Bir casusun zühuru və süqutu - Fotolar
Tarix: 09-06-2020 21:52 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Bir casusun zühuru və süqutu

Uzaqgörən məmur zamanla ayaqlaşır, ölkədə inkişaf səviyyəsini qabaqlayan və gələcəyə doğru irəliləmək üçün zəruri baza yaradan addımlar atır. Qətiyyət, əzmkarlıq, zehni potensial və təşəbbüskarlıq olanda bütün nəticələr uğurlu alınır. Rasional təfəkkür tərzini, sarsılmaz işgüzarlığı, praqmatizmi və milli mentaliteti özündə birləşdirən şəxslərdən biri də Hüseyn Fərdustdur.

Atası Seyfulla Fərdust jandarmeriyada serjant kimi xidmət edirdi. Sonra kapitan rütbəsi daşımışdı. Ömrünün axır illərində Abbasabadda silah anbarında gözətçi idi.

Hüseyn 1917-ci ildə Tehran şəhərində doğulmuşdu. 8 yaşında ibtidai məktəbə getmişdi. Bu məktəbdə hərbçilərin uşaqları oxuyurdular. Onları hərbi işə hazırlayırdılar. Rza şah vəliəhdi Məhəmmədrza üçün sarayın ərazisində məktəb təşkil etmişdi. Övladı üçün sinif yoldaşları yığdı. Hüseyn də seçilənlər arasında idi. O, şahzadə ilə tez mehribanlaşıb, dostlaşdı. 1931-ci ildə orta məktəbi tamamlayıb, şahzadə ilə birlikdə İsveçrəyə, "Le Roze" («Le Rosey») hərbi kollecinə yollandı. Onun bütün xərclərini dövlət öz üzərinə götürmüşdü. Beş ildən sonra şahzadə ilə birlikdə İrana qayıtdı. (Abbas Milani. "Eminent Persians: The Men and Women Who Made Modern Iran, 1941-1979". Syracuse University Press, (2008), p. 441.)

Bir casusun zühuru və süqutu

Hüseyn Fərdust İrana döndükdən sonra Hərbi Akademiyaya qəbul olundu. Burda da şahzadə ilə eyni skamyada əyləşdi. 1941-ci ildə vəliəhd taxtdan kənarlaşdırılmış atasının yerinə tac geyindi. Hüseyn Fərdustun həyatı tamamilə dəyişdi. Şahın ən inanılmış və etibarlı adamlarından birinə çevrildi. Bunu sonralar şahın özü də təsdiq edirdi. (Gérard de Villiers. "Der Schah". (1975), p. 438.)

Hüseyn Fərdust akademiyanı tamamladıqdan sonra bəzi xırdapara vəzifələrdə çalışmışdı. Sonra onu akademiyaya müəllim dəvət etmişdilər. (Cynthia Helms. "An Ambassador's Wife in Iran". Dodd, Mead, (1981), p. 62.)

1957-ci ildə ABŞ MKİ və İsrail MOSSAD-ın yardımı ilə SAVAK yarananda şah İran gizli təşkilatının birbaşa onunla təmasda olan ofisini qurmaq fikrinə düşdü. 1858-ci ildə Hüseyn Fərdustu Londona, Xüsusi büronun («Bureau Special») yanında təkmilləşməyə göndərildi. Burda bəzi dərslər əxz edib, İrana döndü. Burda Britaniya modelinə uyğun ofis («Dəftər-e Vijehi Ettelat») yaratdı. Bu büroda işləmək üçün hərbçi yoldaşlarından dəvət etdi. Gələcəkdə bu şəxslər gizli xidmətin ən yüksək məqamlı əməkdaşları oldular.

Hüseyn Fərdustun «Dəftər-e Vijehi Ettelat» adlı ofisi gizli məlumatları dəyərləndirir, sonra şaha ötürürdü. SAVAK-ın və hərbi kəşfiyyatın işinə də nəzarət edirdi. (Hazem Kandil. "The Power Triangle: Military, Security, and Politics in Regime Change". (2016), p. 75.)

Bu ofis bir müddət sonra genişləndirilib “Saziman bazrəsmi Şahənşahi”yə çevrildi. Artıq məmurlardan olan şikayətləri də qəbul edirdilər. (Margaret Irene Laing. "The Shah". Sidgwick & Jackson. (February 1977), p. 209.) Fəaliyyətlərinin birinci ilində 52.000 şikayət almışdılar və 424 məmur işdən çıxarılmışdı. 1962-ci ildə Baş nazir Əli Əmini hökumətdə ixtisar başladığından bu idarəni bağladı. 1968-ci ildə şahın xüsusi fərmanı ilə yenidən yaradıldı. (Bernard frank. "Ombudsman and Other Complaint Handling Systems Survey", Volume 5, International Bar Association Ombudsman Committee, (1975), p. 17.)

Hüseyn Fərdust 1962-ci ildə bu idarəni tərk edib SAVAK-ın baş bürosuna daxil olur. Burda ikinci şəxsə çevrilir. 1972-ci ildə “Saziman bazrəsmi Şahənşahi”yə direktor da təyin olunur. Artıq İranın üç gizli xidmətinə rəhbərlik edir. (Папава В.А. «САВАК — тайная полиция шаха Мохаммеда Реза Пехлеви (1957—1979)». Издательство "Берика", Тбилиси, 2016 г.)

1978-ci ildə İranda iğtişaşlar başlayanda zabitlər ondan xahiş etmişdilər ki, Xomeyni haqqında əncam çəksin. Hüseyn Fərdust demişdi: “Artıq heç nə etmək mümkün deyildir. Şah çoxdan qanunları pozur. Onun bu işlərə görə cavab vermək vaxtı çatıb”. (Abbas Milani. Eminent Persians. Syracuse University Press, (2008), p. 444.)

Bir casusun zühuru və süqutu

Bəzi müəlliflər düşünürlər ki, Xomeynin mühacirətdən İrana qayıtmasında, şahənşah ordusunun və gizli xidmətin inqilabçılara tərəf meyl etməsində Hüseyn Fərdustun əli var. (Axworthy, Michael. "Revolutionary Iran: A History of the Islamic Republic". London: Penguin. (2014), p. 7.) O, israrla general Abbas Qarabağidən inqilabçılara atəş açmamağı tələb etmişdi. (Milani, Abbas. "Eminent Persians: The Men and Women who Made Modern Iran, 1941-1979", in Two Volumes, Vol. 1. (2008), pp. 438-440.)

11 fevral 1979-cu ildə İran Ali Hərbi Şurasının iclasında Hüseyn Fərdust ordunun 26 rəhbərinin silahlı qüvvələrin hadisələrə müdaxiləsinə neytral mövqe tutma qərarına qarışmamışdı.

Hüseyn Fərdust İslam inqilabı rejimi ilə aktiv əməkdaşlıq etdi. (Le Monde (May 20, 1987): "IRAN: décès du général Fardoust, ancien chef adjoint de la SAVAK".) SAVAMA adlı gizli xidmət təşkilatı yaratdı və 1985-ci ilə qədər rəhbəri oldu.

Hüseyn Fərdust 18 may 1987-ci ildə vəfat etdi və Behişti-Zəhra gorgahında dəfn edildi.

Hüseyn Fərdust öz memuarını yazıb. Bu xatirə “Pəhləvi səltənətinin zühur və süqutu” adlanır. 1990-cı ildə Tehran şəhərində 2 cild halında nəşr olunub. Bu xatirə bir çox sirrləri gün işığına çıxarır.

Hüseyn Fərdust öz xatirələrində ermənilərin İrandakı fitnəkar fəaliyyətinə aid saysız-hesabsız faktlardan söhbət açır. Fərdustun yazısından bəlli olur ki, SAVAK ilə “Daşnaksütun” partiyasının İran üzrə şöbəsi, “Erməni Gizli Ordusu”, “Erməni Tələbə və Gənclər ittifaqı”, “Erməni Cəmiyyəti”, “İrandakı Ermənilərin Keşiş Şurası” və s. bu cür antitürk və terrorçu təşkilatları arasında sıx əlaqə və əməkdaşlıq olmuşdur.

Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qacarlar hakimiyyəti illərindən başlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən Pəhləvi xanədanlığı dövründə (1925-1979) əl-qol aça bilmişdi. Zatən türkün qəddar düşməni olan Rza şah və onun oğlu Məhəmmədrza İranda yaşayan ermənilərin simasında Azərbaycan türklərinin kökünü kəsmək üçün İran məkanında özünə çox üzüyola həmkar tapa bilmişdi. Sarayda şərab hazırlamaqdan tutmuş, dərzi, dəllək, aşpaz, tərcüməçi və müəllimliyədək bütün peşələrdə özünə yer almış ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmişlər. Hansı peşədə və hansı vəzifədə işləməsindən asılı olmayaraq onlar öz fəaliyyətlərini türklərə qarşı açıq və gizli mübarizəyə yönəltmişlər.

O, xatirəsində qeyd edir ki, SAVAK direktorunun müavini olduqdan sonra parlamentin erməni deputatı Sevak Saginiyan dəfələrlə yanına gələrək, ASALA-nın İran qolunun rəhbəri ilə görüşməyini tələb etmişdi: “Onun bu israrlı xahişləri göstərirdi ki, məndən öncəki müavin Həsən Ələvikiyaya da bu təklif edilmiş, o da öz növbəsində ASALA-nın rəhbəri ilə görüşmüşdü. Erməni terrorçularının rəhbəri ilə görüşməyə tərəddüd etsəm də, yenə də bu təklifi qəbul elədim. O, Saginiyanla birlikdə mənim SAVAK-dakı iş otağıma gəldi. Üzünə baxanda nümunəvi insana oxşayırdı. Təqribən 30 yaşlarında, yaraşıqlı, qalın saçı və qara gözləri olan bu cavan söhbət əsnasında çox aram, ədəbli və ağıllı danışırdı. O, yalnız “kimsə erməniləri incitsə, məhv olacaq”,- cümləsini acıqlı formada dilə gətirirdi. Bəlkə də bu xüsusiyyətlərinə görə, təsir göstərmək gücü olsun deyə, onu ASALA-ya rəhbər seçibmişlər.

Onun ASALA-nın İran qoluna hansı formada rəhbər seçilməsi barədə sual verdim. Bildirdi ki, ermənilərin gizli bir idarə heyəti var, hansı ki, gizli ordunun (ASALA) rəhbərini də onlar seçir və rəhbər də əksər hallarda ölənə qədər bu vəzifəni icra edir. Mənə elə gəlirdi ki, Saginiyan da həmin idarə heyətinin üzvüdür, baxmayaraq ki, həmin cavanın qarşısında məhz nökər kimi özünü aparırdı. Bu isə cavanın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini göstərirdi.

Bu görüşdən sonra onu bir daha görmək istədim. Çünki ilk görüşdə ondan çox şeyi öyrənə bilməmişdim. Görüşümə gəldi. Onda ASALA-nın dünyada fəaliyyət göstərən qollarının əməkdaşlıq forması barədə sual soruşdum. O isə bildirdi ki, dünyanın bir çox ölkəsində erməni azlığının sayı kifayət qədər az olduğundan, ermənilərin hər bir ölkədə bu formalı ordusu fəaliyyət göstərmir. Lakin cavan əlavə etdi ki, ASALA dünyanın hər yerində yaşayan erməniləri müdafiə edir və buna görə də, bir ölkədə yaşayan ordu üzvü digər bir ölkəyə gedib, orada “bizə qarşı olan şəxsi” qətlə yetirə bilər. Ümumiyyətlə, bütün qərarlar ordu başçılarının idarə heyətində qlobal səviyyədə qəbul edilir və addımlar da buna görə atılır.”

Hüseyn Fərdust həmçinin bildirir ki, ermənilərin gizli ordusu - ASALA-nın başçısı olan bu gənc görüşlər zamanı Türkiyəyə qarşı nifrətlərini gizlədə bilmirdi və bu ölkəyə qarşı ərazi iddiaları irəli sürürdü. Buna görə də, görünür ki, Türkiyə Cumhuriyyəti qeyd edilən erməni terror təşkilatının özünə “düşmən” hesab etdiyi əsas hədəflərindən biridir.

Hüseyn Fərdust xatirəsində cavanın kimliyini məxfi saxlasa da, hazırda qondarma ittihamlarla məhkumluq həyatı yaşayan, Londonda yerləşən “Tərdid Araşdırmalar Mərkəzi”nin rəhbəri Dr.Rza Haşimi Nəbi həmin cavanın kimliyi barədə araşdırmalar aparıb. Nəticədə məlum olub ki, həmin cavan iranlı şair və filosof kimi tanınan Dariyuş Şayeqandır.

«Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu» - ASALA Təşkilatı 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb və 1991-ci ilə qədər fəaliyyət göstərib. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə «Böyük Ermənistan» dövləti qurmaq idi. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirirdi. Təşkilatın «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan 01.08.80-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdi: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir».

Bir casusun zühuru və süqutu

ASALA-nın terror hücumları nəticəsində əksəriyyəti türkiyəli sivil əhali və diplomatlar olmaqla, 46-dan çox insanın öldüyü, 300-dən çox insanın isə yaralandığı bildirilir. 1980-cı illərdə Amerika Birləşmiş Ştatları bu təşkilatı terror təşkilatları siyahısına daxil etmişdi.

Hüseyn Fərdust xatirəsində SAVAK-ın ASALA ilə hansı formada əməkdaşlıq etdiyi və terror təşkilatına göstərdiyi yardımları qeyd etməyib.

Onun xatirələrində 1945-1946-cı illərdə Cənubi Azərbaycanda iqtidarda olmuş Azərbaycan Milli Hökumətinin taleyi ilə bağlı məqamlar var. Şahın bütün sirlərinə məhrəm olan general Fərdust öz xatirələrində (“Keyhani- Həvai” qəzeti 13 şəhrivər 1370-ci il-1991-ci ilin sentyabrı) bu barədə yazırdı:

“Məhəmmədrza Sovet qoşunlarını ölkədən çıxarmaq üçün ingilis və Amerika nümayəndələri ilə müntəzəm olaraq əlaqə saxlayırdı. Məhəmmədrza ilə gündəlik söhbətlərindən məlum olur ki, Sovet qoşunlarını İrandan çıxarmaq barədə ona çoxlu vədlər vermişlər. Həmin ərəfədə Məhəmmədrza Amerika səfirliyi kəşfiyyat bölməsinin rəisi ilə tez tez görüşürdü”.

Hüseyn Fərdust Sovet qoşunlarının İrandan çıxarılması barədə yazır:

“Amerika rusların öz qoşunlarını İrandan çıxartmamaları ilə əlaqədar öz nümayəndəsini BMT-yə göndərməyi şaha təklif etdi, Məhəmmərza bu təklifi razılıqla qarşıladı və Hüseyn Əslanini BMT-yə göndərdi”.

Hüseyn Fərdustun yazdıqlarına görə, bu macərada Amerika əsas rol oynayırdı və gizlində öz əlaltı təşkilatlarına və adamlarına İranın mövqeyi ilə razilaşmağı tapşırdı. O, yazır: “Bir gün Məhəmmədrza mənə dedi ki, Amerikanın prezidenti Trumen ruslarla cox sərt danışıb, çox ehtimal ki, ruslar qoşun hissələrini İrandan cıxaracaqlar”.

Fərdust sonra yazır: “Hər halda iş o yerə catdı ki, Amerikanın BMT-də olan numayəndəsi Sovet İttifaqına ultimatum verdi və dedi ki, əgər ruslar müəyyən edilmiş vaxtda oz qoşunlarını İrandan çıxartmasalar, iş Üçüncü Dünya müharibəsinə çəkəcəkdir. Bu muharibədə isə İkinci Dünya müharbəsində yorulmamış Amerika qalib gələcəkdir. Halbuki, müharibənin ağırlığını Sovet İttifaqı hamıdan cox hiss etmişdir…”

Fərdustun fikrincə, amerikalıların fəaliyyətlərinin nətiçəsi o oldu ki, ruslar hərbi hissələrini İran ərazisindən cıxartdılar.

Hüseyn Fərdust şahın amerikalılar ilə əlaqəsindən bəhs edərək yazır:

“Azərbaycan məsələsi, Sovet Ordusunun İrandan çıxması, habelə sonrakı hadisələr və Pişəvərinin süqutu Məhəmmədrzanı kəskin şəkildə Amerikadan qorxutdu. O, bir dəfə mənə dedi: Bu amerikalılar əcəb qüdrətlidirlər. Doğrudan da onlara arxalanmaq Azərbaycanın rusların pəncəsindən xilas olmasına səbəb oldu”.

Fərdust bu fikirdədir ki: “Məhəmmədrza ingilisləri taxta çıxmasının zamini bilirdisə, amerikalıları Azərbaycana nicat verəni hesab edirdi. Elə buna görə də Azərbaycan məsələsi ilə əlaqədar təşəkkürünü bildirmək üçün 1328-ci ildə (1949) Amerikaya rəsmi səfərə getdi. Əslində deyə bilərəm ki, Azərbaycan hadisəsi Məhəmmədrzanın daha qüdrətli tərəfə, yəni Amerikaya üz tutması üçün başlanğıc oldu. Bununla yanaşı İngiltərə ilə də dostluq münasibətini qoruyub saxladı”.

Hüseyn Fərdust təkcə şahı deyil, bütün hakim dairələri İngiltərənin əlaltıları kimi təqdim edərək yazır: “İngiltərə qoşunları Tehrana daxil olduqdan sonra 150 nəfərə qədər tanınmış hərbçi və qeyri-hərbçi ingilislər tərəfindən tutularaq Əraqda zindana salındılar. İngilislər rusları belə başa saldılar ki, bunlar alman siyasətinə tərəfdar olan adamlardır və buna görə də həbs ediliblər. Lakin yad ordular İrandan çıxandan sonra getdikcə daha aydın oldu ki, həbs edilən həmin adamların çoxu ingilislərin tərəfdarları və antikommunistlərdirlər”.

Beləliklə, “İranın “əsl sahibi” ingilislər idi və sonradan amerikalılar onlara şərik çıxdılar. Onlar öz ağalıqlarını qoruyub saxlamaq üçün ən kiçik dəyişikliyə belə dözmədilər. Bunlar bütün diplomatik, siyasi və hərbi kanallardan istifadə edərək İranda özlərinin inhisarında olan ağalığı qoruyub saxladılar”.

Bir casusun zühuru və süqutu

Bu barədə Hüseyn Fərdust yazır: “Sovet qoşunları 1325-ci ilin (1946) əvvəllərində İranı tərk etdilər. Amma Pişəvərinin bir milyon ədəd yeni silaha malik olan xudmuxtar hökumətini öz yerlərində qoyub getdilər. Azərbaycanın işğalı dövründə Pişəvəri Demokrat Firqəsini təşkil edərək Milli hökumət, məclis və ordu yaratmışdı. Firqənin sillahlı qüvvələrinin başçısı Qulam Danişyan idi. Bu zaman Qəvvamüssəltənə Baş vəzir idi. Qəvvamüsəltənə firqə ilə çox mülayim rəftar edirdi. O deyirdi ki, avtonomiya elə də mühum bir şey deyil. Azərbaycana bir qubernator göndərməklə biz orada mərkəzin qüdrətini nümayiş etdirə bilərik”.

Hüseyn Fərdust Qəvamüssəltənin Azərbaycan məsələsinə necə yanaşdığı barədə yazır: “Qəvam Moskvaya səfər etdi və orada öz məsuliyyəti ilə imzaladığı müqavilənamə ilə Azərbaycanın avtonomiyasını rəsmiyyətlə tanıdı və Şimal neftinin imtiyazını Sovet Ittifaqına verəcəyini üzərinə götürdü”. Fərdust davam edərək yazır: “Burada belə bir sual ortalığa çıxır ki, Qəvamüsəltənə ingilislərlə 1919-cı il müqavilənaməsini imzalayaraq İranı iki nüfuz dairəsinə bölən Vüsuqüddövlənin qardaşıdı. İngiltərənin tərəfdarlarından, sədaqətli nökərlərindən biri olan Qəvamüssəltənə onların xəbəri olmadan Moskvaya gedib, tam məsuliyyətlə belə mühüm bir müqavilənaməni imzalamasına təəssüf etmək olarmı?”

Hüseyn Fərdust Məhəmmmədrzanı amerikalıların əlaltısı kimi təqdim edərək yazır: “O, bir oyuncaq kimi amerikalıların əmrlərini yerinə yetirdi və onların planları əsasında qoşunun Azərbaycana hücum etməsi qərara alındı. Azərbaycana doğru iki diviziya hərəkətə başladı. Bunlardan biri general Haşiminin başçılığı altında Miyana-Təbriz, digəri isə general Zərrabinin başçılığı ilə Miyana-Marağa-Təbriz istiqamətində hərəkət edirdi”.

Hüseyn Fərdust şahın əmri ilə general Haşimiyə pul çatdırmaq üçün Təbrizə uçur və öz müşahidələri barədə yazır:

“Mən Təbrizin təyyarə meydanına daxil olanda onun binası hələ də yanırdı. Yük maşını ilə Təbrizə getdim. Keçdiyim yol boyu və xiyabanlar adamla dolu idi, hamının silahı vardı. Ardı kəsilmədən havaya atəş açır, yenə də Pişəvərinin tərəfdarlarını axtarırdılar. Onları evlərindən çıxarıb edam etdilər. Xiyabanların kənarları cəsədlərlə doluydu, bəlkə də iki mindən üç min nəfərə qədər adamı edam etmişdirlər”.

General Hüseyn Fərdust Azərbaycanın süqut etməsi barədə öz fikirini söyləyir və onu ciddi olmayan bir iş kimi qiymətləndirərək yazır:

“Ordu 2 istiqamətdə hərəkət etdiyi bir vaxtda Məhəmmədrza mənim birmotorlu təyyarə ilə uçaraq qoşunun hərəkətini nəzərdən keçirtməyimi tələb etdi”.

Fərdust özünün havadan müşahidələri əsasında Azərbaycanın təbii şəraitini belə təsvir edir: “Azərbaycan torpağı dağlarla örtülmuşdur. Onun dörd mühüm dağ silsiləsi vardır: Miyanaya çatmamış əsas dağ silsiləsi göylərə baş qaldıran Qaflankühdur. Dağa daxil olmazdan qabaq əzəmətli körpü var ıdı. Pişəvərinin qüvvələri onu dağıltmışdılar ki, özü hərəkət edən maşınlarla oradan gediş-gəliş mümkün olmasın. Mən bizim əsgərlərin dərənin dibinə doğru getdiklərini gördüm. Əgər Pişəvərinin qüvvələri bizimlə qarşılaşmaq istəsəydilər, ən yaxşı mövqeyə malik idilər. Onların ən mühümü həmin Qaflanküh dağı idi”.

Fərdust həmin izahatdan nəticə çıxaraq yazır: “Buna görə də Azərbaycanın tutulması ciddi bir iş hesab edilməməlidir. Əgər bu işə ciddi yanaşsaydılar Qaflanküh və onun əcaib dağlarının mövqeyyəti nəzərə alınsaydı, 10 diviziya da oranı tuta bilməzdi”.

Fərdust daha sonra yazır: “Kiçik dəstəlr halında dağlara çəkilən tüfəngli firqəçilər Zülfüqarinin silahlı adamları tərəfindən ələ keçirilir, zindanlara göndərilir və edam olunurdular”.

21 Azərin bütün düşmənləri kimi, Fərdust da bu hərəkatın mahiyyətini təhrif etməyə, onu milli olmayan bir hərəkat kimi qələmə verməyə çalışır. Buna baxmayaraq, şahın bir çox özbaşınalıqlarının yaxından şahidi olmuş adam kimi Fərdustun etirafları qiymətlidir.

Yenə də Fərdustun etirafla dolu xatirələrinə qayıdaq. O, ingilislərin İranda mütləq hakim olmaları barədə yazır:

“General Ərfəin başçılıq etdiyi qeyri-rəsmi hərbi təşkilat İngilis səfirliyinin göstərişi ilə tudəişiləri kəşf etməklə məşğul idi və şübhəli ünsürlərin Ordunun həssas işlərinə yol tapmamasına çalışırdı. Bu vəziyyət Sovet qoşunları İrandan çıxana qədər davam etdi”.

Xatirədə Məhəmmədrzanın uşaqlıq dövründən hakimiyyətinin son günlərinədək bir zaman maraqlı və rəvan bir dillə nəql olunur. Kitabın redaktəsində də siyasi mövqe təsirli olmamış, adı çəkilən şəxslərin (Teymurtaş, Füruği, Hüveyda, Şərif İmami...) sənədlər əsasında təqdimatına önəm verilmişdir. Kitabın ikinci cildində sənədlər əsasında təqdimat ayrıca verilmişdir və bu, xatirələrdə tamamlayıcı rol oynayır.

Xatirədə Amerika və İngiltərənin İranın həyatında geniş rolu aydın əks olunub. Fərdust Amerikanın inqilaba qarşı son təlaşları barədə yazır: “Hayzerin (Robert Ernest Huyser – Amerikanın Avropadakı HHQ-nin generalı) gəlişindən mən də xəbərsiz idim, şah da. Sonradan eşitdim ki, Hayzerin 20 gün əvvəl İrana gəldiyini Bədreyi şaha xəbər verib. Şah bu məsələ ilə bağlı Amerikanın səfiri Sullivana (William Healy Sullivan) narazılığını bildirir. Səhəri gün Sullivan Hayzerlə birlikdə şahın qəbuluna gəlir. Bu barədə mənə general Bədreyi məlumat verirdi. Hayzer İrana xəbərsiz səfərinə görə üzr istəmək əvəzinə şaha toxunacaq suallar verir, onun İrandan nə vaxt çıxacağını soruşur. Şah cavab verir ki, bu şəxsi məsələdir və nə vaxt istəsəm o zaman istirahət səfərinə gedəcəyəm. Hayzerin bir ay İranda məxfi fəaliyyətlərindən sonra Reuters və Associated Press xəbər yayır ki, NATO rəhbərinin köməkçisi İranı tərk edib. Bildirilirdi ki, generalın İran səfərində məqsəd ordunu Şapur Bəxtiyar dövlətini dəstəkləməyə hazırlaması olub”.

General Fərdust general Hayzerin 22 bəhməndə İranda olması və ordunun inqilaba münasibətinə müdaxiləsi barədə yazır: “Mən konfrans otağını sürətlə tərk etdim. Qarabaği mənim ardımca gəlib dedi: “General Hayzerlə görüşsəniz pis olmaz. O, qonşu otaqdadır.” Dedim, nümayişlərin indiki vəziyyətində görüşü sonraya saxlamaq yaxşı olar və sürətlə uzaqlaşdım...”.

Digər bir nümunə İngiltərə kəşfiyyatının şahla əlaqələrdə vasitəçi rolu oynayan nümayəndəsi Şapurçi haqqında məlumatlar ola bilər. O “Reporter”adı ilə tanınırdı. Bu məlumatlar Amerika və İngiltərənin İranın daxili işlərinə müdaxiləsi, Baş nazirin təyinatı kimi fəaliyyətlər üzərindən pərdəni qaldırır. Rzaxanın çevriliş üçün seçilməsi, Britaniya ilə əlaqələrdə vasitəçilərin təyini, sionist məktəbin yetirməsi olan Süleyman Behbudi maraqlı mövzulardır. Ernest Perronun həyatı və ölümü barədə nadir mənbələrdən biri Fərdustun xatirələridir. Sarayın isveçrəli məmuru haqqında yayılmış şayiələr onu çox məşhurlaşdırıb. Fərdust əminliklə bildirir ki, İngiltərə kəşfiyyatı Le Roseydə Məhəmmədrzaya nəzarət üçün Ernest Perronu əvvəlcədən bu kollecdə xidmətçi kimi yerləşdirib. Aydın olur ki, Amerika və İngiltərə gələcəkdə mühüm posta gəlişi gözlənilən şəxsləri əvvəlcədən nəzarətə götürür. Peerronun xidmətləri ilə bağlı bir neçə nümunə yada salınır. Tehran metrosundan başlamış Xəzər neftinə qədər mövzularda məlumatlar bu gün də aktuallığını itirməyib. Saray xadimləri haqqında məlumatlar diqqəti cəlb edir. Məsələn, Pərviz Sabitinin vəzifə yüksəlişi son nəşrdə yer almış maraqlı xatirələrdəndir.

Bir casusun zühuru və süqutu

H. Fərdust SAVAK haqqında yazır:

“Amerika 1332-ci ilin 28 murdad (1953) çevrilişindən sonra hərbi əks-kəşfiyyatı və 1335-ci ildə (1956) SAVAK-ı) (ölkə təhlükəsizlik və kəşfiyyat təşkilatı) yaratdı.

Fərdustun xatirəsinin əhəmiyyətini onu tanımayanlara çatdırmaq üçün bu müqəddimə kifayət edər. Amma qeyd etmək yerinə düşər ki, şah öz xatirələrində onun qərarlarına təsirli Ernest Perron kimi dostunun adını çəkmədiyi halda istisna olaraq Fərdust haqqında deyir: “Atası ordunun sütunu olan Hüseyn Fərdust adlı gənc mənim yaxın dostumdur. Hüseyn İsveçrədə mənimlə birlikdə təhsil alıb. Sonra polkovnik rütbəsində, hərbi məktəbdə professor kimi çalışıb. Hazırda şah qvardiyasında xidmətdədir.”

Xatirə çap olunandan az sonra Cənab Rəhbər İran İslam Respublikasının tarixi üzərində çalışan şəbəkə məsulları ilə görüşdə şah rejimi dönəminin həqiqətlərinin işıqlandırılması üçün bu mənbədən istifadə olunmasını tövsiyə edir.

Fərdust məşhur tarixi görüşlər haqqında yazır. Nəcəf müctehidlərindən birinin şahbanu Fərəhlə görüşü bu qəbildəndir. Fərəhin öncə razılaşma olmadan alimin görüşünə getməsi və soyuq qarşılanması xatirələrdə fərqli şəkildə təsvir olunur. Ayətullah Şəriətmədarinin şahla müntəzəm görüşləri də xatirələrdə təsdiqlənir. Hansı ki belə görüşlər inqilabçılar tərəfindən ehtimal edilirdi.

Fərdustun düşmən cəbhənin nümayəndəsi olaraq İmamın hərəkatı haqqında məlumatları da çox əhəmiyyətlidir. O, 15 xurdad qiyamını yada salır, qiyamın SAVAK üçün gözlənilməz olduğunu deyir. Yazır ki, bu qiyam xalq qiyamı idi. Amerikanın “İğtişaşlara nəzarət” proqramı onun göstərişi ilə farscaya tərcümə olunur. Fərdust təəssüf edir ki, bu sənəd hərbi bölmələr, polis, xüsusilə Qulaməli Üveysi tərəfindən vaxtında oxunmayıb. SAVAK-ın hadisədən xəbərsizliyi Teymur Bəxtiyarın ayağına yazılır və şah yeni məsul təyin edir.

Fərdustun xatirələrində bəzi ittihamlar özünə bəraət qazandırmağa cəhd kimi qəbul edilə bilər. Amma sonrakı xatirələr bu kitabın dəyərli mənbə olduğunu təsdiqləyir. Pəhləvi çevrəsinin kitaba münasibəti fərqlidir. Bəziləri xatirələri birmənalı olaraq rədd edir, general Möhsin Mubsər kimi əhəmiyyətli fiqur isə xatirələrin əsas hissəsinin həqiqət olduğunu bildirir.

Hüseyn Fərdust 76 illik ömrünün 52 ilini Məhəmmədrza şahla yaxın münasibətlərdə olub. Təhsil dövründən başlayan yaxınlıq şah rejiminin son gününə qədər davam edir. 1320-ci il şəhrivər ayından sonra Cavidan qvardiyasının yaradılmasında, Pəhləvi hökumətinin xüsusi ofisinin təsisində, Təhlükəsizlik Şurasının katibi vəzifəsində Fərdust sədaqətlə çalışır. Şah ona əksər dövlət orqanı rəhbərlərinə nəzarət tapşırığı verir. Fərdust etiraf edir ki, bu sədaqətinə görə bəzi kəşfiyyat rəhbərləri ona çevriliş imkanı olan bir saylı şəxs kimi baxırdı. Bəli, belə bir şəxsin xatirələrinin mütaliəsi səmərəsiz deyil.

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər