Ehsanulla xan Dustdar: dostmu, düşmənmi? - Fotolar
Tarix: 18-07-2020 12:35 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Ehsanulla xan Dustdar: dostmu, düşmənmi?

Bizə bir həqiqəti öyrədiblər: hər bir konkret tarixi dövrdə ictimai və siyasi proseslər onlara ayrıca istiqamət və siqlət verən xüsusi dünyagörüşü nümunələri çərçivəsində cərəyan edir və reallaşır. Keçmişin dəf edildiyi və ömrünü başa vurduğu təbii prosesdən fərqli olaraq, tarixi prosesdə keçmişin bu və ya digər cəhətləri hazırkı dövrdə yaşamaqda davam edir. İkili təbiətə malik olan ictimai-tarixi proses bir tərəfdən təkamül, inkişaf və köhnənin inkarı, keçmişlə əlaqənin qırılmasına və yeninin yaranmasına cəhddirsə, digər tərəfdən varislik prinsipinə əsaslanaraq, hələ də yaşamaq iqtidarında olan cəhətlərin qorunub saxlanması və gələcəyə ötürülməsidir. Bu mənada mövcud ictimai-siyasi reallıqları obyektiv şəkildə əks etdirmək iddiasında olan hər hansı bir yazı tarixi həqiqətə söykənmirsə, boş lafdır.

Müraciət etdiyimiz tarixin mahiyyətini müəyyənləşdirmək olduqca aktual problemdir. Bizim qəhrəmanımız ömrü boyu inqilabi işin və əməlin fəal təkanvericisi və təşkilatçısı olmasına baxmayaraq ziddiyyətli bir şəxsdir. Gəlin yaxından tanış olaq.

Ehsanulla xan Dustdar: dostmu, düşmənmi?

Ehsanulla xan Mirzə Ələkbər oğlu 20 dekabr 1884-cü ildə Mazandaran əyalətinin Sari şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran Darülfünunda oxumuşdu. Macəraçı ruhda olduğu üçün müxtəlif dərnəklərə baş vurmuşdu. Əvvəlcə bəhaiçilərə (Mehrdad Amanat (2013). Jewish Identities in Iran: Resistance and Conversion to Islam and the Baha'i Faith. I.B.Tauris.), sonra markisistlərə qoşulmuşdu.

Ehsanulla xan Dustdar 1905-1911-ci illər İran inqilabında, 1915-1917-ci illər qərb vilayətlərində və Tehranda mübarizələrdə yaxından itirak etmişdir. O, 1917-ci ildən etibarən Gilan hərəkatına qoşularaq, mübarizənin rəhbərləri sırasında fəaliyyət göstərmişdi.

Hələ 1915-ci il sentyabr, oktyabr aylarında məşhur inqilabçı Ehsanulla xanın başçılığı ilə 300 nəfərə qədər silahlı mücahid və mayor Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə jandarm hissələri Həmədanı Antanta məmurlarından və onların tərəfdarlarından təmizləmək istəyirlər. Kirmanşahdan qovulmuş ingilis və çar konsulları, onların tərəfdarları Həmədan valisi Salar Ləşgərin və İran kazaklarının yardımına arxalanaraq, mücahidləri və jandarmları Həmədandan qovub çıxartmağa çalışırdılar.

Ehsanulla xan Dustdar İran azadxahları arasında “Rəfiqi-sürx” (Qırmızı yoldaş) ləqəbi ilə tanınırdı.

Ehsanulla xan Dustdar 1920-1921-ci illərdə İran Komunist Partiyası ilə həmkarlıq etmişdi. 20-ci illərin əvvəllərində Gilandakı “Cəngəlilər”in hərəkatı xeyli genişlənir və qüvvətlənir. Həm də Ehsanulla xanın iştirak etdiyi “Mücazat komitəsi” (“Cəza komitəsi”) Tehranda bir neçə terror əməliyyatını uğursuz həyata keçirdiyi üçün qaçıb Rəştə gəlməsi, dövlət qoşunundan, polisdən, hətta Kazak dəstələrindən “Cəngəlilər”ə qoşulanlar hərəkatı xeyli qüvvətləndirir. Yaranmış fürsətdən istifadə edən “Cəngəllər” mübarizə mərkəzini şəhərə - Rəştə köçürməyə müvəffəq olurlar.

Hərəkatda irəliləyişin yarandığı bir vaxtda parçalanma əmələ gəlir: iki mövqe, “sağ” və “sol” mövqe yaranmış olur. Mötədil mübarizə yolunu seçən Mirzə Kuçik xanın dəstəsi ilə tündlük və bir qədər də “bolşevikçilik” mövqeyinə meyillənən Ehsanulla xanın dəstəsi arasında qütbləşmə dərinləşir. Bu qütbləşməni aradan götürüb vahid strategiya ilə hərəkatı yoluna qoymaq, Mirzə Kuçik xanla Ehsanulla xanı ortaq məxrəcə gətirmək məqsədi ilə hərəkata kömək üçün Ədalət rəhbərliyindən Seyid Cəfər Pişəvəri 30 nəfərlik bir nümayəndəliklə 23 may 1920-ci ildə Rəştə gəlir. S. C. Pişəvəri ilə Mirzə Kuçik və Ehsanulla xan arasında gedən danışıqlarda birgə fəaliyyət haqda razılıq əldə olduğundan S. C. Pişəvəri Rəştdə qalır. O, kütlə qarşısında çıxışlar edir, “Cəngəl” silahlıları arasında izahat işləri aparır və “Cəngəl” qəzetinin nəşrinə kömək edir və s.

Ehsanulla xan Dustdar: dostmu, düşmənmi?

4 avqustda Tiflisdə nəşr olunan “Slovo” qəzeti, Gilandakı yeni kommunist hökumətin rəsmi bildirisinə yer verir. Bildiridə bu dəyərləndirmə yer alır: “Kiçik xanın müvəqqəti hökuməti, İran inqilabçı hərəkatına bacarıqla öndərlik edə bilmədiyini və əməkçi kütlələrin ehtiyaclarını qarşılaya bilmədiyini göstərmişdir.” (Slovo, 4 avqust, 1920) Sonrasında İKP(B) üzvləri və sol qanad cəngəlilərin lideri Ehsanullah xan “İran Müvəqqəti İnqilabçı İran Komitəsini qururlar. (Slovo, 10 avqust, 1920)

Ehsanulla xan Dustdar cəngəlilər haqqında Rusiyaya, V. İ. Leninə məlumat ötürürdü. (РГАСПИ, ф. 85, оп. 2, д. 13, л. 4.) Mərkəzə verdiyi məlumatların birində yazırdı ki, Cəngəli hərəkatı artıq bolşeviklərin nəzarətindən çıxıb. Bura burjuyaziyanın nümayəndələri, hətta iri maliklər soxulublar. (Сентябрь, 1920 // Российский государственный военный архив, ф. 110, оп. 1, д. 84, л. 58.)

Ehsanulla xan Dustdar 5 fevral 1921-ci ildə V. İ. Leninə Gilan hadisələri ilə bağlı teleqram vurmuşdu. (Срочная телеграмма Эхсанулла хана, Риза Сархоша и Н.Ф.Гикало В.И.Ленину. 05.02.1921 // Коллекция документов РГАСПИ).

İrticanın əli ilə daxildəki təxribat və xaricdən olan xəyanət, hərəkat rəhbərliyindəki çəkişmə və pozuculuğun artması 1919-1920-ci illərdə Gilandakı hərəkatı məğlubiyyətə uğratdı. 1921-ci ilin astanasında Gilandakı hərəkat yatırılmaq ərəfəsində Ehsanulla xanın dəstəsinin Tehrana vaxtsız, məsləhətsiz və yersiz hücumu Tehran qoşunu tərəfindən darmadağın edildikdən sonra Ehsanulla xan sovetlərə qaçmaq məcburiyyətində qaldı. Mirzə Kuçik xanın meşədəki “iqamətinə” məşvərətə çağrılmış Heydər xan Əmioğlunun yatdığı otaq gecə ikən müəmmalı şəkildə yandırıldı. Öz dəstəsi ilə Talış dağlarına çəkilən Mirzə Kuçik xan sərt çovğun və şaxtaya düşüb dondu. Onun donmuş cəsədindəki başı kəsib Rza xana töhfə aparan dönük və xəyanətkar Kürd Xalı Qurban əvəzində Rza xandan polkovnik rütbəsi almağa müvəffəq oldu.

Ehsanulla xan Dustdar Gilan hərəkatı yatırıldıqdan sonra 1921-ci il sentyabr ayında sovetlər ölkəsinə mühacirət etmişdir.

1922-ci ilin əvvəllərində Azərbaycan SSR Xarici işlər komissarının müavini Andreyev Moskvaya məruzə edirdi ki, artıq Gilanla hər şey qurtarıb. Kiçik xan öldürülüb, Ehsanulla xan Azərbaycanda gizlənib. Rotşteyn inqilabçılara təklif edib ki, Rəşti tərk edərək Rusiyaya gəlsinlər. (Телеграмма Андреева в Москву. Декабрь, 1922 // АПД УДПАР, ф. 276, оп. 5, д. 1, л. 66-67)

Ehsanulla xan Dustdar hansı quruma üz tuturdusa, o təşkilat tarmar olub, dağılırdı. Kirmanşah Müvəqqəti hökumətinə qoşuldu, ora dağıldı. “Möcazat təşkilatına daxil oldu, üzvlərdən asılan asıldı, güllələnən güllələndi. Sonda onun qarışdırdığı Gilan Respublikası da yıxıldı. Əvvəlcə Mirzə Kuçik xan, ardınca məşhur inqilabçi Heydər Əmioğlu öldürüldü. Bu qanlı aksiyalarda Qəvamüssəltənə ilə yanaşı Hərbi nazir Rza xan Pəhləvini və dinsiz Ehsanulla xanın rolu az deyildi. Dinsiz hərəkatları ilə hərəkatı laxladan inqilabçı Ehsanulla xan qaçıb Aşqabaddan Xorasan üsyançılarına, kolonel Məhəmmədtağı xan Püsyana öz köməyini təklif etdikdə, vəziyyəti ağırlasan üsyan rəhbəri belə cavab vermişdi: "Sizin yaxşılığınızı istəmirəm, pislik eləməyin".

Ehsanulla xan Dustdar: dostmu, düşmənmi?

Ehsanulla xan Dustdar Azərbaycanda qalmayıb Moskvaya getmişdi. Kommunist Partiyasının MK-si ona iş vermişdi. Amma o, Ehsanulla xan idi. Qarışdırmasaydı, sakitləşməzdi. İosif Stalin 1935-ci ildə göstəriş vermişdi: bütün iş və öhdəliklərindən azad edilsin!

Ehsanulla xan Dustdar 15 oktyabr 1938-ci ildə Moskva şəhərində güllələnmişdi.

Ehsanulla xanın Behzad xan, Kavə xan, Bəhmən xan adlı oğlanları vardı.

Bizim fikirlərimiz, bəlkə də qeyri-adidir, lakin Ehsanulla xan Dustdar haqqında yazmaq olduqca çətindir. Bunun səbəbi ondadır ki, hər hansı bir ziddiyyəti və ya problemi əhatə edən bu və ya digər tarixi zaman kəsiyinin təsvirinə cəsarət edib girişən müəllif onun hərəkətləri ilə sadəcə, ayaqlaşa bilmir. Çünki bir şərait ardıcıl surətdə digəri ilə əvəzlənir, bir iş o birisini üstələyir, bu da tədqiqatçını, tarixçini çox vaxt çaşdırır. Hər halda əlimizdən gələni etdik. Yazı bitsə də, axtarışlarımız bitmir. (Ardı var...)

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər