Sirli framason - Ənvər Çingizoğlu yazır
Tarix: 16-06-2020 14:06 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Sirli framason

Bəllidir ki, Məşrutə hərəkatı dövrü, aydınlanma dövrü mütəfəkkirlərinin əksəriyyəti, xüsusilə də Qacarlara qarşı çıxanlar mason olublar. Bunlardan biri də Mirzə Abbasqulu xan Adəmiyyətdir.

Abbasqulu xan Eyvazəli oğlu 1861-ci ildə Qəzvin şəhərində anadan olub. Altı yaşında atası dünyasını dəyişib. Elə bu zamandan qohumlar arasında “Baş katib” adı ilə tanınan bacısının əri Mirzə Məhəmməd xan Qəzvininin himayəsi altında təlim-tərbiyə almışdır. Bəllidir ki, elm aləmində “Əllamə Qəzvini” kimi tanınan Mirzə Məhəmməd İranzəminin ən savadlı adamlarından biri idi.

Mirzə Abbasqulu xan təxminən iyirmi yaşında Qəzvinli mirzə Yəhya xan Müşiruddovlənin sarayında işləməyə başladı. Yəhya xan Ədliyyə naziri olarkən onu məhkəmə işinə təyin etdi. Burda işləyə-işləyə bir çox alim-aydınla tanış oldu. Demokratlara meyl etdi. Mirzə Yusif xan Müstəşarüddövlə və Mirzə Mülküm xanın məqalələrini oxudu. Bu tanışlıqlar və mütaliələr onu açıq fikrlii və siyasətsevər etdi.

Mirzə Abbasqulu xan Adəmiyyət 1890-cı ildən 1892-ci ilədək Mirzə Mülküm xanın əsərlərini yaymaqla onun fikir və müddəlarını İranda tanıtdırmaq sahəsində xeyli irəli getdi. 1892-ci ildə Mirzə Mülküm xanın “Qanun” qəzetini nəşr etdi. Adəmiyyət və əqidə yoldaşları “Qanun” qəzetinin nəşrində və yayılmasında çox çalışdılar.

Sirli framason
(Abbasqulu xan)

Mirzə Mülküm xanın hədəfi İranda qərb cəmiyyətlərinin analoqu olan bir cəmiyyət qurmaq idi. Mirzə Abbasqulu xanı da bu istiqamətdə inandırmışdı.

Mirzə Abbasqulu xan həmin dönəmdə framason təşkilatı olan “Fərmuşxana”ya daxil oldu. Bu müddət Nasirəddin şah Qacarın öldürülən dövrü idi. Onun məqsədi 1896-cı ildə şəraiti daha münasib görərək öz məram və məqsədi ilə üst-üstə düşən, Mirzə Mülküm xan tərəfindən də irəli sürülən “Adəmiyyət cəmiyyəti”ni yaratmaq idi. Bu təşkilatın adı həmin dövrün qaynaqlarında bir neçə cür hallanır: “Adəmiyyətin gizli əncüməni”, “Adəmiyyət əncüməni”, “Adəmiyyət məcməi” və “Adəmiyyət hizbi”. Bu təşkilatın rəhbəri Mirzə Abbasqulu xan idi ki, bəzən ona “Adəmiyyət cəmiyyəti”nin rəisi və ya müdiri deyilir. Onun tərəfindən yayılan qərar və göstərişlərə “Adəm xadimi” və ya “İran övladı” adı ilə qol çəkirdi.

Mirzə Abbasqulu xan Adəmiyyət əncümənin ilk fəaliyyəti zamanından süqutuna qədər (1908) bu təşkilatın rəhbəri olmuşdu. O, bu zamanda öz müəllimi olan Mirzə Mülküm xan ilə yaxşı münasibətini davam etdirmişdir.

Bu əncümənın məram və məqsədi Mirzə Mülküm xanın fikri ilə uyğun gəldiyinə görə tarixçilər ona İranın üçüncü “Framason qrupu” deyirlər. (Yəqin ki, Adəmiyyət əncüməni Eqüs Kont (1798-1857) ilə Henri Sen-Simonun (1760-1825) fikrlərinin təsir altında yaranmışdır). İrandan Süleyman mirzə İskəndəri, Məhəmməd Müsəddiq, Mirzə Məhəmmədəli Zəkaülmulk, Ehtişamüssəltənə və Sipəhdari-Əzəm kimi bir sıra böyük və tanınmış şəxsiyyətlər bu cəmiyyətin üzvləri olmuşlar.

Fəramuşxana və onun ardınca Adəmiyyət cəmiyyəti süquta uğrayandan sonra Mirzə Mülküm xanın şagirdləri üçüncü Framason təşkilatını qurdular. Bu təşkilatın adını “Adəmiyyət caməsi” qoydular. Bu təşkilatın məqsəd və məramı Mirzə Mülküm xan Fəramuşxanası ilə eyniyyət təşkil edirdi. Cəmiyyətin müdiriyyəti on iki nəfər üzvü olan heyətin öhdəsində idi. Heyətin rəisi isə Adəmiyyət ləqəbi ilə tanınan Mirzə Abbasqulu xan özü sayılırdı.

Fəramuşxananın özəl üzvlərindən başqa bir kəs Framasonun gizli təşkilatında Mirzə Abbasqulu xanın nə məqamda olduğunu bilməzdilər. Rəyasət heyəti bunlardan təşkil olunmuşdu:

Mirzə Abbasqulu xan Adəmiyyət, Mirzə İbrahim xan Ovnulməmalik, Əbdülhəmid xan Qəffari Yəmin, Sultan Cüneyd mirzə Mötəmidüddövlə, Yəhya mirzə İskəndəri, Mirzə Əli xan İntizamülhükəma, Mirzə Cavad xan Sədüddövlə (Məşrutə qanunu bir gecədə yazan şəxs) Mirzə Məhəmməd Nazimülüləma, Mirzə Mahmud xan Ehtişamüssəltənə, Mirzə Abdulla Xanülməmalik və “Şahzadə Əli xan” adı ilə tanınan Məhəmmədəli mirzə.

Adəmiyyət camesinin təsisçisinin inamı vardı ki, insan və özəlliklə əncümən başçısı öz zahirinin necəliyindən asılı olmayaraq, batində dahi və ziyalı olmalıdır. Elə bu inama görə də dahi insanları bu təşkilata daxil etməyə səylə çalışırdı. Əncümənə daxil olan, İran tarixində təsir yaradan şəxslərdən Salarüddövlə Məhəmməd xan Kəmalülmülk, Seyid Nəsrülla Təqəviyi Əxəvi, Məhəmmədəli Füruği Zəkaülmülk və doktor Məhəmməd Müsəddiqin adını çəkmək olar. Şahzadə Salarüddövlə Əbülfət mirzə Qacar (1881-1961) framasonların yardımı ilə şah olmaq istəyirdi. Lakin bu məqsədə çatmadan İrandan qaçıb Beytülmüqəddəsdə yəhudilər lojuna qoşulub və orada “Ustadiəzəm” oldu. M. Müsəddiqin andiçmə sənədində belə yazılıb:

“Mən Allahın bəndəsi Məhəmməd Hidayət oğlu, Tehran sakini ürəkdən və könüllü deyirəm, ey varlığın Yaradanı! Sən mənə insanlıq şərəfini vermişsən, mən də insanlıq haqqını və borcunu yerinə yetirməyəcəmsə, indi Sənin hüzurunda, qüdrət və haqqına and içərkən insanı vəzifəmi yerinə yetirmək, bütün insanlara xidmət etmək üçün daima, bütün gücüm ilə qayğıkeş olmağıma söz verirəm. Bu vəzifəni yerinə yetirməyəcəmsə, özümü Səni qınağına hazırlayıram”...

Adəmiyyətin camesi bir casusluq təşkilatı idi. Başçılarının hökmü ilə İranda qarışıqlıq yaradırdılar. Məşrutə hərəkatından sonra, etiraf etməyə şərait yarandı. İranın ziyalı və zadəgan şəxslərinin çoxu və məşrutəpərəstlərin isə əksəriyyəti Framason təşkilatının üzvü olmuşdular.

Mirzə Abbasqulu xan Adəmiyyət qərbliləşməyin alovlu tərəfdarı idi. Onun ardıcılları da hümanizmi əsas bayraq etmişdilər. Ali rəhbərləri Mirzə Mülküm xan bu üsulu Eqüs Kont və Herbert Spenserin (1820-1903) əsərlərindən almaqla, Framuşxanada əncümən üzvlərinə dərs deyirdi. Tehranda yerləşən “Cameyi Adəmiyyət” təşkilatının dörd əsas cəmiyyəti vardı ki, onlara “Məcamei ərbəə” deyilirdi. Məcamein rəyasət heyəti oniki üzvü olan “Ümənayi Adəmiyyət” adlanardı... Camein üzvlərinə İxvan (qardaşlar) deyilərdi... “Camei Adəmiyyət” fəaliyyəti aşkar olmadan, “Əncüməni hüquq” adı ilə tanınırdı. Bu əncümənin təsisçisi şahzadələr İskəndəri və İntizamülhükəmadan ibarət idi. Lakin əsas rəhbərliyi Mirzə Abbasqulu xan edirdi. Bu zaman, 31 avqust 1907-ci ildə Qacarlar dövlətinin Baş naziri, erməni əsilli, Atabəyi-Əzəm ləqəbli Mirzə Ələsgər xan Əminüssultanı öldürdülər. Onun ölümündə Mirzə Abbasqulu xana qara yaxıldı. O, yaxalandı. Baş nazir öldürüləndən, Mirzə Abbasqulu xan yaxalanandan sonra, polis ilə Milli Məclisin müvafiq qurumu “Camei Adəmiyyət” təşkilatının sənədlərinə əl atılıb, baş vuruldu. Sənədlər ələk-vələk, çək-çevir ediləndən sonra qorxulu bir nüsxə tapılmadı. Şahın və sarayın fikri bu Framason misallı təşkilata qarşı dəyişildi.

Baş nazirin qatilinin adı Abbas ağa Təbrizi idi. Yanlış düzəldildi. Məhəmmədəli şah Mirzə Abbasqulu xanın azadlığa buraxılmasına göstəriş verərək onu Mirzə Mülküm xan ilə görüşməyə və şahın fərmanın ona yetirməyə məmur etdi. Şayəd bu iş onu adam olmağına səbəb olsun! Üstəlik, üç min tümən pulu da Adəmiyyət cəmiyyətlərinə bağışladı.

Bundan sonra cəmiyyət aşkar fəaliyyətə başladı. Mirzə Abbasqulu xan isə İtaliyaya yollandı. Məktub ünvana çatdırıldı. Şahın Mirzə Mülküm xana yazdığı məktubu:

"Bütün ömrünüzdə hər nə öyrənmisiniz, vacibdir ki, bunları Övladi adəm (Abbasqulu xan Adəmiyyətin ləqəbi övladi adəm idi və bu ad ilə qol çəkərdi) vasitəsilə İranın inkişafına həsr edəsiniz!".

Mirzə Abbasqulu xan Adəmiyyət Rəşt şəhərinə getdi. Lakin səfərini davam etdirə bilmədi. Onun məqsədi bu idi ki, əlinə keçirdiyi pul vasitəsilə İrandan çıxıb qaça. Təşəbbüsünü həyata keçirə bilmədi. Onun yardımı ilə yayınanlar Adəmiyyətin yaxalanmağına səbəb oldular.

Bir zaman başçısı İntizamülüləma olan Hüquq əncüməni onun cəmiyyətindən ayrılaraq, ayrıca "Hüquq" adlı bir qəzet bıraxmağa başladı. Nəhayət ayrılanlar ilə cəmiyyətin rəyasət heyəti arasına ixtilaf yarandı. Framason təşkilatı olan Hüquq əncüməni 1325-ci (miladi 1909-cu) ildə "Həblülmətin" qəzetində bir elanda xalqa xitab edərək deyirdi: "Bütün iranlılara elan edirik ki, bu əncümən Abbasqulu xan Adəmiyyətə bağlı deyildir, onu İranın dövlət və millətinə xain bilir, Məşrutə inqilabına isə zidd tanıyır. Komitənin əncümənə bağlı olan hər bir üzvü kənar edilir”. Beləliklə, Mirzə Abbasqulu xan evdə oturmağa, guşənişin olmağa məcbur olur. Onun yoldaşları bir-bir yeni yaradılan “Bidari” (Oyaq) lojuna üzv olurlar. "Cameyi Adəmiyyət" təşkilatının ömrü beləliklə sona çataraq öz yerini rəsmi olan “Geran veryan” lojuna verir.

"Cameyi Adəmiyyət" təşkilatının sənədləri içində 314 nəfərin qəsəmnaməsi (and mətni) vardır. Bu şəxslərin on altısı ilk Milli Məclisin vəkilidir.

Maraqlıdır ki, İranda Məşrutə hərəkatı və Framason təşkilatları tarixini yazanların çoxu Mirzə Abbasqulu xan Adəmiyyəti alqışlayıb və adını hörmətlə çəkirlər. Onun azadlıq yolunda çalışması, istibdad ilə döyüşməsi, irticaçı qüvvələrlə mərdanə mübarizəsi və cəsarətlə öz fikrini yayması alqışa layiqdir.

Dəyərləndirmək lazımdır ki, Müzəffərəddin şah və Məhəmmədəli şahın saray adamlarından bir çoxunun "Cameyi Adəmiyyət"də olduğuna görə bu təşkilatın ziddinə mübarizə aparmaq asan bir iş deyildi. Elə ona görə də bu təşkilatın müxalifləri öz ziddiyyətlərini gizli və tədricən irəli aparırdılar. Atabəyi-Əzəmin (Mirzə Ələsgər xan Əminüssultan) Məşrutə kabinetinə sədr olması "Cameyi- Adəmiyyət" rəisini siyasi sahənin dartışmalarına daxil etdi. Adı hallanmağa başlandı.

1907-ci ildə Baş nazir Atabəyi-Əzəm də bu əncüməndə üzv oldu. Onun bu əncümənə üzv olmağından bir həftə zaman keçmədən öldürüldü. Atabəyi-Əzəm və Adəmiyyət münasibəti yaxşı sayılırdı. Səniüddövlənin (Murtuzaqulu xan Hidayətin) fərmanı ilə onu Atabəyi-Əzəmin ölümündə suçlayaraq yaxaladılar. İki gün yaxalanmağından sonra əncümənin üzvləri etirazına əsasən azad olundu.

Atabəyin ölümü bu əncümənin fəaliyyətin gün işığına çıxartdı. Elə bu iş əncüməni aşkar fəaliyyətinə səbəb oldu. Məşrutə dövründə və ilk Milli Məclisdə baş verən hadisələr əncümənin tanınmasına münasib şərait yaratdı. Bu zaman Məhəmmədəli şah isə pul ödəməklə əncüməndə üzv oldu. Şahın əncümənə üzv olması azadlıq sevənlərin acığna səbəb oldu. Seyid Məhəmməd Təbatəbayi kimi şəxsiyyətlər şahın bu işini qınadılar.

Sirli framason
(Abbasqulu xan övladları ilə)

Məhəmmədəli şahın uğursuz terrorundan sonra Adəmiyyət şahı Milli Məclis və millətçilərin ziddinə bir iş görməməyə razı saldı. Bu hadisə Milli Məclisin rəisi olan Etişamüssəltə tərəfindən razılıqla qarşılandı.

Onun işi gündən günə tərəqqi edir, yüksəlirdi. Elə bu zamanda Mirzə Mülküm xanı görmək məqsədi ilə İtaliyaya getdi. Bu iş onun cəmiyyətdən xaric edilməsinə və "Cameyi-Adəmiyyət"in parçalanmasına səbəb oldu.

Bu hadisələrin hamısı Məhəmmədəli şah fərmanı ilə Milli Məclisi topa tutması, "Cameyi-Adəmiyyət"in fəaliyyəti az olmaqla və kiçik istibdadın dövrü başlamaqla eyni zamanda olmuşdur. Beləliklə, Milli Məclisin bağlanmağı ilə Mirzə Abbasqulu xanın siyasi həyatı sona çatır. O, bu zamandan sonra ömrünü evin küncündə çürüdür.

Mirzə Abbasqulu xanı Adəmiyyət masonluq öhdəliyini pozmuşdu...

Mirzə Abbasqulu xanı Adəmiyyət 30 il evdə əyləşərək tam siyasi fəaliyyətdən uzaqlaşdı və 1939-cu ildə Tehranda dünyasını dəyişdi.

Onun övladları: Sadıq, Firudin, Təhmurəs və Mənuçehr.

Onun əsərləri: "Üsuli hüquq", "Bangi bidari", "Səhifeyi asimani", "Fərifteyi adəm" və 1909-cu ildə çap olunan hüquq nəşriyəsində “Üsuli nizam”dan ibarətdir. Bunlardan əlavə onun çoxlu sənədləri, məktubları, xatirələri, şəxsi çıxışları oğlu Firudin Adəmiyyətin şəxsi arxivində saxlanılır. Bu əsərlərin çoxu əlyazma şəklindədir.

Kont da belə hesab edirdi ki, maarifçilik ideyaları mənfi və dağıdıcı rol oynadılar. Ənənələrin və hakimiyyətin tənqidi yalnız köhnəlmiş siyasi sistemin aradan qaldırmasına deyil, həm də terrorla və xaosla başa çatan inqilaba gətirib çıxardı. Məşrutə hərəkatı M. F. Axundovun, M. Mülküm xanın, M. A. Adəmiyyətin ideyaları əsasında həyata keçdi...

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər