18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır
Tarix: 03-04-2020 17:50 | Bölmə: Kənan HACI
Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət

Çox çətin bir dönəmdəyik. Bir neçə gündür dünya mətbuatı pandemiyaların tarixi ilə bağlı silsilə yazılar yayımlayır. Bəşəriyyət ölüm xofu yaşayır. Cəmi bir neçə həftə bundan öncə məni Şəkiyə “Qış məktəbi” seminarında “Ədəbiyyat və mənəvi dəyərlər” mövzusunda müharizə demək üçün dəvət etmişdilər. Üç günlük səfərdən çox zəngin təəssüratlarla ayrılmışdım. Və qəfildən dünyanın rahatlığı pozuldu, münasibətlər sistemi dəyişdi. Hər bir insan həyatda qalmaq üçün özünü toplumdan təcrid etdi. Daha başqa nə yazım? Novruz bayramı da səssiz-soraqsız, nigarançılıq içində ötüşdü. Həyatımızın ən sönük bayramı…

Çölə çörək almağa çıxırsan, adamlar at kimi bir-birindən hürküb kənara sıçrayır, bir-birinə yeriyən virus kimi baxır. Baxışlardakı vahimə adamı üşəndirir. Gözlərdəki qeyri-insani vahiməni, qorxu hissini müşahidə etmək dözülməzdir. Psixoloji cəhətdən çökür insanlar... Bir yandan da dəhşətli dərəcədə məsuliyyətsizlik…

Kimsə yazmışdı ki, kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz bəşəri fəlakətlərdən ən yayğını başımızın üstünü aldı. Koronavirus gözəgörünməz düşmən kimi ölkələr adlayır, sərhədləri keçir. İnsanlıq ən çətin sınaq qarşısındadır. İsrail tarixçisi, bütün dünyanın maraqla oxuduğu Yuval Noah Hararinin gələcəklə bağlı proqnozları da özünü doğrultmur. Halbuki Harari heç də yeni dövrün Nostradamusu deyil. O, sadəcə, araşdırmaçı-tarixçidir. Harari yazırdı ki, süni intellekt sayəsində həkim peşəsi sıradan çıxacaq. Amma bu gün bütün dünya xilas olmaq üçün səhiyyəyə sığınır. Əlbəttə, tarixin müxtəlif dönəmlərində dünyanı epidemiya dalğaları bürüyüb, viruslar, bakteriyalar davamlı olaraq təkamül prosesi keçirir, onlar insanların orqanizmində mutasiya olunur. Bu təhlükələri dəf etmək üçün bütün elm adamları qüvvələrini səfərbər etməlidirlər. Görünən budur ki, gələcəklə bağlı proqnozlar çox zaman özünü doğrultmur və gözlənilməz fəlakətlər dünya düzənini dəyişir. Amma Harari bir məsələdə tam haqlıdır: Dünya heç bir halda əvvəlki dünya olmayacaq…

Psixoanalizin banisi Ziqmund Freyd bir əsr öncə “Bir illüziyanın gələcəyi” əsərində yazırdı ki, “insanlıq deyilən dəyər çox asanlıqla dağıdılıb yox edilə bilər, insanın öz əlləriylə yaratdığı elm və texnika onun bütünlüklə yox edilməsi işinə çox yaxşı yaraya bilər”. Kaş Freyd yanılmış olaydı...

Türkiyənin ünlü köşə yazarı Fatih Altaylı eramızın altıncı yüzilliyindən üzübəri tarixin ən böyük və miqyaslı epidemiyalarının xronologiyasını haberturk.com saytında yayımladı. Əsrlər boyu vəba milyonlarla insanın həyatına son qoyub. Ötən əsrin əvvəllərində gəmi səyahəti zamanı vəbaya yoluxmuş insanları rəhm etmədən gəmidən, qayıqdan dənizə atırmışlar. Amma insanlıq kütləvi tələfatlar bahasına olsa belə, elm sayəsində bu virus hücumlarına qalib gəlməyi bacarıb. Yenə dünya silkələnir. Bu dəfə koronavirus Yer planetinə barmaq silkələyir. Heç şübhəsiz, bu fəlakət insanlığın tarixində yeni bir dönəmin başlanmasına səbəb olacaq. Təəssüflər olsun ki, böyük itgilər hesabına… Bu dönəmin də qurbanları olduğu kimi, qəhrəmanları da olacaq. Uğur Dündar çox haqlı olaraq belə hesab edir. Bu qara ölüm kralıyla mübarizədə irqindən, dinindən, milliyətindən asılı olmayaraq bütün insanlar eyni səngərdədirlər. Ümumdünya Səhiyyə Təşkilatı isə koronavirusa qarşı vaksinin ən yaxşı halda bir il ərzində tapıla biləcəyini bildirir. Sən demə, Rokfellerlər ailəsinə məxsus olan Rokfeller Fondu hələ 10 il əvvəl yayımladığı hesabatda koronavirus epidemiyası ilə bağlı proqnozlar veribmiş. Sonralar nədənsə bu məlumatlar hesabatdan silinib.

Faktlar isə bunu deyir: 2019-cu il dekabr ayının məhz 11-də Uhan bazarında krevetka satan Ve Yes adlı qadın ilk koronavirusa yoluxan şəxs kimi qeydə alınıb. Yəqin ki, bu ad tarix kitabının səhifələrinə yazılacaq və heç vaxt unudulmayacaq. Bəşəriyyətə fəlakət gətirmiş qadın kimi!

Sankt-Peterburq Dövlət Universitetinin mikrobiologiya kafedrasının professoru Aleksey Potexinin yazısında da son dərəcə maraqlı məqamlar var. A. Potexin yazır: “Bu virusun insanların araşdırmalarına heç bir dəxli yoxdur, o, heç bir laboratoriyadan “qaçmayıb”. Camaat panika içində vurnuxduğu vaxt bütün dünyanın laboratoriyalarında SARS-CoV haqqında xeyli şey öyrəniblər. O cümlədən də hər şeyin Çində tək yoluxmadan başladığını - yəni orda kimsə yeyilməməli hansısa heyvanı yeyib. Ya da sadəcə, bazarda o heyvanın yanında dayanıb. Ki, o bazarlarda ilanlar, yarasalar, toyuqlar, panqolinlər, sivetlər eyni qəfəsdə olurlar, sonra onları eyni masada, heç bir gigiyenaya və “halallığ”a əməl etmədən alıcılar üçün “bişirirlər”.

Bu, bəxtini başqa sahib-heyvanda sınamaq istəyən viruslar üçün ideal mühitdir - yarasa ağız suyunu tısbağanın, dovşanın ağız suyu ilə başqa harda mübadilə edə bilər?

Yeni sahibin orqanizminə düşən viruslar isə ona uyğunlaşmaqdan ötrü hökmən yeni xüsusiyyətlər qazanacaq və tez-tez özlərini aqressiv aparacaq. Digər tərəfdən, növlərarası baryeri bir dəfə aşan virus ikinci dəfə də aşacaq və yolüstü yeni sahiblərinə də uyğunlaşacaq. Və bu sahiblər zəncirinin bir həlqəsi də insan ola bilər.

Koronavirus, mənşəyini, məhz, Çinin bazarlarında axtarmalı olduğumuz ilk virus deyil. Bəlkə bundan sonra Çin o bazarlara əl gəzdirər. Ümumiyyətlə, bizim hələ bəxtimiz gətirib ki, virus o qədər də güclü çıxmayıb”.

Əlbəttə, yazılanları sağlam məntiqlə oxumaq, məlumatlanmaq lazımdır, amma bəzi hallarda sosial şəbəkələrdə təşvişə səbəb olacaq dezinformasiyalar da yayılır ki, bu da insanlara psixoloji cəhətdən böyük zərbə vurur. Azərbaycan dövləti koronavirusa qarşı bütün istiqamətlərdə təhlükəsizlik tədbirləri görür.

Vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşür, tətbiq olunan qadağaları pozmamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaqla təhlükəni dəf etmiş olarıq. Bəzi insanlar vəziyyəti ciddiyə almır, özlərinin və ətrafdakı insanların taleyinə laqeyd yanaşırlar. Küçələrdə dolaşan, kafe-çayxanalara toplaşan insanlar hələ də nə baş verdiyinin fərqində deyillər. Halbuki hər gün efirdən maarifləndirici məlumatlar verilir.

Çinli infeksionist Çjan Venxun qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün Avropa ölkələrinə iki il vaxt lazım olacaq. İki il! Bu iki il ərzində pandemiya nə qədər can alacaq, onu bilmirik, təsəvvürə gətirmək belə ağırdır. Bütün bəşəriyyətin nəbzi internet şəbəkəsində döyünür, hər saat, hər dəqiqə f 5 düyməsi basılır, yenilənən xəbərlər izlənilir. Mətbuatda daha bir maraqlı məlumata rast gəldim. Rus yazıçısı Sergey Peresleqin pandemiya ilə bağlı bu qənaətdədir: “Gəlin əvvəlcə, onu aydınlaşdıraq ki, bu koronavirus sosial baxımdan nə deməkdir? Aydındır ki, nə belə bir virus epidemiyası, nə də pandemiyası var. Adi qripdən hər il ölənlərin sayı bundan çoxdur. Yeni növ koronavirusun 1920-21-ci illərdə yayılmış “İspan qripi”, 1967-ci ildəki “Honq-Konq qripi” ilə müqayisə olunmaz. Burda əsas məsələ təhlükənin miqyası yox, virusla bağlı yaranmış suallara cavabdır”. O, hesab edir ki, sadəcə, beynəlxalq kapitalın yenidən bölüşdürülməsi prosesi gedir və bu proses neçə-neçə ölkələri çökdürəcək.

Konspiroloji təhlillər baş alıb gedir, ehtimalların sayı-hesabı yoxdur. Amma bu taclı virusu çökdürəcək vaksin hələ ki, tapılmayıb. Ən ağlabatan versiya isə budur: təbiət insanlardan intiqam alır.

Bizim uşaqlar sosial şəbəkədə “on film, iki roman” həştağı yaradıblar, karantin günlərində oxumaq üçün hər kəs öz siyahısını təqdim edir. Siyahılara diqqət yetirirəm, əksəriyyəti insanı depressiyaya sürükləyən filmlərdir. Qələm dostumuz Rəşad Məcid də bu nüansı qeyd etmişdi. Çox sevdiyim türk şairi Nazim Hikmətin məhbəsdə olarkən yazdığı “Sonu mutluluqla bitən kitablar yollayın bana” misrasını xatırladım. Heç olmasa, gərginliyin beynimizə, şüurumuza təzyiq göstərdiyi bir zamanda sonu xoşbəxtliklə bitən kitablar oxuyaq, xoşbəxt sonluqla bitən filmləri izləyək. Mən də bir siyahı hazırlayıb paylaşdım. Həmin siyahını bu yazının sonluğuna əlavə edirəm. Ümid edək ki, bu üzücü günlər tez bir zamanda geridə qalacaq. İnsan olduğumuzu yada salmaq üçün bir fürsətdir! “Taun” əsərinin müəllifi Alber Kamyunun sözləriylə desək, hər şeyi yenidən başlamaq lazım gələcək.

20 film

"Parisdə gecəyarı" - Vudi Allen

"Gilasın dadı" - Abbas Kiarostami

"Dostun evi hardadır" - Abbas Kiarostami

"Qayıdış" - Pedro Almodovar

"Leviatan" - Andrey Zvyaginstev

"Doqvil" - Lars von Triyer

"Ayna" - A. Tarkovski

"Savaş vadisi" - Mel Gibson

"Səkkiz yarım" - F. Fellini

"Kərtənkələ" - Kamal Təbrizi

"Cənnətin rəngi" - Məcid Məcidi

"Yaşamaq" - A. Kurosava

"Əhlət ağacı" - Nuri Bilge Ceylan

"Paterson" - Cim Carmuş

"Sərxoş atlar zamanı" - Bəhmən Qubadi

"Yarımçıq xatirələr" - Elxan Cəfərov

"Ölüm növbəsi" - Fikrət Əliyev

"Alma" - Samirə Məhməlbaf

"Lətifə" - Nizami Musayev

"Tokio hekayəsi" - Yasujiro Ozu

20 kitab

Dante - "İlahi komediya"

M. D. Servantes - "Lamançlı Don Kixot"

N. Qoqol - "Ölü canlar"

M. F. Dostoyevski - "Karamazov qardaşları"

L. Tolstoy - "Sergi ata"

Mirzə Cəlil - "Anamın kitabı"

Cəfər Cabbarlı - "Od gəlini"

Hüseyn Cavid - "İblis"

Mirzə İbrahimov - "Gələcək gün"

Arçibald Kronin - "Qala"

Joze Saramaqo - "Korluq"

M. Bulqakov "Master və Marqarita"

Viktor Hüqo - "Səfillər"

Dino Bussati - "Tatar çölü"

Pol Oster - "Yüksəklik qorxusu"

Səfər Alışarlı - "Maestro"

Afaq Məsud - "Azadlıq"

Elçin - "Baş"

Şərif Ağayar - "Arzulardan sonrakı şəhər"

Mübariz Örən - "Ağ buludlar"

Bonus olaraq:

Orxan Pamuk - "Qara kitab"

Umberto Eko - "Gülün adı"

Qreqori David Roberts - "Şantaram"

Aqşin Yenisey - "Tarix və tale"

İlqar Fəhmi - "Çənlibel tülküsü".

Müəllifin bütün yazıları - Kənan HACI



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}