Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər - Fotolar
Tarix: 18-06-2020 15:17 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər

Duruzların tarixi. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Dünyada 2.5 milyona yaxın Duruz olduğu təxmin edilir. Suriyada isə duruzlar ən böyük üçüncü dini azlıqdır. Ən çox yaşadıqları bölgə Livanın dağlıq yörələridir.

Duruzilik təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Anuştəkin Məhəmməd ibn İsmayıl əd-Dərazinin (?-1018) (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlib. Anuştəkin indiki Qazaxıstan ərazisində olan Tarazlı bir qıpçaq şeyxi idi. Öncə dərzi kimi çalışıb. (Аз-Зирикли. Аль-Алам = الأعلام. — 15. — Бейрут: Дар аль-Ильм лиль-Малаин, 2002. — Т. 6. — С. 35.) Tədqiqatçı Fərhad Dəftəri isə onu fars mənşəli hesab edir. (Farhad Daftary (30 Dec 2011). Historical Dictionary of the Ismailis. Scarecrow Press. p. 40.) Fatimi dai və mübəlliğlərinin vasitəsilə ismailliyi qəbul edib. Qahirəyə dəvət edilib, saraya cəlb olunub. Xəlifə Hakim Biəmrillahən yaxınları sırasına qatılıb. O, sonra Seyfüliman ləqəbini alıb. Tarazi ərəbcə Dərazi biçiminə düşüb, sonra duruz cəm şəklinə dönüb.

Anuştəkin Məhəmməd əd-Dərazi Qahirədə ətrafına çoxsaylı mürid toplayıb. Öz vəzlərində əxlaqi cəhətdən qəbuledilməz metodlardan istifadə edirdi. Bu kimi çıxışların nəticəsində xeyli gənc ona qoşuldu. Əvvəlcə Xəlifə Hakimi dəstəkləyən əd-Dərazi sonra onun islahatlarına qarşı çıxdı. Şeyx Fatimilər dövləti ərazisindəki xristian müxaliflərini və Yəhudi icmasını dəstəkləyirdi.

Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər

Əd-Dərazinin duruz cəmiyyətindəki müasirlərindən biri Həmzə ibn Əli bin Əhməd Zəvəzani idi. O, 985-ci ildə Xorasanda doğulub. Əvvəlcə Əd-Dərazini dəstəkləsə də, sonra onun müxaliflərinin birinə çevrilib.

Anuştəkin Məhəmməd əd-Dərazi böhtə qapılıb, Hakimi Allah elan edib. Livana qaçıb, orda Hakimin Allah səciyyəsi daşımağını təbliğ etməklə məşğul olub. Bəzi tədqiqatçılar isə onun 1018-ci ildə qətlə yetirildiyini yazırlar.

Anuştəkin Məhəmməd əd-Dərazi öz əsərlərində panteizmdən və ruhun qayıdışı nəzəriyyəsindən yazırdı. Bu məzdəkilikdə və xürrəmilikdə də vardı. O deyirdi ki, Allah Əli ibn Əbutalibdə təcəlla edib. Əliallahlığı yayırdı.

Əd-Dərazi bir çox teoloq tərəfindən mürtəd sayılır. Duruzların özləri də onun şəxsiyyətinə neqativ yanaşırlar. Özlərini “duruz” deyil, “müvahhidun” (təkallahlı) və ya “əhliəltövhid” adlandırılar. Duruz sözünü təhqiramiz hesab edirlər.

Duruzların irq olaraq kökənləri mövzusu dartışmalıdır və olduqca fərqli etnik nəzəriyyə irəli sürülüb. Bir görüşə görə duruzların kökəni hititlərə (hetlərə), ya da qalatlara qədər geri götürülür. (Journal of the Royal Anthropological Institute (London, 1911), page 241.) Alfons de Lamartin 1835-ci ildə duruzlar arasında samarilərin qalıqlarını tapıb. (Voyage, by Lamartine, II, page 109.) Corc Edvard Stenhoup Molino 1860-cı ildə yazdığı kitabında duruzları Assuriya çarı Asarhəddonun Fələstinə yerləşdirdiyi kufilərin nəslindən hesab edirdi. (Recollections of the Druses of Lebanon (London, 1860), pp. 42-43.) Professor Feliks fon Luşan duruzların arasında antrometrik ölçülər aparıb. Onun elmi qənaətlərinə görə, duruzların Suriyadakı maronilərlə, ələvilərlə, eyni zamanda ermənilərlə, bəktaşilərlə, Kiçik Asiyadakı əliilyaslılarla, yezidilərlə etnik bağlantıları var. Hetlərin isə müasir nümayəndələridir. (Journal of the Royal Anthropological Institute (London, 1911), page 241.)

Bəzi tədqiqatçılar, qədim İran xalqlarından farsların və midiyalıların inancları olan Məzdəkizm ilə Duruzilik arasındakı bənzərlikləri sübut sayaraq, duruzların bu xalqların soyundan gəldiklərini irəli sürürlər. Bəzi etnoqraflar isə duruzların asuriyalılar tərəfindən sürgün edilmiş barbar bir tayfanın davamı olduqlarını müdafiə edirlər.

Hazırkı duruzlar özlərini Ərəb irqindən sayırlar. Onların kökəni mövzusunda ən çox yandaş toplamış olan görüş, duruzların Yəməndəki aramilərlə qarışmış olan ərəblər olduqları biçimindədir. Bu görüşə görə duruzlar, böyük bir sel fəlakətindən sonra Yəməndən ayrılaraq şimala köç ediblər. İslamiyyətin yayılması sırasında bu yeni dini mənimsəyərək, Livanın dağlıq yörələrini yurd tutublar.

Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər

Müasir duruzlar özlərini Cənubi Livanda yaşayan Vadi əl-Taymur tayfasına bağlayırlar. Bu tayfa Taymurallah və yaxud taymurallat qəbiləsindən çıxıb. Ət-Təbəriyə görə, bu qəbilə Ərəbistandan Yevfrat vadisinə gəlib və xristianlığı zorla qəbul ediblər. (Hitti Philip K. Origins of the Druze People and Religion. NY., 1928.)

Duruzlar Səlib səfərləri sırasında Anti-Livan dağlarındakı ismaililər ilə birləşərək İslam ordularına qarşı xristianların yanında yer aldılar. Səlib səfərlərindən sonra da bölgədə varlıqlarını sürdürən duruzlar, Kaysilər və yəmanilər deyə iki qola ayrıldılar.

Yəmanilər Mərcidabık savaşında (1516) osmanlıların, kaysilər isə məmlüklərin tərəfini tutdular.

Orta əsrlərdən başlamış son dövrədək duruzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olublar. Duruz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxrəddin Məan (1590-1633) və II Bəşir Şihabın ((1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maroni kəndliləri və onların feodal ağaları olan duruz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Duruz və xristian maronilər arasında silahlı toqquşmalar baş verib. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı imperiyası hakim dairələrinin duruz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, duruz zadəganlarının sıravi duruzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olub.

Fransanın mandatlığı dövründə (1920-1943) Suriya və Livan duruzları antiimperialist mübarizədə iştirak etdilər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl Duruz idi. Üzvlərinin əksəriyyəti duruzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunub) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak edib. XX əsrin 70-ci illərdə Livanda baş verən hadisələr zamanı duruzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin birliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması uğrunda mübarizə aparırlar.

Duruzların Tanux, Talhuq, Əbdülməlik, İmad, Cumbulat, Arslan, Həmdan kimi nəsilləri var.

Duruzların inancları. Suriyadakı sirr dolu dini qrup duruzlar kimlərdir, nəyə inanırlar, necə ibadət edirlər? Bu sual həmişə oxucuları maraqlandırıb.

Duruzlar Şiə inancından sanılır, amma əslində belə deyil. Şiə kökənli olduqları düşünülən duruzların əslində inanış baxımından şiəliklə yaxından-uzaqdan ilgiləri yoxdur.

Bir çox tədqiqatçılar duruzları ismaililərin bir qolu hesab edirlər.

Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər

Duruziliyi quran və əsrarəngiz bir şəkildə ortadan qeyb olan əd-Dərazi Hakimin Allahın cisimləşmiş halı olduğuna inanırdı. Səlib səfərlərində xristianların yanında yer alan duruzlar, Hakimi eyni zamanda Mehdi olaraq da görürlər və geri dönəcəyinə inanırlar.

Duruzlar təkiyyə doktorinasını qəbul ediblər. Duruzilik inancının ana əsaslarının çox az bir qismı xalqa açıqdır, inanc əsaslarının çoxu hər kəsdən gizlədilir. Bu, bir az da uzun müddət inanclarını gizlətmələri üzündən inkişaf edib.

Duruzlar Allahın birliyinə inanırlar, bu səbəblə özlərini Əhl əl-Tövhid (Tövhid əhli - birləşdiricilər) olaraq anıblar. Bəzi tədqiqatların Duruziliyi İslamın batıni təriqətləri arasında saymalarına qarşı, Duruziliyin Sünni şəriətiylə olduğu qədər, Şiə-Batıni anlayışla da ziddiyətli tərəfləri vardır.

Duruzilik inancına görə Allah, yeddi imamdan sonra Fatimi xəlifəsi Hakim Biəmrillah əl-Mənsur ibnil Əzizbillahda Hakim Biəmrihi adıyla insan qılığında görünüb. Xəlifənin vəziri Həmzə ibn Əli də onun peyğəmbəridir. Hakim həm Allah, həm də insandır. Ancaq iki cür görünüşü vardır: Lahuti (Allah) və Nasuti (insan). Bu iki görünüş birbirinə bənzəməz. Ağılla anlaşılamayan Hakim bir çox dəfə insan şəklində görünüb, insanlar fitnə-fəsada başlayınca gizlənib. Yenidən ortaya çıxanda duruziləri mükafatlandıracaq, ona inanmayanları da cəzalandıracaqdır.

Duruziliyin dörd şərti var:

- Hakimin Allah olduğuna inanmaq:

Hakim, həm Tanrı həm də insandır (Lahut-Nasut). Bu iki mahiyyət bir-birindən ayrılmayacaq ölçüdə iç-içə keçib. Tanrının bütün işləri anlamlı və alimanədir. İnsan ağlı Onu və işlərini qavrayıb qəbul edə bilməz. Allah, yer üzündə bir çox kəs insan biçimində zühur edib; ən son olaraq ta özünü Hakim biçimində göstərib. Pisliklər və pozqunluqlar ortadan qalxanda gizləndiyi yerdən bir kəs daha ortaya çıxacaq, Duruziləri mükafatlandıracaq, ona inanmayanları cəzalandıracaqdır.

- Əmri tanımaq: “Qaim al-Zaman” olaraq da adlandırılan əmir, Həmzə ibn Əlinin özüdür. Həmzə, Allahın ilk yaratdığı, ilk cövhəridir. Kainat və bütün digər varlıqlar ondan yaradılıbdır; bu səbəblə Həmzə, yaradılanların ən qürurlusu və Allahın elçisidir. Dünya və Axirət işlərini idarə edən, cəza və mükafat verən odur. Allahın öz nurundan yaradıldığı üçün, imamların imamı olub, qiyamət günündə savab və iqab onun əli ilə ediləcəkdir. Yeyər, içər, əl ilə tutular. Atası və anası vardır. Arvadı və uşaqları yoxdur. O, səbəblərin səbəbi və tüməl ağıldır.

- Hududu bilmək: İlahi əmrləri öyrədən və yayanlara “Hudud” deyilir. Hududun başı və birincisi Həmzədir və onunla birlikdə sayları beşə çatır. Bunlara “Vəzir” də deyilir. Həmzədən sonra gələn dörd hudud yaradılanların ən qürurlularıdır, evlənmədikləri kimi hər cür günahdan uzaqdırlar. Bunların xaricində hudud sayılan üç qrup daha vardır: “Dailər”, “Məzunlar” və “Müqassirlər”.

- Nəsihətə uymaq: Bəzi əxlaq kodekslərindən ibarət və “Hasil” də deyilən vəsiyyətlərə uyulması məcburidir. Bu şərtlər:

Doğru sözlü olmaq (Sidq al-Lisan).

Qardaşlıq, məzhəb üzvlərini qoruma (Hifz al-İxvan).

Öncəki bütün ibadətlərin və dini inancların tərk edilməsi.

İblisdən və bütün pisliklərdən uzaq durmaq.

Hakimin tək tanrı olduğuna inanmaq (Tövhid əl-Hakim).

Hakimin buyruq və borclarına boyun əymək.

Hakimin iradəsinə təslim olmaq.

Hakim imamlığı, vəziri Həmzəyə buraxıb. Həmzə, insana hülul edən bir cövhər, yaradılanların ən şərəflisidir. Kainat ondan doğulub, ilk yaradılan odur. Ruhlara hökm edən, günah və savabları hesablayan, dünya və axirət işlərini əlindən keçirən odur. İlahi əmrləri öyrədən hududların başı yenə Həmzədir.

Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər

Duruzlarda alim və üləmalığa yalnızca bəlli bir ruhani təhsili tamamlamış olan seçkin şəxslər çatır; bunlara ağıllılar anlamına gələn Üqqal deyilir. Bunlar başlarına ağ sarıq sarıyırlar və öz aralarında xüsusi məclislər düzəldirlər. Duruzluqda Uqqalın uyğulamaqda olduğu doqquz dərəcəli bir iyerarxiya vardır. İnisiyasyonun ilk ilində təcrübə müddətini tamamlayan nümayəndə əsl üzvülüyə qəbul edilə bilər. Şagirdlik müddətini tamamlayan Duruzinin ancaq ikinci ildə inancının simvolu olan ağ sarıq taxmasına izn verilir və məzhəbin bütün gizli-gizəmli ayinlərinə qatılmağa haqq qazanır. Bəzən üqqalları "əcavid" də adlandırırlar.

Duruzilərin məscidlərinə Xəlavat adı verilir. Şəriət yolunu da, Şiə-Batıni inancını da rədd edirlər. Öz aralarında din işlərini bilənlər (üqqal-ağıllı) və bilməyənlər (cühhal-cahil) deyə ikiyə ayrılırlar. Öz inanclarına gerçək tövhid inancı, özlərinə də müvahhid deyirlər. Qurban və Ramazan bayramına bənzəyən iki bayramları vardır.

Duruzilərin müqəddəs simvolu beş guşəli bir ulduzdur. Bu ulduzun hər bir guşəsi ayrı rəngdə olub, beş hüdudu və onların mahiyyətlərini təmsil edir:

Yaşıl: Gerçəyin anlaşılması və qavranması üçün gərəkli olan “Ağıl” dır. Allahın iradəsini təmsil edir.

Qırmızı: “Nəfs”dir və varlığın sərhəd-sınırlarını bildirir. Ağla yardımçıdır.

Sarı: Gerçəyin ən yalın ifadəsi olan "Kəlimə" - “Söz”dür. İlk ikisinə yardımçı olmaqdadır.

Mavi: “əs-Sabiq”dir. İradənin düşüncə gücünü təmsil edir. Sözə yardımçı olmaq və onu hər cür pislikdən qoruyaraq, kainatı uyum və nizam içində tutmaq üzrə yaradılıb.

Ağ: “ət-Tali”dir. Mavinin gerçəkləşməsi və gücün maddələşməsidir.

Duruzlar: Hakimi Allah, vəziri peyğəmbər bilən təriqətçilər

Durizilərdə nikah. Müqəddəs mətnlərdə Duruzi qadınlarla kişilər qardaş qəbul edilir. Bir Duruzi kişinin Duruzi qadınla evlənməsi halında qadını özünə bərabər qəbul etməsi, bütün mallarını onunla paylaşması əmr edilir. Bu baxımdan Duruzilik qadın və kişinin bərabər olduğunu, hüquq acısından aralarında bir fərq olmadığını ortaya qoymağa çalışır. Nikah mövzusunda əsasən xristianlığın təsirində qalan duruzilərdə evlənmə yaşı qadınlarda on yeddi, kişilərdə on səkkiz olaraq qəbul edilib. Vacib və qəbuldən ibarət olan evlilikdə mehr haqqında söz kəsilməyibsə, qazı tərəfindən təsbit edilir. Birdən artıq qadınla evlənmək yasaq olunub, belə bir nikah batildir. Bir qadın və ya kişinin Duruzi toplumu xaricindən bir kimsə ilə evlənməsi qəti qadağandır. Mütə (siğə) nikahı və cariyə (kəniz) saxlamaq da yasaqlar arasındadır. Boşanma xoş qarşılanmamaqla bərabər mümkün olub bir dəfədə icra edilir. Boşanan qadın həmin kişi ilə təkrar evlənə bilməz. Duruzi toplumunda, qadının qısır olması (doğmaması) və ya oğlan uşaq doğmaması ən çox görünən boşanma səbəbləridir. Zina edənin evliliyi də sona çatmış sayılır. Duruzi dini hüququna görə qadının da ərini boşama haqqı vardır. Boşanma müamiləsində, boşanmaq istəyən tərəf qadınsa, ər-arvadın durumunu bilən kimsələr tərəfindən ərin qüsurlu olmadığı təsbit edildiyi təqdirdə kişi arvadına aid malın yarısını almağa haqq qazanır. Eyni qayda ərin boşamaq istəməsi halında da keçərlidir. Ər-arvad arasındakı hər cür mütləq ayrılışda qadının iddət (aybaşı) müddəti dörd aydır. İddət əsnasında bütün xərc evin kişisinə aiddir. Qadın, ərinin ölümündən sonra hüquqən və əxlaqən ən yaxın qohumu olan kişi tərəfindən himayə edilir. Əri ölən qadın təkrar evlənməmişsə uşaqları və mallarının idarəsi ona verilir. Livanda evliliklə ilgili məhkəmə işlərinə 25 may 1929-cu ildə qurulan məzhəb məhkəmələri baxır. Bu məhkəmələrin qərarları, iki “şeyxül-əql” və ya yüksək dərəcəli Duruzi qazılarından ibarət bir heyət tərəfindən təsdiqlənir.

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər