Çinarlı meydançasında nokaut - Kənan Hacı yazır
Tarix: 25-10-2021 20:28 | Bölmə: Kənan HACI
Çinarlı meydançasında nokaut
(hekayə)

Çinarlı parkda buldozer işə düşmüşdü. Asudə vaxtını bu parkda keçirən qocalar, uşaqlı qadınlar təəccüblə ətrafdakı söküntüyə tamaşa edirdilər. Parkın yaxınlığında bahalı qara maşınlar düzülmüşdü, hiss olunurdu ki, parkda o baş-bu başa gəzə-gəzə fəhlələrə göstəriş verən qara kostyumlu, qara eynəkli adamlar buranın gələcək sahibləridirlər. Parkın daimi sakinləri isə bir yerə toplaşıb narazılıqlarını bölüşürdülər. Hündürmərtəbə binalarda yaşayanlar da eyvandan bu mənzərəni seyr edirdilər.

Sakinlərin bir neçə nəslini yola salmış taxta oturacaqların bəziləri sınmış, qopmuş vəziyyətdə idi, zaman onların rəngini də büsbütün soldurmuşdu. Bu skamyalar adamların qayğılarını, dərd-sərlərini səbrlə dinləyib arada cırıldamaqla öz varlıqlarını yada salırdılar. Qocalarla onların görkəmində qəribə bir oxşarlıq vardı – onlar da, bunlar da ömürlərini başa vurmaqda idilər.

Təqaüdə çıxmış ahıl kişilər bir yerə toplaşır, dünyanı quru yuyub yaş sərirdilər. Ya da çayçı Davudun çayxanasında bütün günü nərd, domino çırpırdılar. Ağaclar isə sanki zamana biganə idi, yay-qış öz yaşıllıqlarını qoruyub saxlayırdı. Torpaqdan aldıqları qidanı yuxarı budaqlara ötürməyə çalışırdılar. İndi gövdələrinə nüfuz edən yad cismə qarşı dirəniş göstərməkdə idilər. Buldozerin vahiməli səsi onların asudə həyatına vəlvələ salmışdı, budaqlarında səksəkəli bir təlaş dolaşırdı, ağaclar budaqlarıyla öz yoldaşlarına əl eləyib həmrəylik nümayiş etdirirdilər. Onlar öz hündürlükləri boyu ah-nalə çəkirdilər. Adamlardan küsmüşdülər, ilk dəfə idi ki, kölgələrini onlardan əsirgəyirdilər. Sanki günəş də çinarla sözü bir yerə qoyub işığını bu adamlardan əsirgəmişdi. Onların günəşin yanında bir toz qədər etibarı qalmamışdı... Çinar isə sanki maddiliyini itirib zaman içindən kənara sıçramışdı. Bununla da öz enerjisini insanlara ötürməkdən imtina etmişdi. Küncdə-bucaqda başı kəsik, qəlbi qırıq ağaclar isə taleləri ilə çoxdan barışmışdı.

Buldozerçinin sifəti də idarə etdiyi texnikanın polad çalovu kimi hissiz, duyğusuz idi, bu donuq sifət mexaniki olaraq işə düşən robotun üzünü xatırladırdı. Buldozer kərgədan tərsliyi ilə ağaclara doğru şığıyırdı.

Parkın küncündəki qəzet köşkünü işlədən Yaqub kişi dərindən köks ötürüb gileyini dilə gətirdi:

- Kasıb-kusubun ayağını burdan da kəsdilər. Deyirlər burda varlılar üçün bahalı restoranlar tikəcəklər. Pensionerlər gəlib bir manatlıq çay içib, dominadan-nərddən oynayırdılar, başları qarışırdı. İndi bu bədbəxtlər bəs hara gedəcəklər?

Nimdaş geyimi əynindən tökülən çəlimsiz, yaşlı bir kişi isə burnunu çəkə-çəkə danışırdı:

- Yoox, biz adam döyülük ki. Bizə heç harda yer yoxdur. Ay namərdlər, heç olmasa, o neçə illik ağacları kəsməyin! O ağacların ucalıb boy atması üçün bilirsiniz nə qədər illər lazımdır? O çinarın ahı tutacaq sizi! Vallah-billah, tutacaq!

Parkın ortasında əzəmətli görkəmi ilə ətrafa meydan oxuyan qocaman çinar ölümünü gözləyən məhkum kimi məğrurcasına başını dik tutmuşdu...

Yaqub kişi çinarın məğrur duruşuna baxıb qəhərləndi.

- Yox, onlar səni yıxa bilməyəcəklər, çinar! Yıxa bilməyəcəklər!

Qətiyyətli addımlarla köşkə girib dəftər-qələmlə qayıtdı:

- Qardaşlar, gəlin ərazi polis bölməsinə hamımızın adından şikayət ərizəsi yazaq. Bu harınlamış adamlar camaatın istirahəti üçün ayrılmış parkı dağıdırlar. Bu, cinayətdir. Bu işi belə qoymaq olmaz.

Hamı həvəslə razılaşdı. Yaqub kişi bütün sakinlərin məsləhətilə geniş bir ərizə yazdı. Parkın yaxınlığında yaşayan sakinlərin çoxu ərizəyə qol çəkdilər. Səhərisi günü Yaqub kişi ərizə ilə bölmənin qapısını kəsdirib durmuşdu. Onunla birlikdə üç-dörd ağsaqqal da gəlmişdi.

*****

Məhərrəm hər dəfə bu parka gələndə uca çinarın altındakı skamyada oturub xəyallara dalırdı. Xəyallar onu keçmişə deyil, gələcəyə aparırdı. Bəzən əlini çinarın gövdəsinə sürtüb yarpaqlarıyla pıçıldaşırdı. Çinar onun sirr ortağı idi. Uzaqdan Məhərrəmi görüncə yarpaqlarını yelləyib onu salamlayırdı. Məhərrəm də addımlarını yeyinlədib çinarın görüşünə tələsirdi. “Mənim ən sadiq dostum sənsən” - deyib gövdəsini qucaqlayırdı.

Çinar Məhərrəmin sevgisinin yeganə şahidi idi. Məryəmlə bu parkda rastlaşanda gözlərinə inanmamışdı. İllərin uzaqlığından çıxıb gəlmiş bu qız Məhərrəmin ürəyinə ilk sevginin toxumunu əkmişdi. Məktəb illərində bir partada yanaşı otururdular. Hər ikisi əlaçı idi.

Bu uca çinarın altında gördüyü qız onun xəyallarını keçmişə qanadlandırdı. O, keçmişlə yaşamağı heç sevməzdi. Keçmiş onun rahatlığını əlindən alırdı, yaşamağına mane olurdu. Üzünü həmişə gələcəyə tuturdu, yaşadığı hər gün gələcəyi üçün nəsə edirdi. Məryəm isə onu bir baxışla keçmişə qaytarmağı bacardı.

Uşaqlıq xatirələri gözləri önündə canlandı. Məryəmlə bağlı unudulmayan xatirələrdən biri də məhəllələrindəki çinarla bağlı idi. Hardansa bir biznesmen peyda olmuşdu və o ərazidə obyekt tikdirmək istəyirdi. Çinar obyektin tikintisi üçün böyük maneə idi.

Kənd içində bu ağaca Gəlin Çinar deyirdilər. Kəndi Gəlin Çinarsız təsəvvür etmək mümkünsüz idi. O hamının əzizinə, doğmasına çevrilmişdi. Yayda səxavətlə öz kölgəsini yerə sərib insanları altına yığırdı. Sadə, işdən-gücdən yorğun düşmüş adamlar gəlib Gəlin Çinarın altında oturub dinclərini alırdılar, samovar çayı içib yorğunluqlarını canlarından çıxarırdılar.

Gəlin Çinarın başının üstünü qara buludlar almışdı. Ağacın kəsilmək təhlükəsi yaranmışdı. Sanki çinar özü də bu təhlükəni hiss etmişdi, yarpaqlarından kədər yağırdı. Gəlin Çinarın elə bil kölgəsi də yoxa çıxmışdı. Hamı bu işə mat-məəttəl qalmışdı. Gəlin Çinar insanlardan küsmüşdü.

Məhərrəm bütün gecəni yatmayıb Gəlin Çinarı necə xilas etməyin yolları haqda düşündü. Birdən yadına düşdü ki, onunla bir sinifdə oxuyan parta yoldaşı Məryəmin babası hardasa yüksək vəzifədə çalışır. Məryəmə bu haqda danışsa, qız babasından kömək istəyə bilər.

Sübh açılana qədər yerinin içində vurnuxdu, gözünə yuxu getmədi. Necə olur-olsun, Gəlin Çinarı xilas etmək lazım idi. Fəcr vaxtı ustufca yerindən qalxdı və əynini geyinib həyətə düşdü. Günəş hələ dağların arxasındaydı. Xəfif meh Gəlin Çinarın yarpaqlarını asta-asta yellədirdi.

Məhərrəm fikirləşdi ki, biznesmen çox pis adamdır, yaxşı adam olsaydı, heç vaxt Gəlin Çinarın qəsdinə durmazdı. İçində biznesmenə qarşı kin, nifrət vardı. Hiddətindən bədəni uçunurdu, sübhün ayazı vecinə deyildi.

Səhər aynıdıqca daşlı-kəsəkli kənd yolunda hərəsi bir işin dalınca gedən adamların ayaq səsləri çoxalmağa başlayırdı. Məhərrəmin hövsələsi daralıb bir tikə olmuşdu, heç cür özünə yer tapa bilmirdi. Anası yuxudan oyanınca oğlunu yerində görmədi və xalatını geyib eyvana çıxdı, şehə bələnmiş dibçək güllərinin ətri aləmi başına götürmüşdü. Anası gördü ki, Məhərrəm Gəlin Çinarın gövdəsinə söykənərək xəyala dalıb.

Doluxsundu. Ürəyində biznesmeni qarğıdı. Dünəndən bəri Məhərrəmin anasının da rahatlığı pozulmuşdu, Gəlin Çinarın kəsilməsiylə heç cür barışa bilmirdi. Amma o, neyləyə bilərdi? Atası Fehruz kişi neçə dəfə eyvana siqaret çəkməyə çıxmışdısa, oğlunu oyaq görmüşdü.

İlk dərs başlanmamış Məhərrəm Məryəmə yaxınlaşıb əhvalatı həyəcanla ona danışdı. Məryəm öz uşaq kədəriylə Məhərrəmə təsəlli vermək istədi və söz verdi ki, dərs bitən kimi babasına zəng edib Gəlin Çinarı gözləyən təhlükə haqda xəbər verəcək. Məhərrəm indiyəcən Məryəmin babasının harda işlədiyini soruşmamışdı, amma bilirdi ki, çox yüksək vəzifədə çalışır, hörmətli, sözü keçən adamdır.

Amma bu dəfə ürəyinin tam sakit olmasından ötrü soruşdu:

- Baban harda işləyir, Məryəm?

- Prokurorluqda, - deyə Məryəm qısaca cavab verdi və gülümsədi. – Darıxma, babama deyəcəm.

Məhərrəm ikinci gecəni də çox narahat yatdı və yuxusunda Gəlin Çinarı gördü. Gördü ki, özünə oxşayan bir uşaq Gəlin Çinarın altında ora-bura qaçır, uşağı yanına çağırdı, uşaq yüyürə-yüyürə gəldi və ona çatıb dayandı:

- Hə, baba.

Baba sözündən diksindi və birdən yadına düşdü ki, o, artıq babadır, qarşısında dayanmış bu uşaq onun nəvəsidi və onun da adı Məhərrəmdir. Uşağın başını sığallayıb çiyinlərini qucaqladı:

- İstəyirsən sənə bu Gəlin Çinarın nağılını danışım? Əslində bu, nağıl deyil. Olmuş əhvalatdır. Onda mən bu Gəlin Çinarı ölümdən xilas etmişdim...

Səhər ayılanda yuxusunu xatırladı və bu yuxunu evdə heç kəsə danışmadı. Hər gün dərsə gedəndə Məryəm qabağına yüyürürdü və həyəcanla Gəlin Çinarı soruşurdu. Məhərrəm da gülə-gülə deyirdi ki, Gəlin Çinar hələ ki, yerindədi.

Bir həftənin tamamında gün teştə qalxan çağı Feyruz kişi arvadını yanladı:

- Balam, bu biznesmendən bir xəbər çıxmadı, elə o gedən oldu...

Məhərrəm bir küncdə dayanıb sözlü adamlar kimi gülürdü. Gəlin Çinar xilas olmuşdu.

*****

- Mənə elə gəlir ki, bu çinar Gəlin Çinarın övladıdır, - Məryəm köksünü ötürüb gülümsədi.

Bu fikir Məhərrəmə xoş gəldi.

- Gəl, elə belə də hesab edək, - dedi. - Bilirsən, mənə elə gəlir ki, ağacların da ruhu var. Bax, bu çinar yarpaqlarıyla nəfəs alır, canlıdır, demək, onun da içində ruh var.
Çinar budaqlarını əyərək razılığını bildirdi. O hər dəfə bu aşiqləri görəndə sevinirdi, yarpaqlarının sərinliyini, kölgəsini səxavətlə onlara bəxş edirdi. Bu dəfə hiss etdi ki, ondan danışırlar. Yarpaqlarını şəkləyib diqqət kəsildi. Xoş sözlər ağacın rişələrinəcən işləyib ürəyinə sərinlik gətirdi, damarlarında “qanı” qaynadı. Qürur hissiylə başını bir az da dik tutub Yaradana təşəkkür etdi. Yox, bu, təkəbbür deyildi, minnətdarlıq, şükranlıq hissiydi.

*****

Məhərrəm müəllim şikayətə gələn ağsaqqalları diqqətlə dinlədi, ərizəni oxudu. Çinarın və parkı bəzəyən ağacların başı üstünü almış təhlükəni dəf etmək lazım idi. Ağsaqqalları bura elə çinarın özü yollamışdı. Ona elə gəldi ki, əlindəki məktubu çinar özü ona yazıb. Yenə uşaqlığına qayıtdı, Gəlin Çinarı necə xilas etdiyi gözünün önünə gəldi. Çinar onun sevgisinin qiblənüması idi, əndərunu idi, aşiqləri yad nəzərlərdən qoruyurdu. İndi də qorumaq növbəsi Məhərrəmə çatmışdı.

Faktla bağlı cinayət işi açıldı və araşdırma başladı. Araşdırma ilə əlaqədar şübhəli şəxslər dindirildi. İş Məhərrəm müəllimin icraatında idi. İstintaq prosesində o, hiss etdi ki, kimlərsə bu işin ədalətli həllinə mane olmağa çalışır. Gün ərzində ona müxtəlif zənglər gəlirdi, ayrı-ayrı adamlar minnət-xahişlə yanına gəlir, ona pul təklif edirdilər. O isə bütün təklifləri geri çevirib yanına gələnlərə eyni sözü deyirdi:

- Parkı dağıtmaq olmaz! Getsinlər, münasib bir yer tapıb orda planlarını həyata keçirsinlər. Ağaclar təbiətin ciyərləridir, onları məhv etmək olmaz!

Elə bil, arı yuvasına çöp uzatmışdılar, hər tərəfdən eşşəkarısı kimi müstəntiqi sancmağa çalışırdılar. O isə qaya kimi idi, geri çəkilə bilməzdi. Çinarın ahı onu tutardı, Məryəmin gözlərinin içinə baxa bilməzdi. Bu sevgi məbədini və həm də sevgisini qorumalı idi. Fikirləşdi ki, əgər parkda sevimli çinar olmasaydı, yenə bu addımı atardımı? Hə, yenə eyni cür hərəkət edərdi. O, bu peşəni seçəndə and içmişdi ki, heç vaxt, həyatı bahasına olsa belə, ədalətsizliyə yol verməyəcək.

Səhər Yaqub kişi köşkü açmağa gələndə gördü ki, buldozer parkın küncündə kiriyib durub, fəhlələr də gözə dəymir. Adətən, burda sübh tezdən iş başlayırdı, buldozerin zəhlətökən səsi ətrafı başına götürürdü, toz dumana qarışırdı.

Sübhün sərin mehi çinarın yarpaqlarına sığal çəkirdi. Çinar qalib əda ilə, şahanə duruşu ilə həyatın üzünə gülümsəyirdi. Yaqub kişi yaxınlaşıb əllərini ehmalca çinarın gövdəsinə sürtdü və pıçıldadı:

- Bu cahil, zavallı insanları bağışla...

Çinarın budaqları sübhün mehini qocanın üz-gözünə səpələdi.

1 dekabr, 2013 – 14 oktyabr, 2021

Müəllifin bütün yazıları - Kənan HACI



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}