20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mirzə Möhsün xan Təbrizi: diplomatiyada tarzən, lojada ustad - Foto
Tarix: 08-08-2020 18:06 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Mirzə Möhsün xan Təbrizi: diplomatiyada tarzən, lojada ustad

Mirzə Möhsün xan Şeyx Kazım oğlu 1820-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan mirzə ünvanı daşıyırdı. Ərəb, fars, ingilis, fransız və italiyan dillərini bilirdi. Mirzə Tağı xan Əmir Kəbir Təbrizdə iqamət edərkən Mirzə Möhsün onun yanında çalışmağa başlayır. Gəncdəki fitri-istedadı duyan Əmir Kəbir onu Nasirəddin şah Qacara təqdim edir. Şah ona Moinülmülk, sonra Mötəməndülmülk ləqəblərini verir.

Mirzə Möhsün xan Təbrizi Müzəffərəddin mirzənin yanında xidmət etmişdi. Müzəffərülmülk ləqəbini daşıyırdı. O, daha çox Müşirəddövlə ləqəbi ilə tanınmışdı.

Mirzə Möhsün xan Təbrizi 1873-cü ildə Qacarlar dövlətinin Osmanlı dövlətində fövqəladə və səlahiyyətli səfiri seçildi və 18 il bu vəzifədə qaldı. O, Osmanlı dövlətində bir çərkəz qızı ilə evlənmişdir. Uzun illər Osmanlı sarayında səfirlər korpusunun duageni Əbdülün və Sultan II Əbdülhəmid xanın sevdiyi şəxslərdən olmuşdur. 1887-1888-ci illərdə İstanbulda olmuş Hacı Pirzadənin fikrincə, bütün səfirlərdən hörmətli idi və sultanın cənab Moinəlmülkə böyük etimadı və lütfü vardı. Mülküm xanın yazdığına görə, «onun Sultan II Əbdülhəmid xanla yaxınlığı o dərəcədə idi ki, hər həftə bir neçə axşam saraya gedib sultanla birlikdə şam edirdi».

«Əxtər» qəzeti 8 iyul 1882-ci il tarixli sayında Moinəlmülkə Osmanlı dövlətinin ali mükafatının verilməsi mərasimindən xəbər vermişdir. Bu mərasimdə Sultan II Əbdülhəmid xan ona müraciət edərək bu sözləri demişdir: «Bizim sarayımızda digər dövlətlərin səfirlərinə nisbətən uzun müddət olduğunuza görə, başqa səfirlərə nisbətən malik olduğunuz imtiyazlara görə, şəxsən sənə olan münasibətimə görə və mənim İran şahına olan xüsusi ehtiramımın əlaməti olaraq sənə Osmanlı dövlətinin ən ali mükafatını verirəm».

Həmçinin qeyd edilməlidir ki, o, ürəyiaçıq bir adam olmaqla yanaşı, həm də sirr saxlayan idi. «Əxtər» qəzetinin səhifələri onun iqamətgahında verdiyi ziyafətlər barəsində xəbərlərlə doludur. Bu ziyafətlərə dəvət olunanlar və iştirakçılar İstanbulda olan diplomatlardan, Osmanlı dövlət adamları və xanımlarından ibarət idi. Çoxlu sayda iranlı və qeyri-iranlı şairlər müxtəlif səbəblərlə bağlı onu mədh edən fars, türk və ərəb dillərində şeirlər yazıb «Əxtər» qəzetində çap etdirirdilər.

O, Osmanlı İmperiyasında baş vermiş Birinci məşrutiyyəni əvvəldən axıra kimi müşahidə edə bilmişdir.

Mirzə Möhsün xan Təbrizi İranın ticarət, ədliyyə, xarici işlər naziri vəzifələrində çalışmışdı.

Mirzə Möhsün xan Təbrizi 1898-ci ildə şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar tərəfindən Həmədan valisi təyin edildi. 1899-cu ilin sonlarında Savə vilayətinə hakim göndərildi.

Mirzə Möhsün xan Təbrizi: diplomatiyada tarzən, lojada ustad

M. F. Ахundоv «Кəmаlüddövlə məкtublаrı»nı 1869-cu il fеvrаl аyındа pоlкоvniк Qаsım аğа vаsitəsilə Lоndоndа İran səfiri Mirzə Möhsün хаn Müşirüddövləyə göndərmişdi. M. F. Ахundоv birinci məкtubdа İranın vəziyyətini bеlə təsvir еtmişdir: “...bir tərəfdə sərmаyəsiz tacirlər, digər tərəfdə yохsul кəndlilər, hökumətin gəliri аz, gömrüкхаnа və digər gəlir mənbələri dаirələrində hərc-mərcliк hökm sürür. Vаrlılаrın, hökumət başçılarının, tоrpаq sаhiblərinin, bütün yüкsəк təbəqələrin və ruhanilərin аğır və tüкənməz хərclərinin hаmısı yохsul kütlələrin üzərinə düşür. Оnlаr həmişə dövlət qulluqçulаrının, dövlət gəliri tоplаyаnlаrın işgəncələrinə məruz qаlırlаr. Dövlət gəlirini tоplаmаğа, tоplаnmış gəliri düzgün хərç еtməyə heç bir qayda-qаnun yохdur. Vilаyətlərdə hökumətin gəlir mənbələri hakimlərin iхtiyаrındаdır, оnlаr öz şəхsi mеyl və irаdələri ilə, öz istədikləri tərzdə əhаlini sоyur və qаrət еdirlər. Bеlə bir vəziyyətin qаrşısındа хаlq kütlələri о dərəcədə cəhаlətə qаpılmışlаr кi, qаrşılаrındа dаyаnmış fəlакəti əslа dərк еdə bilmir, məscidlərdə, кuçələrdə sinəsinə vurur, аğlаyır, şахsеy-vахsеy səsini göylərə qаldırırlаr. Оnlаrа müraciət еdib: «Nə хəbərdir, nə оlubdur?», - dеyə sоruşduqdа, min iкi yüz nеçə il bundаn əvvəl Кufə çölündə оn-оnbеş ərəbin bаşqа оn-оnbеş ərəb tərəfindən öldürülməsi hadisəsindən hекаyələr söyləyirlər”.

O, 1860-cı ilin fevralında diplomatik heyətin bir qrup üzvü ilə birlikdə özünün, o cümlədən Goruslu Həsənəli xan və Nəzər ağa Asurinin rəhbərliyi ilə Parisdə «Səmimi Dostluq» lojasına daxil olmuşdur. Bir müddət İranın Londondakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində də çalışmışdır. Lakin Röyterdən rüşvət aldığına görə və bir neçə avropalı imtiyaz istəyənlə sazişə getdiyinə görə İranda mühakimə olunmuşdur.

Fransanın «Böyük Şərq» mason lojasının üzvü və ustadı olan Moinəlmülk eyni zamanda İstanbulda yunanlar tərəfindən təşkil edilmiş mason lojasının üzvü və ustadı idi. Elə bu səbəbdən də lojanın üzvü olan bir çox Osmanlı dövlət adamları ilə yaxından tanış idi. Hamid İlqarın iddiasına görə, onun İstanbulda təşkil olunmuş bir çox digər lojalarla da yaxın əlaqələri olmuşdur. Xüsusən Yunanıstanın Qrandavarianlarla bağlı olan və bir çox türk və iranlıların ora gedib-gəldiyi «Prodos» lojasının işində iştirak edirdi. Səfirliyin məsul işçilərindən olan Xoylu Hacı Mirzə Nəcəfəli xan da 1873-cü ilin avqust ayında onun təqdimatında həmin lojann üzvlüyünə qəbul edilmişdir.

Həmin ilin dekabr ayında Mülküm Londona gedərkən İstanbulda İranın Antakiyadakı konsulu Musa Antipanın həmin lojaya daxil olduğu mərasimdə iştirak etmişdir. Mövcud məlumata əsasən Musa Antipanın lojaya daxil olmasının zəmanətçisi olan Moinəlmülk, Nəcəfəli xan, erməni Nəriman xan, Mülkümün qardaşı Mikayıl xan da burada olmuşdular. Onların hər biri farmason olmağın əhəmiyyəti haqqında yığıncaqda qısa nitq söyləmişlər.

1873-cü ildə Parisdə nəşr olunmuş «Le mond masonik» jurnalının on beşinci sayında qeyd edilir ki, lojanın yunanıstanlı ustadı Eskalari bu yığıncaqda çıxış edərək özünü iranlılara təqdim etmiş və onları İranda farmason fəaliyyətlərini davam etdirməyə çağırmışdır. «Bəli, hörmətli qardaşlarımız, bizim ideologiyamızın məşəlini İranda, ideologiyamızın ilham aldığı Zərdüştün vətənində yandırmaq sizin öhdənizə düşmüşdür».

Eskalari sözünü bitirəndən sonra Mirzə Mülküm xan çıxış etmiş, özünün masonluğa dərin sədaqəti olduğunu bəyan etmiş və söz vermişdir ki, bu ideologiyanın İranda daha çox təbliği və təşviqi üçün əlindən gələni edəcəkdir. O, çıxışının sonunda bildirmişdir ki, İstanbulda qısa dayanmağı ona «Prodos» lojasının işində iştirak etməyə imkan vermir. Ancaq ümidvar olduğunu bildirmişdir ki, Mirzə Möhsün xan Moinəlmülk lojanın iclaslarında müntəzəm iştirak edəcəkdir.

Eskalari yenidən söz almış və Mülkümün farmason ideyalarının həyata keçməsində rolunu qeyd etmişdir: «Biz bir qədər əvvəl onun Tehranda loja yaratdığını və bu şərəfli əməlinə görə başına nələr gəldiyini də unutmamışıq».

Eskalarinin Mirzə Mülküm xan tərəfindən yaradılmış lojanı qeyd etməkdə məqsədi farmason dairələri tərəfindən rəsmi şəkildə tanınmış fəramuşxana idi.

İsmayıl Rain bu fikirdədir ki, «Tehranda «İranın oyanışı» lojası yaradılana qədər İstanbulun farmason lojası İran farmasonlarının mərkəzi idi və İranın İstanbuldakı səfiri olmuş Mirzə Möhsün xan Müşirəddövlə 12 il bu lojanın Böyük Ustadı olmuşdur».

Moinəlmülkün ardıcıllarından biri olmuş Qulamhüseyn Əfzələlmülk yazmışdır ki, «O, İstanbulda mason lojasına daxil olaraq bütün dərəcələri keçmişdir».

Mirzə Möhsün xan hicri tarixilə 1308-ci ildə Tehrana geri çağırıldı. Fransanın İrandakı səfiri özünün aprel 1891-ci il tarixli hesabatında onun geri çağırılmasının iki səbəbini göstərmişdir:

1) İstanbulda çıxan «Əxtər» qəzetində şah hökumətinə qarşı məqalənin çap olunmasına icazə verməsi;

2) 1890-cı ilin fevralından başlayaraq «Qanun» qəzetini çap etməyə başlamış və bütün vəzifələrdən çıxarılmış, Mülkümlə yaxın olması.

Məlum səbəblərə görə, Moinəlmülkün səfirliyi ilə müxalifətçilik bir neçə müddət əvvəldən başlamışdı. Onun hicri tarixlə 1306-cı il ramazan ayının 9-da yazdığı məktubdan belə aydın olur ki, o, səfirliyin təmiri, xalça və mebel alınması üçün smeta xərcləri göstərilməklə saraya qəbz (çek) göndərmişdi, lakin saray tərəfindən qəbul edilməmişdi. Buna görə də o, Əminəssultana müraciət edərək belə yazmışdı: «Mən dövlət adamları yanında bu dərəcədə alçaq təbiətli və rəzil adam göstərilmişəm ki, guya səfirliyin mebellərinin yeniləşdirilməsi və səfirliyin təmiri üçün ayrılmış vəsaitə göz dikmişəm, başqa sözlə, oğurluq edirəm. Belə çıxır ki, dövlətin mənə etdiyi və milyonlara dəyən müqəddəs hüququnu əlimdən alırsınız. On altı ildir ki, burada fədakarlıqla və düzgünlüklə səfirliyin və dövlətin şan və şövkətini lazım olan dərəcəyə qaldırmışam. Səfirlər arasında ad və heysiyyət qazanmışam. Hər şey bütünlüklə bərbad olur. Mənim bundan sonra İstanbulda qalmağım pis görünəcəkdir».

Mirzə Məhəmmədhəsən xan Etimadüssəltənə «İclas» kitabında Moinəlmülkün devrilməsindən daha müfəssəl bəhs edir və Əminəssultanın dilindən bu barədə belə yazır: «Qanun» qəzeti ilə bağlı qalmaqal bitəndən sonra mən Moinəlmülkün devrilməsi işinə başladım və dedim ki, bu adam hər il böyük məbləğdə pul xərcləyir. Adı Əlahəzrətin səfiri olsa da, işi Sultan II Əbdülhəmid xan üçün tar çalmaq, təsnif oxumaq və təlxəklikdən ibarətdir. Bu vaxta kimi susan Müxbirüddövlə dedi ki, Mirzə Möhsün xan Moinəlmülkün böyük miqdarda pullar xərclədiyini təsdiq etmək üçün İranın Vyanadakı səfiri Nəriman xanın şahidliyindən yaxşı dəlil ola bilməz. O mənə dedi ki, müalicə üçün hər il Marinbada gələn Moinəlmülk təkcə İstanbulda qalan əyalı (arvadı) üçün 8 min lirəlik büllur (xrustal) sovqat alır.

Buradan başa düşmək olur ki, onun ildə çoxlu gəliri vardır və 30-40 min tümənlik büllur alır. Elmlər Nazirliyinin bu sözləri o qədər təsirli oldu ki, həmin iclasda Moinəlmülkün geri çağırılması haqqında qərar verildi. Mən elə bir şərait yaratmaq istəyirdim ki, Hacı Möhsün xan Moinəlmülk vəzifədən çıxarılmazdan əlavə qazandığı bütün hörməti əldən versin və İranı birdəfəlik tərk etsin, ömrünün axırına qədər eyb ləkəsi onun və dostlarının alnında qalsın. Xülasə, öz tərəfimdən Moinəlmülkə teleqram vurdum ki, siz vəzifədən çıxarılmışsınız və Tehrana qayıtmalısınız.

İstanbula göndərilən teleqramların bir nüsxə surəti sultana çatdırılırdı. Sultan bu teleqramı gördükdə təəccüb etmişdir ki, səfirin bu şəkildə geri çağırılması nə deməkdir? Mirzə Möhsün xan nə etmişdir ki, onu bu şəkildə vəzifədən çıxarırlar. Eyni zamanda Osmanlı dövlətinin İrandakı səfiri Xalid bəyə başa saldım ki, Moinəlmülkün işdən çıxarılması və geri çağırılmasının səbəbi onun Sulltan II Əbdülhəmid xan ilə olan xüsusi yaxınlığıdır. Xalid bəy də bunu birbaşa teleqramla sultana bildirdi. Sultan II Əbdülhəmid xan Hacı Mirzə Möhsün Moinəlmülkün geri çağırılmasından çox narahat olmuşdu və Xalid bəyin vasitəsilə şaha teleqram vurdu. Mən Sulltan II Əbdülhəmid xanın vasitəçilik etməsindən silah kimi istifadə etdim və şaha bildirdim ki, bu vasitəçilik Moinəlmülk tərəfindən şahın sultan üçün təqlid edilməsi barədə Əminəssəltənənin sözlərini bir daha sübut edir. Şah mənim sözlərimə inandı və məndən nə etmək lazım olduğunu soruşdu. Mən Volf ilə məsləhətləşdim. Volf dedi: «Mən İngiltərənin İstanbuldakı səfiri vasitəsilə İngiltərə dövləti tərəfindən sultana başa salaram ki, sizin hər hansı bir dövlətin səfiri barəsində vasitəçilik etmək hüququnuz yoxdur».

Mirzə Ağa xan Kirmani o zaman İstanbuldan Londona «Qanun» qəzetini nəşr edən Mülküm xana məktub yazaraq ona belə məlumat verirdi: «Bir neçə gün bundan əvvəl cənab Moinəlmülkün İstanbulda səfir vəzifəsindən azad edilməsi haqqında teleqram gəldi. Hələlik yeni səfirin kim olacağı məlum deyil. Bir neçə nəfəri çağırıblar və onlar arasından seçirlər. Daha çox maymaq və daha çox qabiliyyətsiz olan, lakin daha çox rüşvət verən təyin olunacaq».

Bir neçə gün sonra verdiyi məlumata aşağıdakıları əlavə edir: «Bu günlər İstanbulda cənab Moinəlmülkün səfirlikdən kənar edilməsindən mühüm xəbər yoxdur. Sultan tərəfindən onun barəsində vasitəçilik məqsədi ilə İrana teleqram getdi. İrandan bilmirəm hansı cavab gəlmişdir. O qədər bilirəm ki, Əlahəzrət sultan Moinəlmülkə izhar və ishar etmişdir ki, vəzifədən çıxarıldıqdan sonra İrana getməsin və İstanbulda qalsın. Onun barəsində bütün yaxşılıqlar olunacaqdır. Sultan tərəfindən onun ailəsinə ev veriləcəkdir. Səfirin gedəcəyi, yaxud qalacağı haqqında dəqiq məlumatım yoxdur, lakin işlərin təhvili üçün bir neçə ay burada qalacaqdır. Hələlik yeni səfir məlum deyil. Deyirlər Əsədulla xan Vəliləlmülk İstanbulda səfir olmaq üçün Tehranda yüz min tümən rüşvət vermişdir».

Moinəlmülk səfir vəzifəsindən çıxarıldıqdan və İsveçrədən qayıtdıqdan və qudası (kürəkəninin atası) Əminəddövlə vasitəsilə şahdan canının toxunulmazlığı təminatını aldıqdan sonra Tehrana yola düşməyə hazırlaşdı. «Əxtər» qəzetinin yazdığına görə, Sultan II Əbdülhəmid xandan icazə aldıqdan sonra nəhayət 1891-ci il noyabrın 16-da o, İstanbulu tərk etdi. Amma yola düşməmişdən üç gün əvvəl Bəyoğlunda yerləşən Rəbayan klubunda öz adından böyük bir qonaqlıq verdi. Bir çox xarici diplomatlar və səfirlər həmin qonaqlıqda iştirak etmişdilər.

Mirzə Möhsün xan Təbrizi: diplomatiyada tarzən, lojada ustad

Mirzə Möhsün xan İrana qayıtdıqdan sonra əlaqələrindən istifadə edərək itirdiyi nüfuz və etibarı tezliklə özünə qaytardı və nazir təyin edildi. Belə ki, onun İstanbulu tərk etdiyindən üç ay sonra «Əxtər» qəzeti yazırdı ki, Yəhya xan Müsirəddövlə vəfat etdikdən sonra Ədliyyə və Ticarət Nazirliyi nəcib Müsirəddövlə ləqəbi ilə birlikdə cənab Moinəlmülkə həvalə edildi. Fransalı həkim doktor Furyenin yazılarından belə aydın olur ki, «O, 1309-cu ilin cəmadiəl-əvvəl ayının 10-19 arasında Tehrana daxil olmuşdur. Deyilənə görə qızının Əminəddövlənin oğlu ilə toy mərasiminin təşkili üçün gəlmişdir və başqa bir şey yoxdur». Tehrana daxil olmasının iki ayı tamam olmamış yeni və daha üstün ləqəb və məqamlara layiq görüldü. Doktor Furyenin 30 yanvar 1890-cı il tarixli yazısı bu baxımdan maraqlıdır.

«Bu gün ən xoşbəxt adam Moinəlmülkdür. O, Avropaya səfərdə bizimlə birlikdə olan gürcü kənizini şaha bağışladı. Bunun müqabilində şah Ticarət və Ədliyyə Nazirliyini ona verdi və Müsirəddövlə ləqəbinə layiq görüldü. Bu, yeni nazirin qızının nişanlısı olan Əminəddövlənin 15 yaşlı oğlu qayınatasının keçmiş ləqəbini, yəni Moinəlmülk ləqəbini aldı».

Müsirəddövləyə çevrilmiş Moinəlmülk çox qısa zamanda şahın diqqət və lütfünü özünə elə cəlb etdi ki, onun ən yaxın müsahibinə çevrildi. Məirəlməmalek bu barədə belə yazır: «Dəfələrlə şahın saatlarla onunla türkcə danışdığının və bundan böyük həzz aldığının şahidi olmuşam». Etimadüssəltənə də 1310-cu il rəbiəssani ayının 15-də «Sarayda eşitmişdir ki, şah onu ikinci dəfə İstanbula səfir göndərmək və İran dövlətini oraya yeni təyin olunmuş səfirin xəcalətindən xilas etmək istəyir. Lakin Baş nazir bunu istəmir və bu işin baş tutmasına yol verməyəcəkdir».

Mirzə Möhsün xan Təbrizi Tehranda yerbəyer olduqdan bir qədər sonra şəhərdə bir farmason lojası təşkil etdi. İngiltərənin Tehrandakı fövqəladə səfiri Hardinq Britaniya Xarici İşlər Nazirliyinə göndərdiyi 6 sentyabr 1901-ci il tarixli teleqramında belə bir lojanın mövcudluğunu təsdiq etmişdir. Onun yazdığına görə, bu lojanın üzvləri o zaman ruslara tərəfdarlıq edən Atabəyə düşmən münasibətdə olan şəxslər idi. Onlar Atabəyin fəaliyyətini tənqid edən vərəqələr çap etdirib yayırdılar. Hardinq lojanın üzvlərinin vəzifələrinin adını göstərir və qeyd edir ki, Mirzə Möhsün xan Müşirəddövlənin ölümündən sonra loja fəaliyyətini dayandırdı. Amma qalmış üzvlər arasında elə şəxslər vardır ki, hələ də özünün lojanın üzvü olduğunu elan edir və bu yolla sui-istifadələrə yol verirlər.

Mirzə Möhsün xan Təbrizi ədəbiyyatı və incəsənəti sevən şəxs olmuşdur. 1651-1715-ci illərdə yaşamış Avropa yazıçısı Fenlonun «Telmakın sərgüzəştləri» əsərini ilk dəfə fars dilinə o çevirmiş və hissə-hissə 1879-1880-ci illərdə «Əxtər» qəzetində çap etdirmişdir.

Gördüyümüz kimi, Etimadüssəltənə Əminəssultanın dili ilə Moinəlmülkü Sultan II Əbdülhəmid xanın tarzəni və təsnif oxuyanı adlandırmışdı. Hicri tarixlə 1312-ci il rəbiəssani ayının 24-də qəzetdə xatirələrini belə təqdim edir: «Bir gün şahın xidmətində olduğum zaman Əmin daxil oldu. Şah ondan soruşdu ki, dünən Əminəddövlənin qonağı idin? Dedi, bəli. Baş nazir və bir çoxları ora dəvət olunmuşdular. Soruşdu, çalıb-oxuyan da var idimi? Cavab verdi ki, Mirzə Abdulla tarçı idi. Mən ərz etdim ki, məclisin hörmətli üzvlərindən biri çalğıçı idi və başqa mütrübün dəvət olunmasına ehtiyac yox idi. Bu eyhamdan məqsədim ədliyyə naziri Müsirəddövlənin gözəl tarzən olmasını şahın diqqətinə çatdırmaq idi. Şah bu sözümdən xoşlandı».

Atabəyin axşam məclislərinin birində iştirak edən Məirəlmülk Moinəlmülkün tar çalmasının şahidi olmuşdur. O yazır: «Şam yeməyindən sonra atamın icazəsi ilə baş nazir öz əli ilə tarı Moinəlmülkə verdi və dedi ki, bizi feyziyab et! O tarı sinəsinə basdı və Şur muğamına başladı. Muğamı başlamamışdan qabaq Osmanlının qəşəng marşlarından birini çaldı və bu, iranlıların çox xoşuna gəldi. Sonra Şura başladı və Şur məclisə vəlvələ saldı. Moinəlmülk tanınmamış musiqi ustadlarından idi. Onun şirin və ürəkaçan bəstələri indi az adamın xatirində qalmışdır».

Məirəlmülk yazır ki, onun nəfis ev əşyaları var idi. Ondan sonra bu şeylər hərraca verildi. O cümlədən onun İtaliya rəssamlarının əsəri olan gözəl rəsm tablosu var idi. Bunu ona Osmanlı sultanı hədiyyə vermişdi. Bu əsər də hərraca verildi və sonralar Rza şahın sarayında peyda oldu.

Mirzə Möhsün xan Təbrizi 1900-cü ildə vəfat edib.

O, hicri tarixlə 1316-cı ilin axırlarında müalicə üçün Avropaya getdi və hicri tarixlə 1317-ci ilin rəbiüssan ayında astma xəstəliyindən Parisdə vəfat etdi. Vəsiyyətinə görə Kərbəlada dəfn olundu. Xarici İşlər Nazirliyi onun Müsirəddövlə ləqəbini Mirzə Nəsrulla xan Müsirəlmülkə verdi.


Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər