Xəlil Fəhimi: köhnə qurdun hekayəti
Tarix: 28-07-2020 00:40 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Xəlil Fəhimi: köhnə qurdun hekayəti

Cəmiyyətdə yaşayış tərzi formalaşır. Adət-ənənələr öz təsdiqini cəmiyyətdə tapır. Cəmiyyətdə qaydalar, məişət qaydaları formalaşır. Məişət qaydaları cəmiyyətin sosial tərzini müəyyən edir. Cəmiyyət qaydaları həm də hüquq normaları ilə formalaşır. Cəmiyyətdə əxlaq qaydaları da mövcud olur. Bu əxlaq qaydaları cəmiyyət hüququnun əsaslarını meydana gətirir. Cəmiyyət hüququ öz mənbəyini həm əxlaq, həm də hüquq qaydalarından götürür. Bu baxımdan cəmiyyət adətlə, rasional hüquqla yaranan bir strukturdur, qurumdur.

Cəmiyyət öz qurumlarında insanların şəxsiyyət kimi yetişməsini təmin edir. Şəxsiyyətlər cəmiyyətlərə təsirlər edirlər və insanların fikirlərini dəyişə bilirlər. İnsanları öz arxasınca aparmaq qabiliyyətinə və enerjiyə malik olurlar.

Şəxsiyyət cəmiyyətdə, onun institutlarında, sityasət mərkəzlərində yetişir. Cəmiyyətdə yetişib, zəmanəsinə xas olan şəxsiyyətlərdən biri də Xəlil Fəhimidir.

Xəlil xan Mirzə Mahmud xan oğlu 1876-ci ildə Tehran şəhərində doğulmuşdu. Fəhimülmülk ləqəbini daşıyırdı. O, Kirman vəziri Mirzə İsmayıl xanın nəvəsidir.

Xəlil xan Fəhimi Tehran Darülfününün tibb fakültəsini bitirmişdi. Doktor dərəcəsi almışdı. Həkimlik, humanizm onun xislətinə yad idi.

Xəlil xan Fəhimi 1900-cü ildə Xarici İşlər vəzarətində işə daxil olmuşdu. Mütərcim kimi çalışmışdı. Sonra Darültərcümədə fəaliyyət göstərmişdi.

Xəlil xan Fəhimi 1919-cu ildə Daxili İşlər vəzarətində xidmət etmişdi. Sonra Qəzvin şəhər hakiminin müavini olmuşdu. Burdan İran Milli Məclisinə nümayəndə seçilmişdi.

Xəlil xan Fəhimi 1926-cı ildən rəsmi xan ünvanından imtina etmiş, Xəlil Fəhimi kimi tanınmışdı. Həmin çağdan yenidən Xarici İşlər vəzarətinə dönmüşdü.

Xəlil xan Fəhimi İranın Böyük Britaniyada səlahiyyətli səfiri olmuşdu.

Xəlil xan Fəhimi İranın Türkiyədə səlahiyyətli nümayəndəsi olmuşdu. 1935-ci ildə Mustafa Kamal Atatürklə görüşmüşdü.

Xəlil Fəhimi 1939-cu ilədək İranın Ankarada səfiri vəzifəsində çalışmışdı.

Yеni hökumətin ilk addımı sеntyabr ayının 21-də, 1941-ci ildə köhnə aristokrat ailəsindən olan, vaxtilə bir sıra nazir postlarında çalışmış, Ankarada səfir işləmiş Fəhimini (Fəhimülmülkü) Azərbaycana vali təyin еtmək oldu. Bu təyinat еlan olunan gün - sеntyabrın 21-də Əziz Əliyеv artıq Təbrizdə, onun başçılıq еtdiyi qrup Günеy Azərbaycanda işə başlamışdı.

Günеy Azərbaycanda normal həyatın yaradılmasında İran hakimiyyət orqanlarının maraqlı olmadığına diqqəti cəlb еdən Ə. Əliyеv yazırdı:

"Təbriz valisi Fəhimi özü qarışıqlıq salanları himayə еdir. O, yaxşı bilir ki, bir çox sənayе obyеktləri işləmir, iri tacirlər Tеhrana və ingilis işğal zonasına gеdirlər. Bеlə vəziyyətdə vali hеç bir iş görmür və bizim iqtisadi-təsərrüfat həyatını normallaşdırmaqla bağlı bütün tələblərimizdən yayınır. Lakin son vaxtlar mən bildirdim ki, onun fəaliyyətsizliyi barədə bizim səfir vasitəsilə Tеhran hökumətinə məlumat çatdıraçağam. Yalnız bundan sonra o, bir qədər fəallaşdı”.

1942-ci ildə Sovet İttifaqının İrandakı nümayəndəsinin təkidli tələbi ilə Güney Azərbaycandan geri çağrılmışdı.

Xəlil Fəhimi İranın Daxili işlər naziri olmuşdu. Azərbaycan Milli Hökuməti yarandıqdan sonra yalnız dekabr ayında Baş nazir Mirzə İbrahim xan Həkimi Məclisdə iki dəfə, Daxili işlər naziri Xəlil Fəhimi bir dəfə, Maliyyə naziri Əbdülhüseyn Həjir üç dəfə, Hərbi nazir Əli Riyazi iki dəfə hesabat vermişdirlər. Bunların içərisindən Baş nazirin dekabrın 18-də İran Məcisindəki geniş çıxışı daha səciyyəvidir. O qeyd edirdi ki, bir müddət əvvəl Azərbaycanda az bir qrup adam tərəfindən müxtəlif xoşagəlməz söhbətlər başlanmışdır. Onların tələbləri ölkənin əsas qanunu ilə ziddiyyət təşkil etdiyindən hökumət belə tələblərlə hesablaşa bilməzdi. Biz əvvəlcə dinc yolla, danışıqlar yolu ilə bu adamları çəkindirmək istəyirdik. Hesab edirdik ki, bir iranlı olaraq bu adamlar ölkənin mənafeyini, təhlükəsizliyini yüksək tutub düşünülməmiş addımlardan əl çəkəcəklər. Təəssüf ki, bu adamlar öz ziyanlı əməllərindən imtina etmədilər və Təbrizə yeni vali göndəriləndə də ölkənin bütövlüyünə qarşı yönəlmiş planlarını həyata keçirməkdə davam etdilər. Az əvvəl isə bir qrup şəxs özünü nazir kimi təqdim edərək dövlət idarələrini ələ keçirdilər. İndi Tehrana qayıdan valinin hökumətə təqdim etdiyi məruzədən aydın olur ki, bu adamlar öz hökumətlərinə rəsmi xarakter verməyə çalışırlar. Hökumətin tədbirlər planına toxunan Həkimi qeyd etdi ki, 3 və 4-cü ostanlarda vəziyyətə nəzarət etmək, arzuolunmaz qüvvələrin xoşagəlməz cəhdlərinin qarşısını almaq və qayda- qanunu möhkəmləndirmək məqsədilə bu ostanlara mərkəzdən əlavə kömək göndərildi. Lakin sizə məlum olduğu kimi, gözlənildiyinin əksinə olaraq dost və qonşu sayılan ölkə bu məsələdə bizə mane oldu. Nəticədə Tehrandan göndərilən ordu bir müddət Şərifabadda dayandı və bir az əvvəl geri qayıtdı. Bu vilayətlərdə olan kiçik qüvvələr də istədiyi kimi hərəkət edə bilmədilər. Dövlət məmurları və hüquq-mühafizə qüvvələri qiyamçı və təcavüzkar ünsürlərlə üz-üzə dayandığı vaxt nə mərkəzdən kömək ala bildilər, nə də azad fəaliyyət imkanına malik oldular. Digər tərəfdən, qiyamçılar silah və hər cür yardım alırdılar. Onların içərisindəki naməlum adamların sayı getdikcə çoxalırdı. Baxmayaraq ki, onlar az idilər və Azərbaycan əhalisi onlarla həmrəy deyildi, yaratdıqları qorxu və vahimə əsasında onlar öz xəyanətlərini və yolverilməz planlarını həyata keçirib yerli məclis çağırdılar və hökumət təşkil etdilər.

Xəlil Fəhimi: köhnə qurdun hekayəti

Noyabrın 21-də “Röytеr” agеntliyi məlumat yaydı ki, Е. Bеvin İngiltərə parlamеntinin icma palatasında çıxış еdib və Britaniyanın öz qoşunlarını tədricən İrandan çıxaracağını bildirib. Еyni zamanda Bеvin Azərbaycandakı hadisələrlə bağlı dеputatların suallarına cavab olaraq qеyd еtdi ki, muxtariyyət almağa can atan bir siyasi qrup İranın şimalında fəaliyyətə başlamışdır. Bu qrup İran hökumətinə qarşı silahlı çıxışa əl atmışdır. Lakin bu rayonda Sovеt ordusu olduğundan İran hökuməti bu işi yatırmaqda çətinliklərlə qarşılaşmışdır. Noyabrın 24-də Xarici işlər nazirinin müavini Hümayun, noyabrın 25-də Daxili işlər naziri Fəhimi məclisdə Azərbaycandakı hadisələrlə bağlı çıxış еtdi.

Xəlil Fəhimi 1945-ci ildə yenidən Güney Azərbaycana ostandar təyin olunmuşdu. Araqaşdırmaqla məşğul olmuşdu.

Seyid Cəfər Pişəvəri yazırdı: “Fəhiminin bu təşkilatı pozması İran mürtəcelərinin ən çox işlətdiyi klassik tədbir ilə əncam tapdı. Uzun müddət dəstəbazlıq, firqəçilik və intriqa ilə ömür sürən bu köhnə qurd sabiqdən polis idarəsi ilə mərbut olub, qolçomaqlıq və oğurluqla məruf (məşhur) olan lotulardan məşhur Quliyevləri və qeyrilərini bu təşkilatın içərisinə daxil edib, onların vasitəsilə xalqı təhdid etmək, ev soymaq, adam öldürmək, pul almaq kimi işlərlə təşkilatı bədnam etdikdən sonra, həmin bəhanə ilə İsrafil Qadiri və Səlim Hacızadəni toqif (tutub) edib, təşkilatı tamamilə pozub ortadan çıxartdı”.

Seyid Cəfər Pişəvəri sonra yazırdı:

“Fəhimi mahir bir diplomat, amma bir mürtəce olduğuna baxmayaraq öz məqam və şəxsiyyətinə artıq dərəcə əlaqəmənd özünü tapıb fəhlə təşkilatının başına gətirdiyi satqın bir adam mütəkkəbbir və ədəbsiz bir şəxsin hərəkətinə təhəmmül edən deyildi. O, bir neçə dəfə işarə və kinayə ilə hərifi (tərəfi) başa salmaq istəyirsə, Xəlil özünün arxasında böyük qüdrət hiss etdiyinə görə onun işlərinə məşğərə ilə cavab verdi. İş bu yerə gəldikdə Fəhiminin təklifi bəlli idi. O özünün tikdiyi binanı dağıtmağı da bacarırdı.

Xəlilin qabaq hərəkətlərindən əlavə ittihadiyyələrin güclənmələri və bütün fəhlə sinfinin onların ətrafında toplanması da Fəhiminin xoşuna gələn işlərdən deyildi. O öz əli ilə öz başına bəla açdığını tez bir zamanda hiss etməyə başladı. Geridəki xətərdən qurtarmaq, onun üçün çox da çətin iş ola bilməzdi. Çünki o, özünün tamam ömrünü fitnə və fəsad və tiryəklə keçirmiş köhnə cavanlardan idi. Təbrizin bugünkü mühüti isə hər macəraya müsaid idi”.

Xəlil Fəhimi 1948-ci ildə yenidən İranın Daxili işlər naziri olmuşdu.

Xəlil Fəhimi 1953-cü ildə Tehran şəhərində vəfat edib.

Şəxsiyyətlər siyasətin hər sahəsində yüksələn xətlə inkişafına təsirlər edirlər. Təkan və əyləc isə özlərinə, yürütdükləri siyasətə qalıb.



Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər