20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Hacı Mirzə İbrahim xan Kəlantər: vəzirliyi Asəfdən öyrənmiş şəxs
Tarix: 22-04-2021 10:29 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Hacı Mirzə İbrahim xan Kəlantər: vəzirliyi Asəfdən öyrənmiş şəxs

Qacarlar tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri də Hacı Mirzə İbrahim xan Kəlantərdir. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, şəxsi maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə bu şəxsin fəaliyyətinin ana xəttini təşkil edib.

Hacı Mirzə İbrahim xan 1745-ci ildə Şiraz şəhərində anadan olub. Kökü yəhudilərə bağlanır. Soyu Fars əyalətində Haşimiyyə adlanırdı. Bu soyun daşıyıcıları əsasən ticarətlə məşğul olurdular. O, Hacı Mirzə Məhəmmədhaşimin üçüncü oğludur. Hacı Mirzə Məhəmmədhaşim öncə Şirazın Balakaft məhəlləsinin kədxudası olub. Sonra onu şəhərin beş məhəlləsinə kədxudabaşı təyin ediblər. 1747-ci ildə maliyə nöqsanlarına görə gözünün biri Nadir şah Qırxlı-Avşar tərəfindən çıxarılıb.

Ana tərəfdən isə soy silsiləsi XIV əsrdə müzəffəri sülaləsinin vəziri olmuş Qəvaməddin Həsənə çatır. (Əbdülkərim Şərif Şirazi, Zeyl-e tarix-e gitigoşa, Tehran, n.d., s. 339, 342)

İbrahim ibtidai təhsilini atasından alıb. Sonra mədrəsədə oxuyub. Mədrəsəni bitirəndən sonra atasının yanında, şəhər idarəsi aparatında çalışıb. Bu Kərim xan Zəndin hakimiyyətinin illərinə (1750-1779) təsadüf edir. Şiraz şəhərinin Çaydari məhəlləsinin başçısı olub. Sonra şəhərin naqibi Mirzə Məhəmməd Kələntərə (?-1785) yaxınlaşıb. Bu yaxınlıq gənc İbrahimin dünyagörüşünə xeyli təsir edib. Fərahani ailəsinin nümayəndəsi Mirzə Hüseyn Vəfa ilə tanışlığı ona Səfəviyyə idarəsinin sirlərini öyrədib. (Mirzə Məḥəmməd Kəlantər, Ruz-namə, red. A. İqbal, Tehran, 1325 ş./1946, s. 91, 107-08.)

1779-cu ildə Kərim xanın vəfatından sonra varislərin daxili çəkişmələri, Ağaməhəmməd xan Qovanlı-Qacarın hakimiyyət uğrunda mübarizəsi Zənd hakimiyyətnin dirəyini laxlatdı. 1779-1794-cü illərdə Mirzə İbrahim Şiraz əyanlarını öz tərəfinə çəkib, zəndlərə qarşı müxalifət yaratmağa başladı. 1779-cu ildə Zəki xan Zəndlə açıq mübarizəyə başladılar. Zəki xan həmin ildə öldürüləndən sonra Sadıq xan Zəndin tərəfini tutdular. Sadıq xan 1782-ci ildə öldürüləndən sonra Əlimurad xan Şiraza daxil olub, burada möhkəmlənən Məhəmmədəli xana qalib gəldi. Şiraz əyanlarını öz tərəfinə çəkdi. Mirzə Məhəmməd Kəlantər və Mirzə İbrahimə göstəriş verdi ki, onu İsfahan səfərində müşaiyət etsinlər.

Mirzə İbrahim Əlimurad xanın hakimiyyəti illərində müqəddəs Məkkəyi-müəzzəmi ziyarət edib.

1785-ci ildə Əlimurad xan Zənd vəfat etdikdən sonra qardaşı Cəfər xan Zənd taxtına iddialı olur. Tarixçi Xosrov ibn Məhəmməd Bəni Ərdalan yazır:

"1201-ci (1786/1787-ci) ildə Ağaməhəmməd xan Astrabaddan çıxış etməyə başlayır, onun xoşbəxtlik ulduzu doğur. Cəfər xan Zənd özünü hökmran elan edib, İsfahanda taxta əyləşir və cəsarət bayrağını ucaldır. Ağaməhəmməd xanın gəlişini eşidib, güc-bəla ilə Farsa qaçır. Ağaməhəmməd xan az zaman ərzində bütün İraqi-Əcəmə yiyələnir. O, Həmədana gəlib, Xosrov xanla görüşmək istəyir. Xosrov xan öz öhdəliyini xatırlayıb, onun atası Məhəmmədhəsən xanın xeyrxahlığını və comərdliyini yadına salıb, hansı ki, yuxarıda qeyd edilmişdi, görüşmək qərarına gəldi". (Хусрав ибн Мухаммад Бани Ардалан. Хроника (История курдского княжеского дома Бани Ардалан) / Ответственный редактор Л. Т. Гюзальян. Издание текста, перевод с персидского, введение и примечания Е. И. Васильевой. — М.: «Наука», 1984. — С. 149-150.)

Mirzə Məhəmməd Kəlantər Ağaməhəmməd xana əsir düşüb. Mirzə Məḥəmməd Kəlantər, (Ruz-namə, s.91) Cəfər xan Hacı Mirzə İbrahimi Şirazın kələntəri təyin edir. Hacı Mirzə İbrahim bazar darğasını və şəhər lotularını ətrafına toplayıb, möhkəmlənməyə başlayır. Özünə döyüşçülər dəstəsi düzəldir. Bunun üçün Şiraz ətrafındakı Qaşqay elinə müraciət edir.

Bu dövrdən sonra tarixi ədəbiyyatda “Kəlantər” kimi tanınan Hacı Mirzə İbrahim siyasi gedişatın fəal oyunçularının birinə çevrilir. (Əli Xursənd, Zendegiye siyasiye Hacı İbrahım Kəlantər. s. 76.)

1786-cı ildə Ağaməhəmməd xan Qovanlı-Qacar özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır. 23 yanvar 1789-cu ildə, orada sui-qəsd qurbanı olur. Sui-qəsdin ilhamvericisi Seyid Murаd хаn idi. Seyid Murаd хаn 4 ay taxta əyləşə bildi. Cəfər xanın oğlu Lütfəli xan Zənd qoşunla Şiraza yaxınlaşıb, şəhəri mühasirəyə alır və Seyid Murаd хаn təslim olur. Lütfəli xan onu öldürüb, Şirazda taxta əyləşir. Hacı Mirzə İbrahimi də özünə vəzir təyin edir. (J. Malcolm, A History of Persia, 2 vols., London, 1829, p.178)

Fars hakimi Lütfəli xan Zənd Ağaməhəmməd şahın hakimiyyətini tanımayan yeganə qüvvə idi. Şah öz vəliəhdi Xanbaba Cahanbanini onunla vuruşmağa göndərdi və Xanbaba xan 1791-in yanvarında Semiromda Lütfəli xanın ordusunu tədbirlə darmadağın etdi, özünüsə qaçmağa məcbur etdi. Bu çox mühüm qələbə Şirazla birgə Fars əyalətinin mühüm hissəsini Qacarların nüfuzu altına keçirdi.

Şah partizan müharibəsi aparan Lütfəli xan Zəndlə birdəfəlik üzülüşmək üçün 1792-ci ilin yazında Farsa hücum edərək, Əbrəc çəmənində onu məğlub edib. Lütfəli xan bu dəfə də qaça bilib. Şah isə Şirazın hasarlarını uçurtdurub. Bu işdə ona ən çox yardım edən Hacı Mirzə İbrahim olub. O, öz döyüşçülərini qardaşı Məhəmmədhüseynin başçılığı altında qacarlara yardım üçün göndərib. Lütfəli xanın ordusunda olan digər iki qardaşını da üsyana sövq edib. Onlar Zənd döyüşçüləri arasında Lütfəli xana qarşı qiyam hazırlayıblar.

Tarixçilər Ağaməhəmməd şahla Lütfəli xan Zəndin Kirmandakı müharibəsinə daha çox diqqət yetirir, şahı gözdən salmaq üçün bu hadisədən geniş yararlanırlar.

Vəliəhd Xanbaba Cahanbanini Lütfəli xan Zəndlə savaşmaq üçün göndərdikdən sonra Ağaməhəmməd şahın özü də 17 mart 1794-də Tehrandan yola düşüb və Kirman şəhərinə çataraq onu hər tərəfdən mühasirəyə alıb. Dünya hərb tarixində ilk dəfə olaraq Ağaməhəmməd şah, əsgərlərinin qışın soyuğundan əziyyət çəkməməsindən ötrü Kirmanın ətrafında yaşayış evləri tikdirərək hərbi şəhərcik saldırıb. İngilis yazıçısı Robert Uotson sonralar yazırdı ki, Napoleon da Ağaməhəmməd şahın üsulundan yararlansaydı onun ordusu Rusiyanın soyuğunda məhv olmazdı.

Şahın əmriylə hazırlanmış gəzəri bürclər şəhər hasarına yaxınlaşdırılıb və bürcün içindəki qəhrəman Qacar tüfəngçiləri bürclə hasar arasına körpü qoyaraq şəhərə girməyə başladılar. Şah göstəriş verdi ki, Lütfəli xanı yalnız diri tutun, bu üzdən də onu heç kəs öldürmədi və Zənd xanı yenidən qaçıb aradan çıxmağı bacarıb.

Kirmanın fars əhalisi bütün mühasirə günlərində Ağaməhəmməd şahın ünvanına aramsız təhqirlər yağdırdığına, xüsusən onun xədimliyinə sataşdığına görə (bu cismani şikəstliyi şahın ən ağrılı yeri olduğu üçün o, bu təhqiri heç vaxt heç kimə bağışlamayıb) hökmdar şəhəri ələ keçirəndən sonra özünün şahlığı çağında ilk dəfə olaraq əhalinin malının qarət edilməsinə, can və namusunun təcavüzə uğradılmasına icazə verib, sonra şəhərin bütün kişilərinin gözünü çıxartdırıb.

Lütfəli xan Zəndi 1794-də Kirmanda ağır məğlubiyyətə uğradan Ağaməhəmməd şah, nəhayət, 8 illik çarpışmadan sonra onu ələ keçirib. Nadir şahın Hindistandan gətirdiyi, onun ölümündən sonra Kərim xan Zəndə qismət olmuş "İşıq dənizi" ("Dəryayi-nur") almazı və başqa cəvahiratlar Lütfəli xandan tapılıb. Bu Zənd xanını işgəncələrlə öldürdən Ağaməhəmməd şah zəndlərin ağalığına biryolluq son qoyub və imperatorluğun tək ağasına çevrilib. Tehrana qayıdan kimi qəhrəman vəliəhdi Xanbaba Cahanbanini bütün Fars əyalətinin (Kirman, Şiraz və Yəzd) hakimi təyin edib. (Ədalət Tahirzadə, Ağaməhəmməd şah Qacar, "Çıraq" nəşriyyatı, Bakı, 2005, səh. 21-24.)

Hacı Mirzə İbrahım xan və Lütfəli xan arasında qədimdən ixtilaf var idi. Bu ixtilaf Lütfəli xanın atası Cəfər xan Zənd öz qoşununun ləşkərnevisi olan Mirzə Mehdinin başını kəsdirdikdən sonra başlayıb. Cəfər xan öləndən sonra Mirzə Mehdi başı kəsilmiş cənazənin qulaqlarını intiqam üçün kəsib. Sonralar Lütfəli xan bir özəl tədbirdə sarayın bəzi başçılarına xələt verib. Mirzə Mehdi də bunlardan idi. Bu işə xanın anası çox əsəbləşib və Lütfəli xana etiraz edərək, deyib:

- Atanın qatillərin bağışladın heç, hələ onlara xələt da verdin. Bir ölünün cənazəsi ilə bu cür davranan adamı beləmi alqışlayarlar?

Ananın sözü balanın canına od vurub, onu çox təsirləndirib. O, öz işindən peşman olub. Mirzə Mehdini cəzalandırmaq qərarına gəlib. Elə buna görə öz narahatlığını bildirmədən onu çağıraraq, soruşub:

- Səncə bir nəfər öz vəlinemətinə xəyanət etsə, cəzası nədir?

Mirzə Mehdi deyib:

- Onu odda yandırmaq gərəkdir.

Lütfəli xan cavabında “o xain sənsən”,- deyib və onu yandırtdırıb. (Əli Xursənd, s.77)

Lütfəli xanın Mirzə Mehdi ilə bu növ davranışı Hacı İbrahım Kəlantər ilə onun arasında ixtilaf yaradıb. Nəhayət Hacı İbrahım onun süqutunu fikirləşib. Hacı İbrahımın gizli, son və əsas məqsədi hökuməti əldə etmədən olub. O, hər zaman bu yolda mane gördükdə səltənət müddəilər arasında döyüş olaraq güclu tərəfə meyillənib. Hacı İbrahimin Lütfəli xana qarşı zəifiliyi Ağaməhəmməd xana üz gətirmyə səbəb olub. Bu işin müqəddəməsi Kazerunlu Hacı Əliqulu xanı Zəncanda Ağaməhəmməd xanın hərbi düşərgəsinə göndərməklə və Zəndlər səltənətinin 3000 atını ona töhfə verməklə başlayıb. Bu nümayəndə Hacı İbrahım Kəlantərin məktubu ilə yanaşı xanın düşərgəsinə gedib. Bu məktubun bir hissəsində belə yazılmışdı: “Fars əyalətinin bütün başçıları və regionların kədxudaları birlikdə şahın əmrinə ümidvardılar. Nəin ki şaha göz tikiblər, bəlkə sizi də himayə etməni və sizinlə müxalifət etməməni öhdələrinə alıblar. Fars əhalisinin üsyanı və onların Lütfəli xanla döyüşmələri də sizin şahlığızda himayə etmək üçün idi. Bizim sizin yardımınıza ehtiyacımız var. Sizdən xahiş edirik, Fars əyalətin alandan sonra əhalini başqa yerlərə köçürtməyin. Fars əhalisi vaxtında və həmişə vergiləri ödəməyə söz veriblər... Sizdən xahiş edirik, kifayət qədər qoşun bir nəfər sərkərdə başçılığı ilə Lütfəli xanı məğlub etmək üçün bizə yardımçı göndərin...” (Yenə orda)

Şiraz hakimi Hacı İbrahim xan Kəlantər Ağaməhəmməd xanı Şiraza dəvət еdəndə xan qardaşı Mustafaqulu xanı оra göndərib.

Ağaməhəmməd xan Hacı İbrahim xan Kəlantərin köməyilə Şirazı tutub və Zənd sülaləsinə qələbə çalıb. Əksər cənub məntəqələrində öz hakimiyyətini möhkəmləndirib, qardaşı оğlu Fətəli xanı cənub vilayətlərinin hakimi təyin еdib. О, paytaxtı Qacar mülkünün yaxınlığında adı məlum оlmayan bir qəsəbəyə -Tehrana köçürüb və sоnra şimali-şərq ailayətlərini tutmaq üçün qоşun göndərib.

Ağaməhəmməd xan Hacı İbrahım Kəlantərin istəyini araşdırıb və onu qəbul edib. O, təcili şəkildə Hacı İbrahım Kəlantəri Fars əyalətinə hakim (bəylərbəyi) təyin edib və ona xan ləqəbi verib. İsfahanda olan öz vəliəhdi Baba xana əmr edib ki, 4000 qoşun Müstafa xan Dəvəlinin sərkərdəliyi ilə Fars əyalətinə göndərsin. Zənd sərkərdəsinin müxaliflərinin artması onun Şiraza nüfuz etməsinə mane olub. Nəhayət Ağaməhəmməd xanla Hacı İbrahım Kəlantərin birlikdə səyləri Lütfəli xanın məğlubiyyəti ilə nəticələnib və Zənd sərkərdəsi Kirmana qaçıb. Ağaməhəmməd xan da Şirazı fəth edib.

Hacı İbrahım xan öz işlərilə Ağaməhəmməd xanı özünə inandıra bilib. Şah da qardaşı oğlu Baba xanı Fars hakimi təyin edərək, Hacı Mirzə İbrahimə Etimadüddövlə ləqəbi verərək onu ilk dəfə Baba xana vəzir və bir az sonra özünə vəzir təyin edib. Halbuki, o, heç zaman batində Hacıya inanmayıb. Ona görə ki, Hacının keçmiş hərəkəti bunu göstərirdi ki, o qüdrətə nail olmaq üçün fürsət gəzərək hər halda şəraiti uyğun görərsə, heç nəyə inanmır. Araşdırmalar bunu göstərir ki, Ağaməhəmməd xan Hacıya görə bu inamı özündən sonrakı şaha da bildirib. General Ser Persi Sayks bu barədə belə yazır:

“Ağaməhəmməd xan öz davamçısına belə xatırladır kı, Hacı İbrahimin çox gücü var. Onun diri qalmağı səlah deyil.” (Tarixe İran. Ser Persi Sayks, s. 463. Be nəql əz s. 13, Sədrəzəmhaye Qacariyye, Pərvize Əfşari.)

Ağaməhəmməd xan taxta əyləşdikdən sonra Hacı İbrahim xan Kələntəri özünə sədr-əzəm təyin edib. 1797-ci ildə Qacar şahı Qarabağda öldürüləndən sonra Fətəli şahın baş vəziri olub.

Abbas Ramazani yazır: “Ağaməhəmməd xan öldürüləndən sonra Xanbaba Cahanbani ya Fətəli şahın səltənətinə çalışan şəxslərdən bir Hacı İbrahim Kəlantəri (Etimadüddövlə) idi. O, təzə şaha önəmli xidmətlər etdiyinə görə sədr seçilib və Fətəli şahın ilk sədri kimi işə başladı. O, təxminən 15 il Zəndlər və Qacarlar sülaləsi hakimiyyətində böyük məsuliyyətlər daşıyırdı. Eləcə bu məqamlarda özünün çox yaxın qohumlarına böyük məqamlar verdi. Onun bu əməli şahı şübhələndirdi. Bir sıra saray adamları isə onun güc və nüfuzunun çoxalmasını sarayın və şahın əleyhinə olmasını vurğulayaraq şahın yanında ona qarşı qeybətlərə başladılar. Nəticədə şah onu və qohumlarını işdən azad edərək bir sıra adamlarının ölümünə hökm verərək, bir sıranı kor edərək, onun da gözlərini çıxartdırıb və Qəzvinə sürgün etdi”. (Abbas Ramazani, Fətəli şah Qacar, Bakı, "Mütərcim", 2015, -156 səh. S.19)

Hacı Mirzə İbrahim xan Kəlantərdən tez-tez Fətəli şaha məlumat çatdırırdılar. Hüseynqulu xan Qacar, Mirzə Məhəmmədşəfi Mazandarani və Mirzə Rzaqulu Nəvai onun deyiciləri idilər. (Mehdi Bamdad, Şərhe hale recale İran. I cild, s. 27.)

Məhəmmədhəsən xan Etimadəssəltənə “Ṣədr əl-təvarix” əsərində yazır: “Bu zamanlar Hüseynəli mirzəni Fars əyalətinə vali təyin etdilər. Əyalətin adı onun, ancaq qayda-qanunu isə sədr-əzəm Hacı Mirzə İbrahim xanın böyük oğlu, Şirazın kəlantəri Mirzə Məhəmməd xanın idi. Buna görə arifdən, qanmazdan, qanandan, yerlidən və yersizdən, yaxından və uzaqdan şikayətlər gəldi. Arxada və aşkarda zümzümə etdilər, ürəkdə dedilər, bölgədəki nizamsızlığı, abidlərin üsyanını meydana çıxardılar. Mazandaranlı kafirlər və tərəfdarların hamısı cənab Mirzə Məhəmmədşəfiyə sədaqət göstərib, ona qoşuldular... Ətrafdan, kənardan Hacı İbrahim xan Etimadüddövlənin işi barədə şayiələr yayılmağa başladı... Bir neçəsi həzrət xaqana yazdılar ki, Hacı İbrahim xan camaatla əhd-peyman bağlayıb, cinayət və qəsd etmək niyyətindədir”. (Məhəmmədhəsən xan Etimadəssəltənə, Ṣədr əl-təvarix, red. M. Müşiri, Tehran, 1349/1970, s. 31.)

1801-ci ildə Hacı Mirzə İbrahim xan Kəlantəri saraya çağırıb, qətl etdilər. Onu taxt-taca qarşı xəyanətdə suçlayırdılar. Onunla bərabər üç qardaşını da öldürdülər. Əbdürrəhim baş vəzirin yardımçısı, kor olmuş Məhəmmədzaman xan Şirazın kəlantəri, Məhəmmədhəsən xan Kuhgiluyənin hakimi idi. Oğlanlarından biri Məhəmməd xanı da öldürdülər. Digər oğlu, Borucerd hakimi olan Əsədullah xanı kor etdilər. (Məhəmmədhəsən xan Etimadəssəltənə, Ṣədr əl-təvarix, s. 32-33.)

Hacı Mirzə İbrahim xanın törəmələri Qəvam soyadını daşıyırlar.

Hacı Mirzə İbrahim xanın Məhəmməd xan, Əsədulla xan, Əlirza xan, Ələkbər xan, Fətulla xan adlı oğlanları vardı.

Hacı Mirzə İbrahim xan Kəlantərin şəxsiyyəti, irsi tam öyrənilməyən bir salnamədir. İlkin cəhd kimi bəzi detalları aydınlaşdırdıq.

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər