Səsin səfiri - Kənan Hacı yazır
Tarix: 08-05-2022 11:20 | Bölmə: Kənan HACI
Səsin səfiri
Kənan Hacı

Təbiət hələ ki, mürgü döyürdü... Seyidin yuxusu ərşə çəkilmişdi, sübh alaçatıdan qalxıb eyvana çıxmışdı və fikirli-fikirli qəlyanını tüstülədirdi. Axşamkı ifanın sədası hələ də qulaqlarında gümüldənirdi. Bu səs onu öz gəncliyinə qaytarmışdı, xəyalın iti qanadları onu Cıdır düzünə, bülbüllərin cəh-cəhiylə süslənmiş İsa bulağına aparıb çıxarmışdı; şaqraq zəngulələrdən bihuş olmuş bülbüllər özlərini Seyidin qavalına çırpırdılar...

...- Ağa, deyəsən, gecəni narahat yatmısan.- Mövsüm kişinin səsi onu xəyaldan ayırdı. Köksünü ötürüb əlini qocanın çiyninə qoydu:

- Mənim yuxumu qaçıran sənin oğlundu, Mövsüm kişi!

Mövsüm kişi əvvəlcə heç nə başa düşmədi, - Nəriman neyniyib ki, ay Ağa?- deyə narahatlıqla soruşdu.

Seyid gülümsündü:

- Daha neyləyəcək? Axşam bir oxumaq oxudu, yoxumdan var oldum. Öz cavanlığımı xatırladım...

******

Nərimanın bəxti onda gətirdi ki, ömrünün həlledici məqamında başını qaldırıb Seyid Şuşinski kimi nəhəng bir dağla rastlaşdı, bu dağın ucalığından, əzəmətindən bir anlıq başı gicəllənsə də, özünü toparlayıb o dağdan qopan ilahi səsləri içinə hopdurmağa başladı; xoşbəxtlikdən o dağ da öz sirlərini ondan əsirgəmədi, çünki bu çəlimsiz oğlanda öz keçmişini görmüşdü və istəyirdi ki, gələcəyini də ona etibar etsin.

Atası Nərimanı özüylə birlikdə kolxoza aparır, bəzi yüngül işləri ona tapşırırdı ki, uşaq erkən yaşlarından zəhmətə alışsın. Sonra fikirləşdi ki, onu sənət məktəbinə qoysa yaxşıdır. Nəriman xarratlıq sinfini bitirib Dəmir yolu deposunda işləməyə başlayır. Sən demə, tale ona başqa bir sürpriz hazırlayırmış, onun həyatının axarı muğam ladı üstündə köklənmişdi. Özü isə bütün bunlardan xəbərsizdi.

Nəriman uşaq yaşlarından muğamın sehrinə düşmüşdü, Seyidin, Zülfünün, Xanın vallarını alıb saatlarla qulaq asır, bu xalları, zəngulələri yaddaşına yazırdı, xəlvətə düşəndə özü də zümzümə edir, öz səsi özünə xoş gəlirdi. Bilirdi ki, oxumaq üçün səsi var, intəhası bu səsi aşkara çıxarmaq üçün yüngülcə təkana ehtiyac vardı, bu təkan olmasaydı, onun səsi bulaq kimi soğulacaq, axırda quruyacaqdı.

Bir gün Mövsüm kişinin dostlarından biri Nərimana deyir ki, ay oğul, sənin ki, belə səsin var, niyə bu səsin nazını çəkmirsən? Seyid Şuşinski var ha, bax, o mənim dostumdur, kişiylə salaməleykümüz var, gəl, səni onunla tanış edim, bir səsinə qulaq assın.



Nəriman sevincdən uçundu, həyəcan içndə Ağayla, gələcək ustadıyla görüşü xəyalında təsəvvür elədi. Tezliklə bu görüş reallaşdı və Seyid Şuşinski Nərimanın səsində istedad işartısı görüb onu Asəf Zeynallı adına Musiqi texnikumuna dəvət etdi.

Həmin vaxtdan Nəriman müntəzəm olaraq Seyidin dərslərində iştirak etməyə başlayır. Muğamın gizlinclərini öyrənməklə yanaşı muğamı tədris etmə metodlarını da mənimsəyir ki, bu da gələcəkdə onun müəllimlik fəaliyyətində çox əhəmiyyətli rol oynayır.

Həmin illərdə Ağa ilə Mövsüm kişinin də dostluğu möhkəmlənir. Ustad xanəndə tez-tez şəhərdən Buzovnaya, Mövsüm kişigilə qonaq gəlir. Bu dostluq o qədər dərinləşir ki, Mövsüm kişi öz həyətində onun üçün xüsusi olaraq iki otaqlı ev tikdirir.

Yeri gəlmişkən, bu günlərdə gözəl yazıçımız Seyran Səxavətin xanəndə Süleyman Abdulayev haqqında yazdığı “Bəhanə” romanını oxuyurdum, orada Seyid Şuşinskinin obrazı yüksək sənətkarlıqla işlənib, bu əsər son yüz ilin muğam mənzərəsini bütün təfərrüatları, ayrıntıları ilə oxucunun gözü önündə canlandırır.

O vaxtlar Seyid Basin küçəsində yaşayırmış. Həmin əsərdə belə bir məqam var ki, gənc Süleyman Seyidi əlimyandıda axtarırmış, axırda üz tutur xanəndənin evinə, qapını Qulam açır (Qulam Ağanın xidmətçisi idi.- K. H) və Seyidin evdə olmadığını deyir. Süleyman soruşur ki, səncə o, hara getmiş olar? Qulam deyir: “Nəriman gəlmişdi, onnan getdi... Gəlsə nə deyim?”

Çox istərdim ki, muğam sənətilə məşğul olanlar- gənc xanəndələr, musiqiçilər bu romanı oxusunlar. Əsəri oxuyub başa çatdırandan sonra ürəyimdə belə bir hiss baş qaldırdı ki, kaş Nəriman müəllim haqqında belə bir bədii əsər yazmaq mənə qismət olaydı. Hələ ki, bu fikir arzu olaraq qalır.

Nəriman Seyidin sinfində təhsil almaqla yanaşı dövlət konsertlərində də iştirak edir, el məclislərində oxuyurdu. Onu da qeyd edək ki, o vaxtlar toylarda mikrofon olmurdu, Nərimanın zil səsi ona toylarda oxumağa böyük imkanlar verirdi.

Nəriman Əliyev 1960-cı ildə texnikumu bitirir və onu təyinatla Azərbaycan Dövlət Filarmoniyasına göndərirlər. 1963-cü ildə xanəndə Zülfü Adıgözəlov dünyasını dəyişir və bu vaxt Əhməd Bakıxanov Nərimanı 12 saylı musiqi məktəbinin axşam şöbəsindəki muğam sinfinə, Zülfünün yerinə dərs deməyə dəvət edir. Seyiddən öyrəndikləri bu dəfə onun karına gəlir, tələbələrə muğam, xalq mahnı və təsniflərini məhz onun kimi öyrətməyə başlayır.

Seyid Şuşinski ömrünün son illərinə qədər Mövsüm kişinin evində qonaq olub. 1965-ci ilin qorabişirən avqust ayında Seyidin ürəyi birdən-birə doğulub boya-başa çatdığı Qarabağ torpağı üçün möhkəm darıxmağa başlayır. Bəlkə də ömürdən çox az möhlət qaldığını sövq-təbii hiss etdiyindən doğulduğu torpağa qayıdır və cəmi ikicə aydan sonra cismini bu torpağa əmanət edir...

Amma getməmişdən əvvəl bir axşam Mövsüm kişiylə halallaşmağı qərara alır. Bu iki dostun arasında dünyanın ən məhrəm, ən səmimi, ən isti söhbəti başlayır və bu söhbət əsnasında Seyid dostunu Nəriman sarıdan da arxayın edir: “Günü sabah gedib Azər müəllimə (o zaman A. Zeynallı adına texnikumun direktoru idi,- K.H) deyəcəyəm, mənim sinfimə dərs deməyə Nərimanı götürsün. Bu, həm də mənim vəsiyyətimdir. Ondan yaxşı müəllim olacaq.”

Zaman Ustadın dediklərini təsdiqlədi. Bu gün Azərbaycan muğamının aparıcı simaları olan Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov,Gülyaz, Gülyanaq Məmmədova bacıları və onlarla muğam ifaçıları muğamın əlifbasını məhz ondan öyrəniblər.

Nəriman Əliyev pedaqoji işlə yanaşı ifaçılıq fəaliyyətini də davam etdirirdi. Onun muğam, təsnif və xalq mahnılarından ibarət 7 valı: - “Bayatı –Şiraz”, “Çahargah”, “Rahab”, “Şur”, “Rast”, “Bayatı-kürd”, “Humayun” valları buraxılıb. Televiziyanın qızıl fondunda onun ifasında “Mahur-hindi” muğamı və 6 təsnif yazılmış lenti qorunub saxlanılır.

Bu yazının ərsəyə gəlməsində mərhum xanəndənin bacısı oğlu, tanınmış tarzən Murtuz Əsədullayevin çox böyük köməyi oldu. Çoxdandı ki, Nəriman müəllim haqqında nəsə yazmaq istəsəm də, müxtəlif səbəblərdən yazı alınmırdı. Bu günlərdə istəyimi Murtuz müəllimə bildirəndə və ondan Nəriman müəllimlə bağlı faktların toplanmasında mənə kömək etməsini xahiş edəndə həvəslə razılaşdı.

Murtuz müəllim dayısı haqqında böyük məhəbbətlə danışır:

“15 yaşım vardı, bir gün dayım mənim tar çalmağımı gördü və təəccüblə “bu eynilə Əhmədxanın xallarını vurur ki!..” söylədi. Mən də “Kürd-şahnaz”ı çalırdım, dayımın bu sözü məndə özünəinam hissi yaratdı və taleyimi ifaçılıq sənətinə bağladım. Sonralar onun tələbələrini tarda müşayiət edirdim. O, tələbələrlə işləməkdən yorulmurdu, çox tələbkar idi, muğamı gənc ifaçılara zərgər dəqiqliyi ilə öyrədirdi.

Mən onu kənd toylarında da müşayiət edirdim, təsəvvür edin, bir toyda 10- 12 dəstgah oxuyurdu. Son vaxtlar səhhətində problemlər yaranmışdı, dərs zamanı ona deyirdim ki, çox ucadan oxuma, sənə olmaz, deyirdi, sən nə danışırsan, muğam xalqın sərvətidir, onu gərək olduğu kimi gələcək nəslə çatdırasan. Mərhum tarzən, həm də mənim müəllimim olmuş Kamil Əhmədov danışırdı ki, Nəriman Seyidin ən çox sevdiyi tələbələrindən idi. Mən muğamın bütün sirlərini dayımdan öyrənmişəm.”

Murtuz müəllim bir də onu deyir ki, “rəhmətlik həmişə mənə deyirdi, elə ifa elə ki, tar əlində muma dönsün, öz çalğın özünə xoş gəlsin, bir də, heç vaxt heç kəsi yamsılama.İndiyəcən onun məsləhətinə əməl edirəm.”

Mənim atamın toyunda Nəriman müəllim oxuyub, atam rəhmətlik onun heyranı idi. Bu heyranlıq mənə də keçmişdi. Məni kəndimizdəki musiqi məktəbinin qarmon sinfinə qoymuşdular, bir gün Nəriman müəllim bizə gəlmişdi, dedi ki, hə, bala, gətir qarmonunu görək nə bilirsən. Bir-iki oyun havası dınqıldatdım, Nəriman müəllim üzünü anama tutub dedi ki, bunu nahaq qarmon sinfinə qoymusunuz, gərək skripkaçılığa qoyaydınız.

Niyə belə dedi, bilmirəm, amma sonralar mənim qarmona həvəsim öləzidi. Yazı-pozu həvəsi məni jurnalistikaya gətirdi və bir gün Nəriman müəllimlə rastlaşanda mənə dedi ki, sənin Məşədi Azər haqqında yazını oxudum, mənə ləzzət verdi, sən özünü bu sahədə tapdın!

****

...Nədənsə şirin yuxu gözündən perik düşmüşdü, eyvanda oturub aram-aram qəlyanını tüstülədirdi. Təbiət nəfəsini içinə çəkib susmuşdu, uzaqdan dənizin həzin, qulağa dinclik gətirən pıçıltısı eşidilirdi. “Qırx il nə tez ötüşdü, ay dadibidad! Elə bil ki, dünəndi, düz qırx il bundan əvvəl Seyid bax, elə burdaca dayanıb fikirli-fikirli qəlyanını tüstülədirdi... Onun çəkdiyi tütün bu tütündən deyildi, ətri adamı bihuş edirdi. Atama dediyi sözlər indi də qulağımda cingildəyir: “...Axşam bir oxumaq oxudu, yoxumdan var oldum. Öz cavanlığımı xatırladım...”

...Çiyninə qonan yumşaq əldən diksinib geri çevrildi; Seyid idi, nüfuzedici baxışları yenə uzaqları ölçürdü. Cəld ayağa qalxmaq istədi, Seyidin əli çiynindən basdı: “Yol gəlmisən, bir hovur dincini al, onsuz da səsin o tayda qalıb. Qırx ildi sənin səsinə qulaq asıram, ruhum dincəlir...”

Ruhları qovuşdu...

******

Buzovnaya gedən marşrut avtobusunda yerimi tutdum və fikirləşdim ki, işə bax, otuz ildən çox yaşadığım bir kəndə indi qonaq kimi gedirəm. Amma şəhər məni deyəsən bir az müdrikləşdirib. Hər adddımımda öz- özümə deyirəm ki, özünü yığışdır, bura səninçün Buzovna deyil!

Bu dəfə özümü bir az da toparladım, çünki elə bir insanın ziyarətinə gedirdim ki, bu insanla, bu qadınla görüşüb söhbətləşmək, xatirələrə körpü salmaq, həyatının daha xoşbəxt, daha işıqlı çağlarına səyahət etmək elə də asan bir iş deyildi.

Kimdir bu qadın? Bu qadın ustad xanəndə Nəriman Əliyevin həyat yoldaşı Xalidə xanımdır. Xalidə xanım mənim uşaq yaddaşımda- illərin uzaqlığında qalmışdı və bu uzaqlıq qədər də mənə yaxın olan bir məsafədəydi. Orta məktəb illərinin fotolarında Xalidə xanımın daha gənc, daha şux, təravətli, məsud çağları hələ də vaxta biganə qalaraq özü haqqında çox şeylər danışır. Bu xanım mənim həndəsə müəllimim olub, mən onun bəlkə də ən zəif şagirdi olmuşam. Ümumiyyətlə, mən sonralar da, elə indinin özündə də həyatın cəbri və həndəsəsi qarşısında 2 qiymətə layiq bir şagird olaraq qalmışam.

İndi bu zəif şagird öz müəllimini sorğu- suala tuta biləcəkdimi? Açığı, içimdə bir az həyəcan da vardı. Həm də axı aradan uzun illər keçmişdi...

*********

“Əli ayağı” ziyarətgahına aparan yolda çox dəyərli şəxsiyyyətlərimizin də ünvanı var ki, biz hərdən vaxt tapıb bu ünvanlara da baş çəkməli, onları da ziyarət etməyi özümüzə borc bilməliyik. Müqəddəs ziyarətgaha aparan yolun iki yüz addımlığından sağa burulub dəmir qapı ilə üzbəüz gəlirsən və bundan sonra... artıq xatirələr danışır, qalaq- qalaq şəkillər danışır, yaddaşda oyanan Səs danışır...

...Xalidə xanımın həyatında çox böyük itgilər olub- cavan qardaşını, gənc yaşda oğlunu, kürəkənini və nəhayət həyat yoldaşını itirib; saçları qar kimi dümağdı,- itgilər öz işini görüb... Bir-birindən ağır itgilər...O, bir qadının çəkə bilməyəcəyi ağrılar yaşayıb, bir qadının çiyni üçün olduqca ağır bir yükü daşıyası olub. Həmişə üzündə gördüyümüz təbəssümə elə bil xal düşüb, gözlərinin dərinliyində yuva salmış kədəri sezməmək mümkün deyil... Bu itgilər haqqında danışmaq yaraya duz tökmək kimidi, amma danışmamaq da mümkün deyil.

Yaddaşının itiliyinə heyrətlənirəm. 1989-cu ilin payızında yaxın bir qohumumuzun toy məclisində Nəriman müəllim “Mahur-hindi” muğamını oxumuşdu və mən o ifanı maqnitofon lentinə yazmışdım. Söhbət əsnasında qəfildən o məqamı xatırladı:

- Yadımdadır ki, sən onun ifasını lentə yazırdın.

Nəriman müəllimin həmin muğamda oxuduğu qəzəl və vurduğu xallar eynilə, olduğu kimi yaddaşımda səslənməyə başladı:

Bəlayi- eşqdən zövq almayanlar bərkəmal olmaz,
Bu eşqi duymayan kəs layiqi-bəzmi vüsal olmaz.

Pərisən, hurisən, ya bir mələksən, bilməzəm billah,
Pəridə, huridə, ya bir mələkdə bu camal olmaz.

...Qələm çəkmək gərək əfsaneyi-Məcnuni- Leylayə,
Ki, Məcnun Azərə, Leyla sənə hərgiz misal olmaz.

Xalidə xanımdan soruşdum ki, xatirələrinizi yazırsınızmı? Gülüb dedi ki, yox, vallah, amma bilirsən yaddaşımda nə qədər xatirələr var!.. Danışır ki, o vaxt İranda Dilkeş xanım adlı məşhur bir xanəndə olub, Seyid Nərimana demişdi ki, əgər oğlun olsa, adını Sarəng, qızın olsa, Dilkeş qoyarsan. O, həm də “Rast” muğamına “Dilkeş” şöbəsini əlavə etmişdi. Belə oldu ki, 1965-ci ilin 1 sentyabrında qızımız dünyaya gəldi və Nəriman ustadının vəsiyyətinə əməl edərək qızın adını Dilkeş qoydu. İndi Dilkeş xanım Buzovnada 4 saylı İncəsənət məktəbində fortepiano ixtisasından dərs deyir.

Xanəndə kiçik qızına da “Bayatı –Şiraz” muğamının şöbəsi olan “Dilrüba” adını qoymuşdur.

Xalidə xanım mərhum xanəndənin arxivini səylə qoruyub saxlayır, bu arxiv bizim muğam tariximizin bir parçasıdır, bu arxiv dil açsa, nələr danışa bilər!.. Ona kifayət qədər ithaf şeirləri yazılıb və Xalidə xanım danışır ki, bu şeirləri oxuyarkən bir şeir diqqətimi çəkdi, müəllif yazır ki, “səninlə fəxr edir səndən dərs alan!” Biz dərs aldığımız insanlarla fəxr etməyi bacarmalıyıq, ona görə bacarmalıyıq, yazıram ki, əksər hallarda biz nəinki onlarla fəxr etməyi, onları ümumiyyətlə, xatırlamağı belə bacarmırıq.

Xatırlamaq, yad etmək də mənəviyyatdan, əxlaqdan, vicdandan irəli gələn bir haldır. Abbas Səhhət ona görə “Yad et məni!” deyərək hayqırırdı ki, öz qövmünün biganəliyinə bələd idi, unutqanlığından hali idi, sonrakı nəslin yaddaşına çox da güvənmirdi. Millətimizin başına nə bəla gəlibsə, unutqanlığının ucbatından gəlib, biz keçmişimizi çox tez unuduruq, el üçün yananları yaddaşımızdan amansızlıqla silə bilirik. Sonra da tarix bizi eyni amansızlıqla cəzalandırır.

Nəriman müəllim millətimiz üçün böyük bir xanəndələr ordusu yetişdirib, bu gün o xanəndələr yoxdursa, demək, Azərbaycan muğamı da yoxdur. O vaxt texniki imkanlar çox aşağı olduğundan hamı canlı oxuyurdu və canlı oxumaq da xanəndədən məharət tələb edirdi. Ustad xanəndənin səsini el məclislərində çox sınağa çəkmişdilər, bu səs artıq durulub saflaşmışdı, sanki boğazdan deyil, hansısa bulağın gözündən axırdı. Bu səs çoxları üçün əvəzsiz qaynaq idi,- Canəli Əkbərov üçün, Alim Qasımov üçün, Ağaxan Abdullayev üçün, Gülyaz, Gülyanaq Məmmədova bacıları üçün, onlarla muğam ifaçısı üçün...

Buzovna kəndinin axundu, ilahiyyat alimi Hacı Soltan Ustad Nərimana poeziyanın səmavi dilində bir qəzəl qoşub:

Aləmdə qoyub namını xanəndə Nəriman,
Seyyid kimi dünyadə gəzər zində Nəriman.

Ustadlıq edib xeyli müğənnilərə bişək,
Qoymazlar olar ki, ola şərməndə Nəriman.

Seyyiddən alıb musiqinin incə məqamın,
Gənc nəslimizi qoymadı daməndə Nəriman.

...”Segah” ilə ağlatdı bizi ahu-nəvası,
Əl atdı “Humayun”da da çox fəndə Nəriman.

Onun “Segah”ının ahu-nəvası çoxlarını dili yanana qədər dilləndirəcək, ürəkləri bu səsin istisindən soyumayacaq... “Humayun” sükutu öz qapısınacan qovub heydən salacaq... “Mahur-hindi” sanki onun səsinin boyuna biçilib, bu muğam sanki həyatının da ritminə uyğun gəlirdi. Hər dəfə onun ifasında bu muğama qulaq asanda Nəriman müəllimin həyat yolunun müxtəlif mərhələləri gözümün önündən keçir.

O, sadə, olduqca sadə bir həyat tərzi keçirib, yəqin ki, bu onun xarakterindən irəli gələn bir hal idi. Tələbələrinin səsi-sorağı az qala hər gün televiziya ekranlarından eşidilsə də özü efirə çıxmaq, səsini yazdırmaq haqqında düşünmək istəməyib. Elə buna görə ustadların ustadı olsa da adı çox vaxt kölgədə qalıb. Amma o, heç vəchlə kölgədə qalmağa layiq bir sənətkar deyildi.

Xalidə xanım deyir ki, bir neçə il bundan öncə Nəriman müəllimin həyat yolu barəsində “Aztelefilm”in istehsalı olan sənədli film çəkilib, Muğam Teatrında xatirə gecəsi keçirilib. Bu il isə yubileylə əlaqədar olaraq daha geniş tədbirlərin keçirilməsinə ehtiyac var.

*****

İnsanlar “Əli ayağı” ziyarətgahına gəlib nəzir-niyazlarını verir, ürəklərinin mətləbini diləyir, həmdü-sənalar edib eşiyə çıxırdılar və yerin təkindən axan müqəddəs sudan üz-gözlərinə vurub bir-iki qurtum da içirdilər ki, ürəklərinin yanğısını söndürsünlər, sonra da tez-tələsik maşınlarına oturub gedirdilər iş-güclərinin dalınca. Bəs niyə gözləri önündə mavi xalı kimi sərilmiş dənizi görmürdülər, onun əbədi uğultusunu eşitmirdilər?..

...Dənizin üzü göyərmişdi, üfüqdə qaraltı vardı, deyəsən qar yağacaqdı. Mən hələ də həyatın amansızlığı haqqında düşünürdüm...



Amma onun səsi bu dünyaya məxsus deyildi, İlahi səs idi. Xalidə xanımı bu qədər itgilərin müqabilində ayaqda saxlayan, ağrının, əzabın qarşısında yenilməyə qoymayan da o Səs idi!..
Yaşı Sözdən də qədim olan Səsin əbədi Səfiriylə hələ çox görüşəcəyik!..

Yazıdan sonra:

Bilirdim ki, bu mövzu mənim üçün hələ bitməyib. Haçansa bu yazıya yenə qayıdacağıma əmin idim. Bu günlərdə muğamatımızın bilicisi, tədqiqatçı-alim, şair Gülhüseyn Kazımlı Nəriman müəllim haqqında yazımı oxuyub mənə zəng vurdu və dedi:

- Sənin bu yazına rast gəlməmişdim, əla yazmısan. Məncə, sən bu yazını böyüdüb sənədli povest edə bilərsən.

Açığı, söz və sənət sərrafından bu sözləri eşitmək mənim üçün xoş oldu. Bundan da əvvəl böyük yazıçımız Seyran Səxavət zəng vurub yazını bəyəndiyini demişdi. İki dəyərli fikir adamından müsbət rəylər aldıqdan sonra düşündüm ki, Nəriman müəllim haqqında yazmadıqlarım yazdıqlarımdan daha çoxdur və doğrudan da bu yazını genişləndirməyə ehtiyac var. Müxtəlif vaxtlarda ustad xanəndə haqqında mətbuatda yazdığım yazıları yenidən gözdən keçirdim, yazıdan kənarda qalan məqamlarla bağlı qeydlər etdim və bu da növbəti yazının (əslində bu yazının sonrakı bölümü olaraq) yazılmasına səbəb oldu.

*****

Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi Ağakərim Nafizlə söhbətlərimizdən birində dedi ki, Nəriman yaxşı xanəndə idi, ən əsası, gözəl pedaqoq idi. Hər xanəndə yaxşı pedaqoq ola bilmir. Bu fikri mərhum tarzənimiz Kamil Əhmədovun da dilindən eşitmişdim. Nəriman müəllimin tələbəsi olmuş Xalq artisti Gülyaz Məmmədova müsahibələrindən birində belə deyir:

- Nəriman müəllimi ilk dəfə 5-ci sinifdə oxuyanda görmüşdüm. Şəkidə muğam müsabiqəsi keçirilirdi və o da münsif idi. Gülyanaqla mən çıxıb oxuduq. Hansı kənddən olduğumuzu soruşdu. Dedik ki, Böyük Dəhnə kəndindənik. Soruşdu ki, siz o kənddə Məmmədova Rəhiməni tanıyırsınız? Utana-utana “bacımızdır” - deyəndə bir az ərklə dedi ki, ona deyin dərsə gəlsin. Biz dedik o, ailə qurub. Buna görə çox əsəbiləşdi. Sonra mən 1988-ci də, Gülyanaq isə 1992-ci ildə onun sinfində dərs aldıq.

O, Azərbaycanın böyük muğam müəllimlərindən idi. Onun muğam öyrətmə üsulu o qədər fərqli və gözəl idi ki, oxumayan tələbə belə muğamı gözəl bilərdi. Öyrətmə qabiliyyəti güclü idi. Qəzəl və muğamı, poeziyanı dərindən bilir və tələbələrinə də əruzu və hansı muğama hansı qəzəli oxumaq lazım olduğunu məharətlə öyrədirdi.

Bu gün ifa etdiyim bir çox mahnını Nəriman müəllimin zümzüməsi ilə öyrənib oxumuşam. Bizə ata qayğısı göstərirdi. Məni muğam radio fonduna aparıb “Şahnaz” muğamını yazdırdı. İfamı özü qavalla müşayiət etdi.

Həm mənim, həm də Gülyanağın sənət yolunda onun böyük xidmətləri var. Bir faktı da deyim ki, Seyid Şuşinskinin qavalının biri Nəriman müəllimdə idi. Biri də Asəf Zeynallı adına Musiqi Texnikumunda qalmışdı.

Hazırda o qaval sinfimin konsertmeysteri Mehman Mikayılovdadır. Bu gün konsertlər zamanı çox vaxt o qavalla səhnəyə çıxıram”.

Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor Arif Əsədullayev deyir ki, “mənim sənətdə qazandığım uğurlarda Nəriman müəllimin böyük rolu olub. İlk dəfə 1963-cü ildə mərhum tarzən Əliağa Quliyevlə birlikdə məni toya aparıb. O zaman mənim heç bir təcrübəm yox idi, yeniyetmə bir oğlan idim, bərk həyəcan keçirirdim. Amma Nəriman müəllim mənə inandı və nəticədə mən özümü həmişəlik kamança sənətinə həsr etdim. Sonralar onun bütün dərslərində iştirak etmişəm, onu konsertlərdə, efirdə, toy məclislərində müşayiət etmişəm”.

Arif müəllim Nəriman Əliyevin bacısı oğludur, mənim də dayım oğludur. Çox-çox illər bundan öncə bir dəfə Arif dayıoğlu məni Nəriman müəllimgilə apardı. Onda təxminən on beş-on altı yaşım olardı. Biz darvazadan həyətə adlayanda gördük Nəriman müəllim əlində bel, ağacların dibini belləyir. Nəriman müəllimi ilk dəfə idi ev şəraitində görürdüm. Mənə elə gəlirdi ki, bu qəbil insanlar sadə adamlar kimi fiziki iş görmürlər, heç yemək də yemirlər. Dünyanı və insanları hamının gördüyündən fərqli görmək də bir istedaddır. Yaşımın elə çağıydı ki, mən Nəriman müəllim kimi sənətkarlara fövqəlbəşər kimi baxırdım. Ağacların arasında gəzişir, meynələrə qulluq edirdi. “Ağaclar da insanlar kimidir, onlara gərək qulluq edəsən, qayğı göstərəsən ki, bəhər versinlər” – deyirdi.

O, tələbələrinə təkcə muğamı öyrətmirdi, həm də onların qayğılarıyla yaşayırdı. Qəzənfər Abbasov danışır ki, tələbə vaxtlarımda çox çətinliklə dolanırdım. O da sövq-təbii bunu hiss edirdi və mənə deyirdi, Qəzənfər, birdən pulun olmaz ha, heç nədən çəkinmə, mənə de.

Nəriman müəllimin tələbələrindən yeganə umacağı muğamatı dərindən, mükəmməl öyrənmək idi. Arada ciblərinə pul da qoyurdu ki, sıxıntı çəkməsinlər. Çünki onların səsinə, istedadına bələd idi və bu səslərin nə vaxtsa bağında qulluq etdiyi ağaclar kimi bar verəcəyinə əmin idi. Bəzən tələbələrindən hansısa biri toya gedəndə qavalı olmurdu. Nəriman müəllim ona qavalını verirdi. Beləcə, onların qanadları bərkiyirdi, ustad isə bu səs uçuşlarını kənardan seyr edib bəxtəvərcəsinə gülümsəyirdi.

Muğamın keşiyində durmaq, onu olduğu kimi gələcək nəslə ötürmək yanğısı onu ömrü boyu müşayiət edən bir istək olub. Bu istək həyatının ən Ali Məramı olub. Bu yolda ömrünün sonuna kimi sistemlilik və ardıcıllıqla çalışıb. Otuz ildən artıq müddətdə hər gün ictimai nəqliyyatla Buzovnadan şəhərə, Asəf Zeynallı adına Musiqi Texnikumuna gəlib gedib. Yolun uzaqlığı onu bezdirməyib. Ondan ötrü sadə, mütəvazi müəllim həyatının zövqünü yaşamaqdan gözəl nə ola bilərdi?!

Zaman keçdikcə tələbələri ad-sana yetişib, efirlərin bəzəyinə çevrilib, fəxri adlar alıb, xalq məhəbbəti qazanıb, bəzilərinin şöhrəti ölkədən kənara yayılıb. O isə həmişəki kimi səhər tezdən yuxudan oyanıb yeməyini yeyir, avtobusa minib məktəbdə, sinif otağında onu gözləyən tələbələrinin yanına gəlirdi. Yeni-yeni səslərin cilalanması, püxtələşməsi üçün səbrlə, təmkinlə bildiklərini öyrədirdi.

Əllərimə baxıb mənə skripka sinfinə getməyi məsləhət görmüşdü. Mən qarmon sinfinə getdim. Musiqi məktənini əla qiymətlərlə bitirdim. Amma musiqiçi deyil, yazıçı oldum. Bu gün hansısa muğam səslənəndə dərhal deyirəm ki, bu filan muğamdır, filan şöbədir. Dostlar heyrətlənirlər – sən bunları harda öyrənmisən? Bunları musiqi məktəbindən əvvəl Nəriman müəllimdən öyrənmişəm.

Arifin qardaşı rəhmətlik Cavid muğam xiridarı idi. Muğamatı musiqiçilərin çoxundan yaxşı bilirdi. Hələ səksəninci illərdə onun evində patefon və nadir səs yazıları vardı. O lentlərdən Zülfü Adıgözəlovun, Seyid Şuşinskinin, Mütəllim Mütəllimovun səsləri eşidilirdi. O patefon yalnız evində mötəbər qonaqlar olanda səslənərdi. Cavidin qardaşları Arifin, Murtuzanın ifaçılıq sənətinə yiyələnməyində böyük əməyi olub. Nəriman müəllim onu çox istəyirdi. 1994-cü ildə Cavid dünyasını dəyişdi və o vaxtdan Nəriman müəllim sanki sürətlə qocalmağa başladı. Bacısı oğlunun vaxtsız vəfatı oğul övladının nakam ölümü qədər onu sarsıtdı, qəddini bükdü. Marsel Prust yazır ki, “xoşbəxtlik vücud üçün faydalıdır, fəqət ağlı inkişaf etdirən iztirabdır”. İztirab ağlı inkişaf etdirsə də vücud onun ağırlığını daşıya bilmir. Nəriman müəllim həyatdan iztirab payını da almışdı. Oğlunun, bacısı oğlunun bir-birinin ardınca dünyasını dəyişməsi ürəyinə yaralar vurmuşdu və onsuz da zəif olan vücudu bir az da zəifləmişdi.

Bu yerdə alman şairi və mütəfəkkiri Hötenin sözlərini xatırlamaq da yerinə düşər. O, yazır:

“Əlləriylə çalışan işçidir. Əlləri və beyni ilə çalışan ustadır. Əlləri, beyni və ürəyi ilə çalışan isə sənətkardır”.

Nəriman müəllimin böyük ürəyi vardı. Ömür-gün yoldaşı Xalidə xanım danışırdı ki, Nəriman tələbələrini öz övladları qədər çox istəyirdi. Onların bəziləri şəhər qeydiyyatında olmadığı üçün işlə bağlı problem yarananda onları öz evində qeydiyyata aldırardı. Bugünün tanınmış xanəndələrinin çoxu onun evində qeydiyyatda olublar.

Bu ev kimləri görməyib?! Ustad xanəndələrin vaxtaşırı yolu burdan düşüb, Nəriman müəllimi ziyarət ediblər, hansısa muğamın hansısa şöbəsini ondan öyrəniblər, doyulmaz söhbətlərini dinləyiblər.

2011-ci il idi. Xalidə xanımla əyləşmişdik bir zamanlar Nəriman müəllimin oturduğu masanın arxasında, onu anırdıq. Hər qarışında Nəriman müəllimin nəfəsi duyulan bu evdə, Seyid Şuşinskinin xatirələri dolaşan bu həyətdə Azərbaycan muğam sənətimizin pöhrə səsləri yetişib, çiçək açıb, səmaya pərvazlanıb. Bu ocağın ev muzeyinə çevrilməsi həm Seyidin, həm də Nəriman Əliyevin ruhunu şad edər. Bu həyət adi həyət deyil, muğam sənətimizin pərvəriş tapdığı müqəddəs bir məkandır. Onun tələbələri bu təşəbbüsə qoşulsalar, çox güman ki, tezliklə istəyimiz həyata keçə bilər.

...Xalidə xanım həlim səslə, astadan danışır, onu dinləyə-dinləyə xəyal məni çox uzaq illərə aparır. O illərə ki, onlar ikisi də hələ cavan idilər, övladları böyüyürdü. Ömürlərinin məsud, bəxtəvər çağlarını yaşayırdılar. Ölüm, itgilər çox uzaqdaydı. On dörd yaşlı mən Cavidin qızı Sevdanın toyuna özümlə birlikdə maqnitofon da aparmışdım. Bilirdim ki, həmin toy məclisində Nəriman müəllim oxuyacaq. “Mahur-hindi” oxudu və mən onun səsini kasetə yazdım. 1989-cu ilin oktyabrı idi. Həmin kaset arxivimdədir. Söhbət əsnasında Xalidə xanım o məqamı xatırlatdı:

- Yadıma gəlir ki, sən onun səsini lentə yazmışdın.

Heyrətə gəldim, mənim ustadın səsini lentə almağım gözündən qaçmayıbmış, üstəlik, aradan otuz ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də o anları xatırlayır.

Həmin söhbətdən on bir keçir. Bu yaxınlarda Xalidə xanım da fani dünyadan köçünü çəkib getdi. Nəriman müəllimlə ruhları qovuşdu...

Hamısı orda, haqq dünyasındadırlar. Bu dünya üçün, bu məmləkət üçün etdiklərini etdilər, xalqın misilsiz sərvətini – Muğamı özlərindən sonrakılara ötürdülər. Yaşadılar, yaşatdılar. Onların Yer üzündəki missiyası başa çatdı. Muğam sənətinin yaşaması üçün Nəriman müəllim bir ömür sərf etdi. Tanrının ona bəxş etdiyi ömrü səsiylə, sənətiylə bəzədi.

Nəriman müəllim haqqında çəkilmiş filmdə bir kadr var. Ustad həyətdə yenicə çiçəkləmiş ağaclara qulluq edə-edə jurnalistlə söhbətləşir. O məqamda belə bir cümlə işlədir:

“Əkiblər, yemişik, əkirik ki, yesinlər”.

Səsin tələbələrinin avazında çiçəkləyir, Ustad. Rahat uyu. Bu dünyada bizə miras qoyduğun Səsdən arxayın ol.

2011-2022

Müəllifin bütün yazıları - Kənan HACI



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}