovulmuşdu, onu işə mən bərpa etmişəm. Bütün müxalif dairələr Qaralovu prokurorluğa qaytardığım üçün məni tənqid edirdi. Bu da Zakir Qaralovun verdiyi qarşılıq.
Mən baş prokuror olanda bütün zənglərə cavab verirdim, lazım olanda görüşüb problemlərini həll edirdim. Mən heç kimə paxıllıq eləmirəm. Amma məni yandıran odur ki, o vaxt Heydər Əliyevin yolunda can qoyan adamların hamısını işdən kənarlaşdırıblar.
Mən də "91-lər" Hərəkatının üzvlərindənəm, YAP-ın üzvüyəm, övladlarım ali təhsillidir. Amma nə özümə, nə də övladlarıma yol açmırlar.
Deyə bilərlər ki, sənin 67 yaşın var. Halbuki bu gün mənimlə eyni yaşda olan 25-30 nəfər, məndən 15-20 yaş böyük olan 10-15 nəfər yüksək vəzifədə çalışır. Hər halda, bütün bunlar ayrı-seçkilikdir və məni narahat edir.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər