Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı - Fotolar
Tarix: 24-06-2020 13:14 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Kimdir bu sirli-soraqlı cəmiyyət? Niyə adları gələndə bəzi şəxslərin əti çimçəşir? Doğurdanmı onlar Şeytana tapınırlar? Oxucu marağını nəzərə alıb, bu qapalı toplum haqqında yazı hazırlamağı qərara aldıq.

Əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplumdur. Ərəb dilində danışanları da var. Yezidilərin inandığı din bir çox ədəbiyyatda Yezdanizm formasında təqdim olunur. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik yezidi toplumu isə Avropada ən böyük yezidi icmasını təşkil edir.

Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi istiqamətdən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük qisminin sonradan müsəlmanlaşdırılması yönündədir. Bununla yanaşı, bəzi Avropa ölkələrində də yezidi icmaları mövcuddur.

1970-ci illərə qədər Türkiyənin Urfa vilayətinə bağlı Viranşəhər şəhərində yaşayan və sayları 80 min nəfərə yaxınlaşan yezidi icması, müəyyən səbəblərə görə 1980-ci ildən etibarən ölkəni tərk etməyə başlamışdır. 1985-ci ildə 23.000 nəfər olan Türkiyə yezidilərinin sayı, 2007-ci ildə 377 nəfərə qədər geriləmişdir. Türkiyə yezidiləri əsasən İraq və Almaniya kimi müxtəlif çoğrafi bölgələrdə olan yezidi icmalarının yanına miqrasiya etmişdir.

Müasir araşdırmalar göstərir ki, yezidilik adının nə imamların qatili xəlifə Yezidlə, nə də mənası mələk və ya pəri olan İran şəhəri Yəzdlə hər hansı əlaqəsi yoxdur. Onların özləri deyirlər ki, “izidilər” sadəcə, “Azdaya (Yəzdana) sitayiş edənlər” - deməkdir.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Yezidilərin inancları. Yezidi uşaqları “pir” adlanan ruhani şəxs tərəfindən xaçaçur edilirlər. Toylarda da iştirak edən pir çörəyi ortadan bölərək bir hissəsini bəyə, digər hissəsini isə gəlinə verir.

Araşdırmalar göstərir ki, onların müqəddəs ocaqları çox vaxt Günəş simvolları ilə bəzədilsə də, məzarları Şərqə doğru qazılsa da, dinlərində daha çox xristianlıq və islamın təsirlərini görmək mümkündür.

Yezidiyəyə dair ilk araşdırmalarda bu qrup, Mazdeizm ve Manixeizm kimi Şərqin qədim mədəniyyətlərinin bir davamı kimi görünmüş, inandıqları mələklər paqan kültürünün tanrıları olaraq qəbul edilmişdir. Daha sonrakı araşdırmalarda yezidiliyin islamdan sapan bir cərəyan olduğu, hərəkətin təməlində Abbasilərin ilk dönəmindəki aşırı Əməvi tərəfdarlığının yer aldığı ortaya qoyulmuşdur. XI-XII əsrlərdə ortaya çıxan bu təriqət bir çox tərəfdar tapmış, son Əməvi xəlifəsi II Mərvanın kürd əsilli bir cariyədən doğması bu tərəfdarlığa önəmli təsir etmişdir. Əməvilərin yıxılmasından sonra Həkkari dağlarına çəkilən və Abbasi iqtidarının ilk dönəmlərində bir neçə dəfə üsyan qaldıran, fəqət, zamanla hərəkətliliyini itirən bu topluluqlardan bir qismi təsəvvüfə yönəlmiş, bu qrupa mənsub olan, Adi bin Müsafirin müjdəçisi sayıla biləcək Həkkarili Əbülhəsən Əli (d.? - ö. 1091) inzivaya çəkildiyi Sincarda bir çox tərəfdar toplamışdır. XII əsrdə bu camaat Adi bin Müsafiri müqəddəs bir şəxsiyyət qəbul edərək inanclarının mərkəzinə yerləşdirmişdir.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Hazırda onlar hər il sentyabrın 15-20-si arasında Mosulun şimalındakı Laleş dağında Şeyx Adinin məzarını ziyarət edirlər. Həmin ziyarət zamanı onlar özlərini çayda qüsl edib təmizləyirlər. Onlarda qurban kəsmək və sünnət adətləri də var.

Yəzdandan 7 ruh şüalanır ki, onların da içərisində ən böyüyü tovuzquşu şəklində təsəvvür edilən Mələk Tovuzdur. Mələk Tovuz müqəddəs iradənin fəal icraçısı sayılır.

Tovuz quşu erkən xristianlıqda ölməzliyin rəmzi sayılırdı, çünki onun cəsədi inanclara görə, guya heç vaxt çürümürdü. Mələk Tovuz Allahın köməkçisi sayılır, ondan ayrılmazdır və bu mənada yezidilik monoteist və ya təkallahlı inancdır.

Yezidilər Mələk Tovuza gündə beş dəfə ibadət edirlər. Mələk Tovuzun başqa bir adı da “Şeytan”dır və bu söz ərəbcə İblisi bildirdiyindən yezidiləri yanlış olaraq “şeytana sitayiş edənlər” kimi tanıyırlar.

Yezidilər inanırlar ki, ruh davamlı olaraq başqa bədənlərə köçür və ya transmiqrasiya edir, buna görə də təkrar doğulmalar nəticəsində tamamilə paklaşıb cəhənnəmdən xilas olmaq mümkündür.

Yezidi üçün ən böyük cəza onun icmadan qovulmasıdır. Bu o deməkdir ki, həmin şəxsin ruhu daha səfər edə bilməyəcək. Bu səbəbdən də başqa dinə keçmək tamamilə qeyri-mümkün məsələdir.
Yezidilərin inandığı din bəzi ədəbiyyatda Yezdanizm adlanır. “Yezidi” sözünün bu dinin tanrısı olan “Azda” sözündən əmələ gəldiyi ehtimal edilir.

Kürd dilində “Tanrı” sözünü ifadə edən iki növ söz vardır: Ezda və Xveda. Ezda məni yaradan, verən və var edən anlamına gəlməkdədir. Xveda isə özü tərəfindən yaradılmış, öz-özünə var olan anlamanında işlədilir.

Səmavi dinlərdə olduğu kimi, Yezdanizm dinində də dünyanın tanrı tərəfindən yaradıldığı qəbul edilir. Sadəcə, tanrı dünyanı yaratamaqla kifayətlənib, dünyanın idarəsi isə insanların iradəsi ilə bir başa bağlıdır.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Yezidilik inancında Mələk Tavus simvolu mühüm yer tutur.

Tovuz quşuna bənzəyən və əsas tanrı Azda tərəfindən yaradılan Mələk Tavusa yaradıcısı tərəfindən kainatı və insanları xəlq etmək vəzifəsi verilimişdir. Mələk Tavus qürurlu bir mələk olduğundan tanrıya üsyan etmiş, cəza olaraq isə 40.000 il Azda tərəfindən odda yanmaqla cəzalandırılmışdır. Yezidilər Mələk Tavusun odda yandığı müddətcə tökdüyü göz yaşlarının, yanar odu söndürdüyünə inanırlar.

Yezdanizm dinində Mələk Tavus ən güclü mələk və eyni zamanda tanrı Azda tərəfindən bağışlanılmış şeytan olaraq qəbul edilir. Bu adı tələffüz etmək, adın müqəddəs olması səbəbindən günah hesab olunur.

Tanrı daxilən xoş niyyətli olduğundan ona ibadət edib günahların bağışanılması üçün dua edilməsinə gərək yoxdur.

Yezdanizmdə ibadətlər tanrı Azdaya yox, Mələk Tavus üçün edilir. Duaların bağışlanılmış bir şeytan üçün edilməsinin səbəbi isə onun şərindən qorunmaq və insanların ondan uzaq durmasına nail olmaqdır. Bu anlamda yaxşılığın və pisliyin başlıca mənbəyi Mələk Tavusdur.

Yezdanizm dini səmavi dinlərdə özünə geniş yer tapmış Qiyamət günü kimi anlayışları birmənalı formada inkar edir. İnsanın inancına və həyat tərzinə uyğun olaraq yaşadığı dünya cənnətə və yaxud cəhənnəmə cevirilə bilir. Başqa sözlə, insan həyatı bir dəfə yaşayır və bu həyatın cənnət və ya cəhənnəm olması onun öz əlindədir. Mələk Tavus bütün bu işlərə nəzarət edən bir simadır və tanrı Azdanın Yer üzündəki kölgəsi sayılır.

Yezdanizm dininin əsas simvollarından olan Mələk Tavus inancı, Zərdüşlük və Mitraizm kimi dinlərdən təsirlənərək yaradıldığı məlumdur. Günümüzdə yezidilər dini inanclarını və mərasimlərini qapalı yığıncaqlarda keçirməyə üstünlük verirlər. Yezdanizmdə quşlara və ilanlara olan hörmətin 6000 il bundan əvvəl yaranmış quşa sitayiş edən inanclardan gəldiyi ehtimal edilir.

Başlanğıcda tanrı Azda, öz odundan Mələk Tavusu yaratmışdır və ona Kainatı və insanları xəlq etmək tapşırığını vermişdir. Bununla yanaşı yaradılış işində Tavusa kömək etmək üçün, Azda tərəfindən daha 6 mələk yaradılmışdır. Mələk Tavus, Azdanın verdiyi tapşırıqlara əsasən ilk olaraq kişi və qadın olmaqla iki cins və onların yaşaması üçün kainati yaratmışdır. Kiçik işlərin görülməsi üçün isə yenə Mələk Tavus tərəfindən dörd cin yaradılmışdır.

Daha sonra Mələk Tavus, yaratdığı iki cins insanı təqdim etmək üçün tanrı Azdanın yanına gəlir və Azda, Mələk Tavusa “Bundan sonra bu iki insana tabe olacaqsan”,- deyərək, Tavusun insanlara pənah gətirməsini tələb edir. Mələk Tavus isə “Bu iki insanı mən yaratmışam, yoxdan yaradan mənəm. Nədən öz yaratdığım bir canlıya inanmalıyam? Mən, sadəcə, məni yaradan Sənə tabe olar və ancaq Sənin üçün ibadət edərəm”,- şəkilində Azdaya cavab verir.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Mələk Tavus tərəfindən yaradılan ilk insanlardan ümumi 80 insan doğulur. Daha sonra bu ilk iki insan, ideal insan məsələsində münaqişə etməyə başlayırlar və onların Mələk Tavus tərəfinən imtahandan keçirilməsinə qərar verilir. Hər ikisi ruhlarını, düşüncələrini bir küpə dolduraraq, ağızı bağlanır. 40 gün sonra kişi cinsindən olan insanın küpündən Şahid bin Car adında gözəl bir gənc çıxır. Qadın cinsindən olan insanın küpündən isə 40 günün tamamında əqrəblər, dodaqayaqlılar, sürünənlər kimi Yezdanilik dinində lənət gətirdiyinə inanılan canlılar çıxır.

Şahid bin Car yaradılış qatında çox sevilən və hörmət görən bir şəxsə çevirilir. Onun belə sevgiyə sahib olması qadının və digər 80 övladın diqqətdən kənar qalması ilə nəticələnir. Bu da qadın və övladlarında qısqanclıq hissinin baş qaldırması ilə nəticələnir. Şahid bin Carın öldürülməsi qərarı verilir. Şahid bin Carın öldürülməsi üçün qadın tərəfindən gizli plan hazırlanır. Ancaq hər şeyi bilən və eşidən Mələk Tavus bundan dərhal xəbər tutur. Mələk Tavus yaratdığı dörd cinə əmir verir və cinlər gecə vaxtı yaradılan ilk insanların 80 övladının ağızlarına üfürürlər. Səhərisi gün övladlar oyandığında hər biri başqa bir dildə danışmaqdadır. Bu səbəbdən analarının danışdığı dili başa düşməzlər və beləliklə, qadının övladarının əli ilə Şahid bin Carı öldürmək planı baş tutmur. Şahid bin Carın Mələk Tavus tərəfindən xilas edildiyinə inanılır.

Yezidilər özlərini Daasin adlandırırlar və bu ad Şərq dyakonluğuna aid qədim nəsturi və ya nestorian kilsələrinin birindən götürülüb. Bu da qeyd olunmalıdır ki, yezidilərin bir sıra inancları məhz xristianlıqdan qaynaqlanır. Onlar həm Qurana, həm də İncilə hörmət bəsləyirlər, lakin öz dinləri şifahi ənənələrə söykənir.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Yezdilərin inandığı Yezdanizm dininin iki əsas müqəddəs kitabının olduğuna inanılır:

Məshaf Rəş

XV əsrdə yazıldığı iddia edilən və yezidilərin mifologiyasından danışan əsərdir. Məshaf Rəş kitabının sonunda yezidilərin həyatda etməmələri olduqları əməllər barədə də məlumatlar verilmişdir.

Kitab əl-Cəlvə

Yezdilərin əsas kitabı sayılır. Kitab əl-Cəlvədə kitabın sadəcə yezidilər tərəfindən oxunmalı olduğu və başqalarının əlinə keçməməli olduğu göstərilmişdir. Kitab beş bölümdən ibarətdir:

Mələk Tavusun yaradılması və sifətləri.

Digər dinlərin öz mahiyyətini itirməsi.

Mükafat, cəza və Reinkarnasiya.

Hər şeyin Mələk Tavusun nəzarətində olduğundan bəhs edən bölüm
mövsümlər, qanunlara bağlı məlumatlar və digər dinlərlə inanmamaqla bağlı xəbərdarlıqlar.

Müqəddəs hesab edilən nəsnələrə və varlıqlara hörmətin göstərilməsi ilə bağlı bölüm.

Hər iki kitabın yezidilər tərəfindən iddia edildiyi kimi, qədim dövrlərdə yazılmadığı məlumdur. Bunun ən böyük səbəbi yezidilərin inancını təşkil edən Yezdanizm dininin əsrlərdir şifahi formada yayılaraq, inkişaf etməsidir. Buna görə də səmavi dinlərdə olduğu kimi müqəddəs kitablar və mətnlər mövcud deyildir.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Qapalı həyat tərzlərinə görə onlar haqqında belə bir yanlış fikir də formalaşıb ki, yezidilik işıq-qaranlıq dualizminə söykənən Zərdüştiliklə və ya hətta Günəşə sitayişlə bağlıdır.

Duruzluq və ələvilik təriqətlərində olduğu kimi, yezidizmi də qəbul etmək mümkün deyil. Yezidi kimi yalnız doğulmaq olar. Ancaq Şahid bin Carın nəslindən olan şəxslər yezididirlər, bir şəxsin sonradan yezidi olması mümkün deyildir.

Yezidilərin inanclarına görə, dünya sonsuzdur. Dünyanı yaradan tanrı onu əsla dağıtmaz.

Təbiətin qorunması və təbiətə sevgi əsasdır.

Gündə üç dəfə üzü Günəşə tərəf ibadət edilməlidir.

Çərşənbə günü, Mələk Tavus və ilk iki insanın yaradıldığı gün olduğu üçün həmin gündə insanların istirahət etmələri vacibdir.

Şeytanın adını tələffüz etmək, onun adı ilə bağlı olan Kitan, Məlun, Şar və Şat kimi kəlmələri işlətmək, adın müqəddəs olması səbəbindən haramdır.

Müqəddəs hesab edilən ağaclara sitayiş edilir.

Qadınların saçlarının kəsilməsinə icazə verilmir.

Reinkarnasiya inancı mövcuddur.

Vəftiz prosesi mövcuddur.

Mitraizm dində olduğu kimi inəklərin qurban kəsilməsi halı vardır.

Yezidilik: Oddan yaranıb, Şeytana tapınanların inancı

Yezidilərin etnoqrafiyası. Gəlinlər qırmızı geyinir və xristian kilsələrini ziyarət edirlər. Dekabr ayında yezidilər üç gün oruc tutur, oruc başa çatanda isə pirlə birlikdə şərab içirlər.

Aprel ayında evlənmək günah hesab olunur.

Şeyxlər, pirlər və müridlərdən ibarət camaat sistemi mövcuddur. Yezidilərin bu camaat daxilində olan şəxslərlə evlənməsi arzu edilir.

Şeyxlərə özəl günlərdə pul verilməlidir.

Yuxarı sinif mənsublarına bir necə qadınla evlənməsinə icazə vardır.

Başqa din mənsubu ilə evlənən şəxs icmadan kənar edilir və hətta bəzən öldürülür.

Sünnətsiz bir yezidinin kəsdiyi qurban halal qəbul edilməz. Sünnət olma, sünnət nəticəsində ortaya çıxan kirvəlik və axirət qardaşlıği toplumdakı önəmli sosial qurumlardır. Hər yezidinin bir şeyxi, bir piri və bir axirət qardaşı vardır. Bunlar hazır olmadıqca ölən yezidinin cənazə namazı qıldırılmaz. Evlənmə yezidi toplumu içində gerçəkləşir və hər sosial təbəqə ancaq öz arasında evlənə bilər.

Bayramlardan bir qisminin tarixi bəllidir, bir qismi isə dəyişik tarixlərdə qeyd edilir. Hər il dekabr ayının ilk günü “İda rosa” (Günəş bayramı), bu bayramın bitimindən həmin sonra Sultan Əzi (Yezid), 18 fevralda “İda Xızır-İlyas” və aprel ayının ilk Çərşənbə günü Yeni il bayramı olan “İda sərisalə” qeyd olunur. Üç il müddətlə aprel ayında, üç il yay başında, üç il payız başında və sonrakı üç ildə dekabr ayı içində qeyd olunan “İda dahiyə” (ölülər bayramı), Ramazan bayramından bir gün sonra qeyd olunan “İda Ramazan”, müsəlmanların qurban bayramından iki gün öncə qeyd edilən “İda həciya” (İda qurban), Həzrət İsa adına keçirilən və pasxa gününə rastlayan “İda İsa” yezidilikdə tarixləri dəyişən bayramlardandır.

Sosial təbəqələşmənin və dini təşkilatlanmanın olduğu yezidilikdə yezidilər əmirlər, şeyxlər, pirlər, qavvallar, fəqirlər və müridlər olmaq üzrə beş qismə ayrılır. Dini iyerarxariyanın ən üst qədəməsində Yezid və Şeyx Hasandan gələn Şeyxan əmiri və ailəsi yer alır. Maddi və mənəvi bütün nüfuzu təmsil edən əmir ona qarşı gələn hər kəsi camaatdan xaric edə bilər. İqtidarı yalnız öz bölgəsində keçməklə birlikdə bütün toplumda sayğı görür. Şeyx Adi vəqflərindən və Mələk Tavus timsallarının təşhirindən toplanan gəlirlərin böyük miqdarı əmirə çatır. Şeyxlər, insanların uyacağı qanunları təsbit etmək üçün bədənləşən mələklər yaxud onların dünyadakı nəsilləridir. Sıxıntıya düşən hər mürid onlardan yardım diləyə bilər. Şeyxlərin evləri məbəd sayılır. Ayrıca onlar bayram vaxtlarını təsbit edir, ziyarət mahalları və məqamlarını mühafizə edirlər. Buna qarşı müridləri onlara ildə bir və ya iki dəfə bəlli bir vergi ödəmək məcburiyyətindədirlər.

Şeyxlərlə birlikdə vəzifə daşıyan pirlər onlarla eyni ailəyə mənsub deyildir. Şeyxlər Adinin soyundan, pirlər isə onun müridlərinin nəslindəndir. Ayinlər əsnasında şeyxlərə yardımçı olan pirlər lazım olanda onlara vəkalət edirlər. Şeyxan bölgəsinin bəzi kəndlərdə iqamət edən qavvallar Şeyx Adi şənlikləri sırasında musiqi icra edib dini mahnılar oxuyurlar. Bunların digər bir vəzifəsi də hər ilin bəlli zamanlarında ziyarətə gedə bilməyənlər üçün Mələk Tavus timsalını gəzdirib, bunun əhali tərəfindən öpülərək çevrəsində təvaf (dolanma) edilməsini icra edirlər. Başlarına qara başlıq geydikləri üçün “qarabaşlar” deyə anılan qavvallar camaatın abid və zahidləridir. Təraş olmayan, saqallarını kəsməyən, siqaret çəkib və spirtli içki içməyən, hər cür rifahdan uzaq duran bu kimsələr ildə doxsan iki gün müddətlə oruc tutarlar. Bunla bərabər Şeyx Adi türbəsinin xidmətini yerinə yetirən köçəklər, çavuşlar və fərraşlar da vardır. Müridlər isə yezidilərin əhali təbəqəsidir.

Yezidilikdə lobya, kahı, paxla, kələm və balıq, maral, donuz və xoruz əti haramdır. Mələk Tavusun rəngi olan mavi rəngli libas geymək də yasaqdır. Bığ kəsmək günahdır. İlan kimi sürünən, əqrəb kimi həşərat, buğa kimi heyvan müqəddəs sayılır. “Şeytan”, “məlun”, “lənət” kimi sözlər Mələk Tavusu işarə etdiyi düşüncəsiylə tələffüz edilməz. Ağ, qara, qırmızı, yaşıl və qəhvəyi kimi rənglər müqəddəs qəbul edildiyindən daha çox bu rənglərdə libaslar geyilir.

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər